Ölkə 18:30 26.01.2013

Bu hərəkatın marşı olsun!


Jalə İSMAYIL

 Bu hərəkatda ürək var, qeyrət var, məhəbbət var, nifrət var, təcrübəsizlik də var, spontanlıq da var. Hər şey var, birindən başqa. Bu hərəkatın marşı yoxdur!

Yubanmadan yaza bilən, bəstələyə bilən hər bir adam qabağa durmalıdır. Həm də bu haqq elə gənclərə verilməlidir. Onlar başladıqlar və yaşatdıqları işin havasını hamıdan yaxşı bilirlər.  Mən şikayətləri şoubiz sərhədlərini aşmayan qorxaq qocaman bəstəkarlardan heç nə gözləmirəm. Necə qaldılarsa, elə də qalsınlar. Qocaman şairlər də eləcə. Badam yesə boylu görünən gözəllərin vəsfini davam etdirsinlər. Bu işi gənclər görməlidir.

Bu marş insanların ruh yüksəkliyini artırmalı, mübarizədə güc verməli, hərəkatın miqyasını genişləndirməlidir. Meydanlarda səslənməli, həbsxana divarlarını silkələməli, telefonlarımızın zənginə çevrilməlidir.  

Amma bu marş yalnız bu günlərdən danışmamalıdır. Bu, bütün zamanlar üçün Azərbaycan gəncliyinin marşı olmalıdır. Gənclik var olduqca daha yaxşı gələcək üçün mübarizə davam edəcək.

Dünya hərəkatları tarixində marşların oynadığı rol barədə danışmağa ehtiyac varmı?

Buna vaxt yoxdur. Hamı iş başına. Hər bir adam bu prosesdə bacardığı bir işin qulpundan yapışmalıdı. Qulp qoyanların arzularını gözlərində qoymaqla.

Mövzuya dəxli var: Yaşlılar daha yaxşı bilir. Özünü nə qədər gənc hiss edirsən, et, gəncliyin özündən doğan enerji başqa şeydi. Bu “başqa şey” bitmədən murdarlıqları, iyrənclikləri yaradanları ilə bərabər bitirmək lazımdır.