Sənət 12:02 10.12.2017

Bu gün onun doğum günü - Səlim Babullaoğlu 45 yaşında (ŞEİRLƏR)

Bu gün tanınmış şair, tərcüməçi Səlim Babullaoğlunun doğum günüdür.

Qaynarinfo-nun verdiyi xəbərə görə, bu gün şairin 45 yaşı tamam olur.

Səlim Babullaoğlu 1972-ci il dekabrın 10-da Əli Bayramlı şəhərində anadan olub. Şeir və esseləri bir çox dünya dillərinə çevrilib, Prezident təqaüdçüsüdür.

«Tənha» (Bakı, 1996), «İyunda oxunan nəğmələr» (İstanbul, Türkiyə, 2006), «Ürək döyüntüsünə ithaf» (Vroslav, Polşa, 2007), «On» / E.Zalla birlikdə (Bakı, 2008), «Küləyə qarşı gedən qadın» / (Təbriz, İran, 2009), «Kapellhausda bir axşam»/ E.Zal və E.Hüseynbəyli ilə birlikdə (Bakı, 2009), «İlyas Göçmənin şəkil dəftəri» (Bakı, 2009), «Maskalı adamların himni» (Kiyev, Ukrayna, 2009), «Qarın şərhi» (Tiflis, Gürcüstan, 2010) şeir kitabları çap olunub.

Onun tərcüməsində B.Pasternak, Z.Herbert, Ç.Miloş, O.Vəli, F.H.Dağlarca və İ.Brodskinin şeir kitabları işıq üzü görüb. "Nar budağı", "Kitab–2003", "Kitab–2004" milli ədəbiyyat mükafatlarına, Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyinin 2002–ci il üçün müəyyənləşdirdiyi "İlin ən yaxşı tərcüməçisi", İLESAM-ın (Ankara) təsis etdiyi M.Füzuli adına Beynəlxalq Poeziya Mükafatına, Türkiyənin məşhur "Sali" art-foto qrupunun mükafatına, Qırğızıstan Qızıl qələm mükafatına və digər ödüllərə layiq görülmüşdür.

Qaynarinfo Səlim Babullaoğlu təbrik edir və oxuculara onun bir neçə şeirini təqdim edir:


Coratdakı balıqçı uşaqlarına ədəbiyyat dərsi

Gündəlik üzücü işləri, vərdişləri nəzərə almasaq,
bir də doğuşun və qürbun səmtini,
onda heç kim sabahı yaşadığı kimi gözləmir.
Bura gələ-gələ ilk cümlə haqqında düşünürdüm,
Kağız üstündə o təxminən belə ola bilərdi:
adam həmişə danışmaq istəyir,
amma çox vaxt lazımi yerdə
və istədiyi adamların əhatəsində olmur.

Hamı özünə məğlub olur və kölgəsi kimi öz ayağına düşür.
Bunu hiss eləyəndə hirslə ayağını yerə çırpır,
amma kölgələri tapdamaq olmur,
əksinə o bizi təqlid edir, cinləndirir.

Uşaqlar, bir rus filmi vardı: "Kölgələr günorta yox olur”,
başqa cürə desək günəşin zarafatı: əşyalarla və insanla.
Şərqdə insanları kölgəsiz çəkiridilər.
Kim bilir, bəlkə bunu günəşdən öyrənmişdilər-günortalar.
Bəlkə ölümün həmişə mümkünlüyünə işarəydi bu.

8.15-di. Zaman həmişə işləyir.İliyimizə.
Bir azdan zəng şalınacaq. Hamı zəng gözləyir.

Kitab rəfləri qürur yeri deyil, yalnız əşyadır;
hərçənd qorxudur; amma nahaqq.
Fərz edin ki, hamının yüz il yaşamaq imkanı var
və ilk gündən oxumağı bacarırıq.
Gündə bir kitab hesabıyla bu təxminən 36.500 edərdi.
Bir fikirləşin, görün, dünyada nə qədər kitab var?
Odur ki,kitablarla yox, mətləblərlə öyünün.
Ən yaxşısı isə öyünmək yox, böyüməkdir.
Yadda saxlayın : biz həmişə az biləcəyik.
Amma bir kitab da var…onu mütləq oxuyun, höccələyin.

Tale seçmir, bunu bilirsiz, çoxdan deyilib.
O bizə bənd olur, əsl leyli-məcnun hekayətidi bu, birtərəfli.
Beləsinə rusca odnolyub deyirlər.
Nə fərqi var: siçan bir az siçandısa, bir az da farədir.

Sözlər,eh sözlər…
Uşaqlar,elə sözlər var ki, onlar olmasaydı, heç nə dəyişməzdi.
Məsələn asfalt.
Mən bunu sahilə, yanınıza düşərkən anladım.
Balaca bir çiçək asfaltı deşmişdi,
və beləcə torpağı, həqiqi yolu, əsl sözü nişan vermişdi.

Bir müəllimimiz vardı.
O da hamı kimi həyatın qaynar qazanından buxarlandı.
Bir gün özündə deyildi, nədənsə ürəyini mənə açdı.
Yanına bir qadın gəlibmiş.
"süpür, at, şeytanı ətəyindən” deyibmiş qadına.
Heç kim moizəni sevmir, qadın qəhqəhəylə gülübmüş.
Amma insan cinsini tanımadığı vaxtlarda,
hələ birinci gün adətən ağlayır.
O deyirdi ki, məqsədim qadını qorumaq yox,
ondakı xəbərsiz olduğu təmizliyi hifz etmək idi,
o qadın günahı və istirabı məni qədər tanımırdı, bilmirdi.
Mən bunları sizə niyə danışıram, düzü, bilmirəm?
Müəllimim də belə demişdi mənə.

