Siyasət 18:05 27.05.2013

“Bu, ayrı-ayrı deputatların yanaşmasıdır” (MÜNASİBƏT)

Elman Abdullayev: “Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməklə özlərinin, həqiqətən də, erməni icmasının əlində oyuncağa çevrildiyini göstərir”

“Millət vəkilləri hansısa bir diasporanın icmanın, qurumun əlində siyasi alətə çevrilməməlidir. Fransa həmsədr ölkədir. Həmsədr ölkənin deputatları Ermənistan-Azərbaycan münaqişəsinin həllinə çox məsuliyyətlə yanaşmalıdırlar”.

Bunu Qaynar.info-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Fransa parlamentinin bir qrup üzvünün Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ regionuna qanunsuz səfər etməsinə münasibət bildirərkən deyib. 

Onun sözlərinə görə, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər birmənalı şəkildə iki ölkə arasındakı münaqişənin həllinə mənfi təsir göstərir: “Təbii ki, bu, Azərbaycan cəmiyyətində həmin millət vəkillərinə və onların təmsil etdiyi quruma etimadın azalmasına gətirib çıxarır. Biz dəfələrlə Fransa Parlamentinin, Senatının, Nümayəndələr Palatasının yüksək səviyyəli bəyanatlarını eşitmişik. Hər zaman onların bəyanatları açıq şəkildə səsləndirilir. Çünki həmin qurumlar ayrı-ayrı deputatların mövqeyini əks etdirmir. Onların mövqeyi Azərbaycanın ərazi bütövlüyünə  və suverenliyinə hörmət əsasında dayanıb. Bu, ayrı-ayrı deputatların yanaşmasıdır. Amma həmin deputatların da yanaşması gərək bir alət, oyuncaq kimi görünməsin. Çünki bunlar Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməklə özlərinin həqiqətəndə erməni icmasının əlində oyuncağa çevrildiyini göstərir. Təbii ki, deputatların bu cür addımı birmənalı şəkildə onların qərəzliliyini sübut edir”.

E.Abdullayev məsələ ilə bağlı Azərbaycan tərəfindən atılan addımlarla bağlı mətbuata geniş məlumat veriləcək.

Qeyd edək ki, Fransa parlamentinin bir qrup üzvü Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ regionuna qanunsuz səfər edib. Qondarma rejimin “xarici işlər naziri” Karen Mirzoyan Fransa-Ermənistan parlamentlərarası dostluq qrupunun sədri Fransua Roşblan və fransız senatorlar Anri de Renkura və Bernar Sojeni qəbul edib.

İlkin
Qaynar.info