Ölkə 12:57 18.10.2013

BŞİH: Milli Şuranın mitinq müraciəti daxil olmayıb

"Demokratik Qüvvələrin Milli Şurasından müraciət daxil olsaydı, qaydaya uyğun olaraq, həmin sənədə rəsmi qaydada, qanunvericilikdə nəzərdə tutulduğu kimi baxıb, cavablandırardıq. Bu sənədi gizlətməkdə heç bir məntiq və məna yoxdur”.

Bunu APA-ya açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov deyib.

Z. Ramazanov bildirib ki, Demokratik Qüvvələrin Milli Şurası adından bu günə qədər BŞİH-yə göndərilən bütün sənədlər icra hakimiyyətinə daxil olaraq, rəsmi qeydiyyatdan keçirilib və bu haqda həmin sənədi təqdim edən şəxslərə müvafiq qəbz verilib: "Onların nümayiş etdirdikləri həmin qəbzdə isə daxil olan sənədin qeydiyyat nömrəsi əksini tapıb. Bu saata qədər Bakı Şəhər İcra Hakimiyyətinə belə bir sənəd daxil olmayıb”.

Qeyd edək ki, Milli Şura oktyabrın 20-də paytaxtda mitinq keçirməklə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə poçt vasitəsilə oktyabrın 14-də müraciət göndərdiyini açıqlayıb.

Qaynar.info