Ölkə 11:35 17.11.2013

Bu gün Milli Dirçəliş Günü qeyd olunur

Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir. 

1988-ci ildə Sovet imperiyasının dağılmasıyla bağlı onun hüdudları daxilində qanlı çaxnaşmalar baş verdi.  Artıq çürümüş imperiyanın əsl mahiyyəti aydınlaşır, uzun illər təlqin olunan kommunist beynəlmiləlçiliyinin puç olduğu üzə çıxırdı. Xalqları bir-birinə düşmən etməklə öz dayaqlarını saxlamağa çalışan imperiya dəhşətli cinayətlərə əl atdı...

1988-ci il noyabrın 17-də Azərbaycan xalqının azadlıq səsini ucaldaraq, imperiyaya  qarşı hamılıqla ayağa qalxması onun dirçəlişi yolunda dönüş nöqtəsi oldu.

Azərbaycan xalqı uzun illər arzusunda olduğu müstəqilliyinə qovuşdu. Öz haqqı, azadlığı və torpaqlarına sahib çıxmaq istəyən xalqımız bu müqəddəs ideallar naminə birlik və bərabərliyini bir daha bütün dünyaya nümayiş  etdirdi.

1992-ci ildən 17 Noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur. 1988-ci ilin ilk   günlərində Ermənistanın Azərbaycana qarşı açıq təcavüzü başlandı. Moskvanın, xüsusən də SSRİ-nin rəhbəri M.Qorbaçovun buna biganə münasibətini görən ermənilər planlı şəkildə, Ermənistan hökumətinin tapşırığı və göstərişilə Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlını öz ata-baba yurdlarından kütləvi surətdə qovdular.

Ancaq, xalq  gördü  və başa düşdü ki, nə Moskva, nə də Azərbaycanın o vaxtkı  rəhbərliyi heç  bir qəti tədbir görmək istəmirlər. Belə olduqda, respublikanın hər yerindən insanlar axın-axın Bakıya  gəlir,  Azadlıq  meydanına  (o  vaxt  V.İ.Lenin adını   daşıyırdı)   toplaşır, ermənilərin və Sovet  hökumətinin beləmünasibətinə qarşı mitinqlər  keçirir, öz etirazlarını bildirirdilər.

1988-ci ilin noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin sonu bilinməyən mitinqi başlandı. O vaxt bütün xalq bir yumruq kimi düyünlənmişdi. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Dekabrın əvvəllərində sovet qoşunları tərəfindən ümumxalq mitinqi dağıdıldı. Azərbaycanda bu hadisələr milli  azadlıq hərəkatı kimi qiymətləndirilir və Vətənimizin istiqlaliyyət  qazanmasında əsas amil sayılır.