İdman 10:00 16.05.2018

Bu gün Avropa Liqasında final oyunu keçiriləcək

Bu gün Avropa Liqasında final oyunu keçiriləcək. 

Qaynarinfo xəbər verir ki, qitənin ikinci dərəcəli klub turnirinin qalibi Fransada müəyyənləşəcək.
 
Lion şəhərində baş tutacaq həlledici görüşdə Fransa "Marsel”i ilə İspaniya "Atletiko”su üz-üzə gələcək. Marsellilər 25 illik kubok həsrətinə son qoymağa çalışacaq.

1992/93 mövsümündə Çempionlar Liqasını qazanan Fransa təmsilçisi finala qədər irəlilədiyi digər üç imkandan yararlana bilməyib. UEFA kubokunda iki belə uğursuzluğu olan "Marsel” ilk dəfə Avropa Liqasının qalibi olmağa çalışacaq.

"Atletiko” isə 6-cı kuboku qazanmaq əzmindədi. Madridlilər Avropa Liqası və Superkubokun hərəsində 2, Kuboklar kubokunda bir uğur əldə edib. İspaniya klubu 1986-cı ildə Kuboklar kubokunun finalında Kiyev "Dinamo”suna 0:3 hesabı ilə uduzduğu stadionda ikinci cəhdini gerçəkləşdirəcək.

Qeyd edək ki, "Marsel” qələbə qazansa, Çempionlar Liqasının qrupuna vəsiqəni də təmin edəcək.

Avropa Liqası
Final
16 may

22.45 Marsel (Fransa) - Atletiko (İspaniya)
Baş hakim: Byörn Kuypers (Hollandiya).
Lion. "Park Olimpik Lion”.