Ekonomiks 16:49 09.04.2014

Bu gecə əksər bankomatlar işləməyəcək - XƏBƏRDARLIQ


Aprelin 9-dan 10-a keçən gecə “Azericard” prosessinq mərkəzi fəaliyyətini dayandıracaq. Şirkətdən Fins.az-a verilən məlumata görə, buna səbəb sistemdə həyata keçirilən yenilənmə işləridir. Buna görə də, gecə saat 01:00-dan 05:00-a qədər “Azəricard”ın xidmət göstərdiyi 30 bankın 2 milyon plastik kartı, 1500 bankomatı və 30 minə yaxın POS-terminal vasitəsilə əməliyyat həyata keçirmək mümkün olmayacaq.

Qeyd edək ki, hazırda Azərbaycanda bankomatların sayı 2400-ə yaxın, POS-terminalların sayı isə 33 045-dir. Başqa sözlə, ölkədəki bankomatların 60%-i, POS-terminalların isə 90%-i "Azəricard"ın payına düşür.

Bu müddət ərzində plastik kartlar vasitəsilə bütün əməliyatlar dayandırılacaq. Məsələn, ticarət mərkəzlərində plastik kart vasitəsilə alqı-satqı etmək, internet və ya bankomatlar vasitəsilə mobil danışıq haqqını, kommunal xidmətlərin haqqını ödəmək, internet mağazalarda alqı-satqı aparmaq, bankomatdan pul çıxarmaq mümkün olmayacaq. Bütün bu sistem yenilənmə işləri başa çatandan sonra yəni səhər saat 5-dən sonra işə düşəcək. “Azericard”ın xidmət göstərdiyi bankların siyahısı ilə buradan tanış olmaq mümkündür.

Qaynar.info