Sənət 16:20 30.05.2014

Bu festival Bakıda ilk dəfə keçiriləcək - MÜSAHİBƏ

Əl işləri festivalının təşkilatçısı Könül Allahverdiyevanın müsahibəsi

- Könül xanım, əl işlərindən ibarət Festivalın keçirilməsi ideyası hardan yarandı?

- Bir müddət əvvəl Mərdakanda keçirilən kinoloq sərgisində biz öz işlərimizi nümayiş etdirirdik. Birdən mənim ağlıma gəldi ki, öz əl işlərimizdən ibarət sərgi keçirə bilərik, ancaq bu festival olmalı, özü də çox əlverişli bir yerdə keçirilməlidir. Elə bu anda da rəfiqəm Təranə Cəfərova şəhərin mərkəzində, 28 may küçəsində yerləşən "Kapelhaus"u təklif etdi. "Kapelhaus" Almaniya-Azərbaycan dostluq evidir, burada sərgilər, konsertlər və xeyriyyə aksiyaları keçirilir. Biz direktorla danışdıq və o, burada bizim festivalımızın keçirilməsinə razılıq verdi. 

- Belə tədbirlərin keçirilməsində məqsəd nədir? Və niyə məhz festival?

- Artıq uzun illərdir ki, muncuq işləriylə məşğul oluram, Azərbaycanda keçirilən bir çox sərgilərdə iştirak etmişəm. Bəzən bu sərgilər ildə 8-12 dəfə keçirilir. Elə sərgilər var pulludur, elələri də var ki, pulsuz. Bir çox pullu sərgilərdə öz gözlərimlə şahid oldum ki, insanlar müxtəlif peşə sahiblərinin hazırladığı əl işlərinə biganə yanaşırlar. Ona görə də onların satışı çox aşağı səviyyədə olur. Bakı sakinləri bizim əl işlərimizi almaqda həvəsli deyillər, səbəblərdən biri də dekorativ-tətbiqi incəsənətlə məşğul olan insanlar barədə informasiyanın olmamasıdır.

Bizim işlərimizlə tanış olanların bəziləri düşünür ki, bu baha qiymətə satılan hansısa çin malıdır. Bəziləri də düşünür ki, əgər bu işlər əllə hazırlanıbsa, deməli keyfiyyətsizdir. Üçüncülər isə fikirləşir ki, bizim işlərimiz çox bahadır. Ancaq bu da həqiqətdir ki, əgər, məsələn, təsvir "batik" üslubunda hazırlanıbsa, bu baha olmalıdır, əks təqdirdə, bunu siz edin, görün edə bilərsizinizmi?

Nəyə görə festival? Bu məsələyə qaldıqda isə, biz burada öz yaradıcılığımızı, böyük məhəbbətlə öz əllərimizlə hazırladığımız işlərimizi sərgiləyirik. Biz hər kəsə göstərmək istəyirik ki, bu işi görə bilirik, həm də gözəl, keyfiyyətli və zövqlə. Düzdür, kimsə bizim işlərimizi almaq istəsə, ancaq şad olarıq, ancaq bizim üçün vacib olan şey təkcə onların satılması deyil. Festival bunun üçün yox, Azərbaycanda dekorativ-tətbiqi incəsənətin inkişafı, populyarlaşması və propaqandası üçün təşkil olunur.

- Tədbirin təşkilatçısı kimdir? Və mümkünsə özünü barədə danışardız.

- Festivalın təşkilatçısı mənəm. Və təbii ki, bu tədbirin təşkilində Təranə xanım mənə çox kömək edib və edir.

Uşaqlıqda mən Sumqayıtda riyaziyyat təmayüllü məktəbdə oxumuşam. Mənim həmişə simdən nəsə hörmək xoşuma gəlirdi, həmçinin iplə nəsə tikməyi də öyrənmək istəyirdim. Ancaq mənim anam da bu məktəbdə dərs deyirdi, ona görə də vaxtımın böyük hissəsini öz hobbilərimə deyil, dərslərimə həsr etməli olurdum. Sonra Bakı Dövlət Universitetinin axşam növbəsində tətbiqi riyaziyyat ixtisasını oxumağa başladım, burada da tikiş kurslarına yazıldım. Qrafikim çox gərgin idi - səhərlər AZİ-də laborant kimi çalışır, axşamlar BDU-ya dərsə gedir, arada da vaxt edib tikiş tikməyi öyrənirdim.

Çətin 90-cı illərdə tikiş tikmə bacarığımın mənə çox köməyi dəydi, çörəkpulu qazanmaq üçün qonşulara və sifarişlə paltar tikirdim. Anam mənim üçün paltartikən maşın almışdı və mən uşaq paltarları tikməkdə ustalaşmışdım. Hətta xalçatoxuma kurslarına da gedirdim və bunun öhdəsindən heç də pis gəlmirdim.

2002-ci ildən isə mən uzun müddətdir ki, ciddi şəkildə muncuq işiylə məşğulam. İnternetdən uzun müddətdir ki, istifadə edə bilirəm və burada bu peşənin texnikasını öyrənmişəm. Mən təkcə muncuqlar, sırğalar, təbii daşlar toplamıram, həm də dəri üzərində bədii tikişlə məşğul oluram. Ya broşka, ya qolbağı, ya da boyunbağı hazırlamaq üçün xüsusi dəri sifariş edirəm və işləməyə başlayıram. Mən yalnız Çindən və Hindistandan gələn təbii daşlarla işləyirəm, muncuqlar isə Amerikadan və Çexiyadan gətirilir. Gözəl bəzək əşyası ortaya çıxarmaq üçün xüsusi instrumentlər, yapışqan, sap və furnitura lazım olur.

