Foto 16:55 11.02.2018

Bu eynək cinayətkarları müəyyənləşdirir (FOTOLAR)

Çində polislər 16 fevral tarixində keçirilən Çin Yeni İli ərəfəsində sifəti tanıyan xüsusi gün eynəyindən istifadə edir.

Qaynarinfo The Verge-ə istinadən xəbər verir ki, Yeni İl festivalı Çində, həmçinin bütün dünyada turist axınının ən çox yaşandığı dövr hesab edilir. Eynəklər ölkənin böyük şəhərlərindən olan "Zhengzhou"nun qatar stansiyalarında sınaqdan keçirilir. Artıq eynək vasitəsilə 6 şübhəli şəxs, saxta şəxsiyyətdən istifadə edən 26 nəfər müəyyənləşdirilib. 

Eynəklər Pekinin "LLVision Technology" şirkəti tərəfindən istifadəyə verilib. Şirkətin rəhbəri Vu Fei bildirir ki, onlar polislərlə birgə işləyərək prosesdəki ehtiyaclarını müəyyənləşdirirlər. Fei nəzarət-müşahidə kameralarının sifəti bulanıq göstərdiyini, şübhəli, cinayətkarı müəyyənləşdirən zaman artıq onların ərazini tərk etdiyini deyir. Lakin eynəklər vasitəsilə sürətli və dəqiq informasiya almaq, hədəf şəxsə dərhal müdaxilə etmək mümkündür. Eynəklər mobil vasitəyə birləşmiş şəkildədir və lazımi informasiya bu ekrana gəlir. Texnologiya 3999 Yuana, yəni 636 dollara satılır. Bu vasitə 100 millisaniyə ərzində 10 min şübhəlinin informasiyasını araşdıra bilir. 

Lakin bu eynəklərdən istifadə şəxsi məlumatların təhlükəsizliyi məsələsini gündəmə gətirir. Bildirilir ki, hökümət bununla əlavə güc əldə etmiş olur və insanların azadlığını məhdudlaşdıraraq onlara asanlıqla nəzarət edə bilir.

Gün eynəyi Çinin texnoloji inkişafının son vəziyyətini görməyə imkan verir. Son illərdə ölkədə izləmə texnologiyası xüsusilə inkişaf edib. Şəxsləri tanımaq üçün süni intellektlər yaradılıb. 2020-ci ilə qədər Çində 600 milyon nəzarət-müşahidə kamerası yerləşdirilmiş olacaq. Hətta gələcəkdə insanları yerişindən tanıya biləcək texnikadan istifadə ediləcək. 

Gülşən