İşdi, yazıçı olmaq qərarına gəlsəniz,
satira,yumor, ironiya və sarkazm adına
çoxlu yumor və tənə görəcəksiniz.
Bir də paltarını dəyişmiş adamları və dünyanı.
Onda ağlamaq istəyəcəksiniz.
İnamınızı itirməyin.

Və bilin, inam
inamsızlığın gücüylə ölçülməsə də tənzimlənir.
Unutmayın,bütün nəticələr və hesablar
bir ( = 1) qədər doğru deyil.
Bir dediyim indi mənəm,
sabah isə başqa bir hesabdar:
siz, biz,onlar və sairə.

Hər kəsin öz adı var və odur ki,
şəxs əvəzlikləri yazılmasa heç nə dəyişməz.
Baxaq: mən məktəbə gedirəm;
yaxud: məktəbə gedirəm.
İslahata yox, islaha ehtiyac var.
Susursuz…

İcazə verin, mən bu sükutu özüm bildiyim kimi eşidim.

Şəxsi təcrübənin bütünlüklə bölüşülməsinin əleyhinəyəm.
Səmimiyyət deməkdə yox, deməməkdə ən azı alicənabdı.
Hətta yerindəysə sükut səmimidir və o qədər çox şeyi anladır ki.
Məsələn balıqı atalarınızdan soruşun:
balıqları niyə tutdular, öldürdülər. satdılar?
Onların gözü dolacaq və mütləq sizə zillənəcək.
Susacaqlar və bu dərin-doğru izah olacaq.

Unutmayın, həyat reprodiksiya yox, orijinaldır.
Və onu olduğu kimi çoxaltmaq əlbəttə ki, əksiltmədir.
Ömürünüzdə və mətndə israf etməyin onu.

Muzeylərə məqsədli getməyin.
Xalqın dövlətə cehizidir muzeylər…
Əslində başqa şey demək istəyirdim…
İşdi, muzeyə, sərgiyə yolunuz düşsə,
qarışıq, anlaşılmaz, axmaq bir rəsmin önündə
vəcd dolu adamları görsəniz-
bu vaxt vacib görünüşlü,qolları çarpaz müəllif gülümsəyəcək-
o rəssama bir vərəq kağız və qələm uzadın qəfil,
xahiş edin ki, həmin rəsmi bir neçə cümlə ilə izah etsin,
əgər bacarmasa-adətən belə olur,
bilin ki, gördüyünüz səhnə daha böyük əsərdi.
Eynən sizin qumsaldakı yalın və dərin ayaq izləriniz kimi.

İnanıram ki, hardasa ilahi kitab adına belə bir cümləyə rast gələcəksiniz:
"O səmanı, yeri və dənizi yaratdı. Bunun gözəl olduğunu anladı.”
Oxusanız bilin ki, bunu adam yazıb.
Anlamaq, bütün hallarıyla, xüsusən də sonradan- bu insanın keyfiyyətidi.

Hə, uşaqlar, heç kim sabahı yaşadığı kimi gözləmir,
və yanınıza gələndə özümlə
üz qabığında qızıl balıqla qocanın rəsmi olan
bir kitab götürmək istəyirdim.
Amma qorxdum.
Fikirləşdim ki, balıq sizin dənizə atlanıb üzüb gedər.
Qoca isə qarşınızdadır.


Novruz elegiyası

Sözlər lüğətlərdən qocadı,
Xoşbəxtlikdən çox-çox qədimik biz.
Cavab var sualın acıdı,
Amma sükutundu son sual, cavab, priz.

Çətində əsilzadədir ümidlər,
Talelər öncəgörən qaraçıdır.
Bizi nə tülkülər, nə qurdlar aldadıb diddilər,
Yalnız insanlar ki, bic və yırtıcıdır.

Doğrudu, elin gözü tərəzidir,
Adamların da əli əyridir: bu da bulmaca.
Bəzən olur ki, daşa dəymir,
Ümidlər itir, əriyir, havadaca.

Kafedə taybatay açıqdırsa qapılar,
Dünyada hamımız çıxmazdayıq.
Nə Lələ, nə Kərəm…yalnız qaraltılar…
Siqaret dumanında boğulasıyıq.

Hələ ki menyüdə hərf səhvləri
Dadını qabaqcadan qaçırır xörəklərin.
Sürüşür ağzıyeməkli səfləri
boşqabın dikindəki böcəklərin.

Yenə müğənni qız oxuyur  yanğıyla,
Sən demə, "həyat yaşamağa dəyər”miş –
İnsan ömrə minnət qoymağıyla
yazıqmış, gülüncmüş, birtəhərmiş.

Hə, biz törəsi qədim şümerlərin,
inklərin, germanların, ulu türklərin,
Ayılıb gördük ki, şulerlərin
çevrəsindəyik: niyə, nədən, neçin?

Ömrün dalı qara tiyanında
Dadsız yeməklərə arzular oldu duz.
Uşaqdıq: ən adi parıltılar da
bir vaxtlar bizimçün ulduzdu, ulduz.

İndisə Ədalət, Xoşbəxt, Səxavət
adı qoymaqdayıq biz uşaqlara.
Bir ömr qədər kiçildirik, bəli, əvət,
Bu əbədi şeyləri dikilib uzaqlara.

Budu, ömrün qırxıncı su çərşənbəsi
21 fevrala düşdü, beşinci dəfə.
Özgədi hər yeni təkrar, kəsəsi
yaşansaydı çəkilməzdi ömür birnəfəsə.

Günahlar çeşid-çeşid masasında
Dünyanın qapısında papaqdı ömrümüz.
Verdilər, götürdük lax yumurtasın da
iztirab rəngiylə günahın hər Novruz..