- Könül xanım, yarmarkanın festivaldan fərqi nədir?

- Bakıda ildə iki dəfə böyük tədbir keçirilir - "Krismas" bazar və Novruz tədbirləri, üstəlik xeyriyyə bazarları da keçirilir. Onların əksəriyyətində dəqiq tematika olmur. Biz isə məhz bu mövzuda festival keçirmək istəyirdik. Axı sənə deyəndə ki, gələn dəfəki mövzu "Hindistan"a "Dəniz"ə, "Misir"ə, yaxud "Paris"ə həsr olunacaq, bu daha maraqlı olur. Sən Paris barədə təzə nə deyə bilərsən deyə düşünməyə başlayırsan. Bu çox maraqlı və sehrli prosesdi.

- İştirakçıların seçimi necə baş tutur?

- Kişilər və qadınlar bizə müraciət edib öz işlərinin şəkillərini göndərirlər, biz onlara qeydiyyat nömrəsi veririk və festivalın iştirakçıları siyahısına əlavə edirik. Öz işinin şəklini, vaxtını göndərən istənilən kimsə tədbirin iştirakçısı ola bilər. Bizdə heç bir məhdudiyyət yoxdur. Bu hər kəsə xoşdu.

- Tədbirlərdə nə qədər adam iştirak edir?

-  Bizə 20 masa ayrılıb. Hər masada iki nəfər olur, demək, ümumi 40 nəfər olur. Əgər "Kapelhaus"un direktoru bizə bir neçə masa da ayırsa, iştirakçıların sayı 44-ə çatır.

Festivalın iştirakçılarını 3 qrupa bölmək olar.

Birincilər, təzəlikcə əl işləri ilə məşğul olmağa başlayan gənclərdi, dekabrda onların ilk sərgisi keçirildi. İkincilər, ustalardı, onlarla (məsələn, Bədir Əliyev)  və onların işləriylə mən çoxdan tanışam. Üçüncülər isə,  "RWYC - Refugee women and young centre"dən olan qaçqınlardı (Əfqanıstdandan və Çeçenistandan olan qadınlar).

Bizim ustalarımız arasındakı yaş həddi 18-83 arasında dəyişir, 83 yaşlı Zərifə Abdullayeva bizim festivalda iştirak etmək üçün müraciət edib, o ipəkdən olan əl işini təqdim edəcək.

- Əl işləri ustaları öz hobbilərindən başqa nə işlə məşğuldurlar?

- Bizim festivalda tələbələr, evdar qadınlar, biznesmenlər, mühasiblər, müəllimlər, dizaynerlər, menecerlər iştirak edir.

- Bəs reklam, diplom xərcləri necə ödənilir?


- Bizim ustalarımız festivalın reklamını, bannerini, 3 dildəki afişasını, diplomaların pulunu çıxarmaq üçün öz aralarında vəsait toplayıblar.

- Bəs reklamı necə yayırsız?


- Biz supermarket satıcılarına, otel işçilərinə bizim dəvətnamələrimizi alıcılara və müştərilərə verməyi xahiş edirik. ANN.Az portalı bizim reklamımızı öz səhifəsində yerləşdirib. Buna görə də saytı rəhbəriliyinə təşəkkür edirik, dəstəyə görə Qaynar.info-ya, "Facebook"da "Ustaların yarmarkası" səhifəsində bizim reklamımızı yerləşdirdiyinə görə Mala Musayevaya, həmçinin öz səhifəsində bizim tədbiri reklam etdiyi üçün "Citylife"yə təşəkkür edirik.

- Festival neçə gün davam edəcək və hansı saatlarda fəaliyyət göstərəcək?

- Festival iki gün davam edəcək. Ustalar çoxdu və işlər də kifayət qədərdi, ona görə də qonaqların nümayiş olunan işlərlə bir gün ərzində tanış olması mümkün olmayacaq. Festival saat 12-də açılacaq, axşam 20:00-da bağlanacaq. Kim ki, gün boyu işləyir, axşam vaxtı da festivalı ziyarət etmək, işləri görmək və istedadlı adamlarla tanış olmaq şansını əldə edəcək.
 
- İlk dekorativ-tətbiqi incəsənət festivalının keçirilməsi üçün siz xüsusi "Bəzək" Yaradıcı insanlar birliyi"ni yaratmısız?


- Yox, bu mənim hələ 2000-ci illərin əvvəllərində açdığım Bəzək.az blokudur. Orada mən işlərimi yerləşdirirdim. Ancaq sonradan ona vaxt ayırmaq imkanım olmadı və bu işi buraxdım. İndi isə qərar vermişəm ki, bu bloka yeni həyat verim. Blokdan bütün ustalarımızın işlərinin orada yer alması, məsləhətləşməsi, tədbirlərdə görüşməsi, elanlar yerləşdirməsi və sadəcə tanışlıq və dostluq üçün istifadə ediləcək. Bloku ilk öncə öz nənəm Nurbəzək xanımın şərəfinə belə adlandırmışdım, ikincisi isə, bu adın (bəzək - kimisə və yaxud özünü bəzəmək) bizim insanlara təklif etiyim məhsullarla əlaqəsi var, onlar bununla özlərini və evlərini bəzəyə bilərlər.

- Könül xanım, gələcəkdə belə bir festivalın keçirilməsini planlaşdırırsızmı?

- Əlbəttə, biz hər kvartalda belə bir festival keçirməyi planlaşdırırıq, demək, ildə 4 dəfə festival keçirəcəyik.

- Sizə təşəkkür edirik, Könül xanım, həm müsahibə üçün, həm də Azərbaycan üçün belə vacib tədbirlər keçirdiyiniz üçün.

Qaynar.info