Sənət 16:14 02.08.2014

Bu gün Azərbaycan kinosunun yaranma günüdür

Bu gün axşam 2 Avqust - Milli Kino Günü münasibəti ilə Nizami Kino Mərkəzində bayram tədbiri keçiriləcək. 

Mədəniyyət və Turizm Nazirliyindən Kulis.Aza verilən məlumata görə, dövlət rəsmilərinin, kinematoqrafçıların və media nümayəndələrinin iştirakı ilə baş tutacaq tədbirdə bir qrup kino veteranı mükafatlandırılacaq və "yenifilm.az" qısametrajlı bədii filmlərin ssenari müsabiqəsinin qalibləri elan olunacaq. 

Eyni zamanda Kino Mərkəzinin foyesində Dövlət Rəsm Qalereyası tərəfindən hazırlanmış sərgi nümayiş etdiriləcək. Sərginin ekspozisiyasına müxtəlif illərdə lentə alınmış Azərbaycan filmləri üçün çəkilən dekorasiyaların və geyimlərin eskizləri daxildir. 

Bayram tədbiri bu il dövlət sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Nabat" bədii filminin təqdimat mərasimi ilə başa çatacaq.

Qarabağ müharibəsinin dramatik hadisələrindən birini canlandıran filmin quruluşçu rejissoru Elçin Musaoğlu, ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Abdulrəhim Beşarat, prodüseri Müşfiq Hətəmovdur. 

Filmdə Fatimə Motamed Arya (İran), Vidadi Əliyev, Ramin Zeynalov, Sabir Məmmədov, Fərhad İsrafilov, Rəhilə Məmmədova, Rövşən Ağayev və Həsənağa Səfərov kimi aktyorlar rol almışlar.

Qaynar.info