Foto 12:50 15.11.2017

Ordu paytaxta girdi, prezident həbs olundu (YENİLƏNİB/FOTOLAR)

Afrika ölkəsi Zimbabvedə vəziyyət getdikcə pisləşir. "Qaynarinfo" xəbər verir ki, ötən gün paytaxt Harareyə girən ordu qüvvələrinin 93 yaşlı prezident Robert Muqabeni həbs etdiyi iddia olunub.

Bu barədə hakim partiyanın "Twitter" hesabı məlumat yayıb. Prezidentin saxlanılması zamanı qarşudurma baş verməyib və xəsarət alan olmayıb.

Silahlı Qüvvələrin Baş Qərargah rəisi Konstantino Çivenqa isə ələ keçirilən dövlət televiziyası ZBC ilə çıxış edərək iddiaları təkzib edib. General ordunun hərbi çevriliş etmədiyini bildirib. Konstantino Çivenqa qeyd edib ki, məqsəd Robert Muqabeni hakimiyyətdən endirmək yox, ətrafındakı cinayətkar şəbəkəni çökdürməkdi. General həmçinin prezident və ailəsinin təhlükəsizlikdə olduğunu deyib.

Açıqlamadan dərhal sonra ölkənin maliyyə naziri İqnatius Çombo həbs olunub. Ölkənin əsas müxalifət qüvvəsi olan Demokratik İslahatlar Hərəkatı ordunun müdaxiləsindən dərhal sonra tərəfləri sülh şəraitində demokratiyaya dönməyə çağırıb.

Artıq ABŞ Zimbabvedəki səfirliyini bağlayıb və bu ölkədəki vətəndaşlarını evlərindən çıxmamağa çağırıb. AP agentliyinin yaydığı fotolarda silahlı əsgərlərin küçələrdə sivil vətəndaşları yoxladığı görünür.
 




 
 
***
10.15

Zimbabvedə tanklar paytaxt Harareyə doğru yola çıxıb və bu vəziyyət dövlət çevrilişinə cəhd iddialarına səbəb olub.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, iqtidardakı partiya "Zanu-PF" məsələ ilə bağlı açıqlama verərək baş qərargah rəisi Konstantino Çivenqanı vətənə xəyanətlə ittiham edib və hərbi basqıya boyun əyməyəcəklərini bildirib. 
 
Çivenqa vəzifəsindən azad edilmiş sabiq prezident köməkçisi Emmerson Mnanqaqvaya dəstək məqsədilə addıma hazır olması barədə fikirlər səsləndirmişdi. Mnanqaqva isə Zimbabve prezidenti Robert Muqabe ilə mübarizəyə hazır olduğunu dilə gətirmişdi. 

Prezident köməkçisi vəzifəsinə 2014-cü ildə çevrilişə cəhd etmiş Coys Mucurunun yerinə gələn Mnanqaqva da prezidentə qarşı çıxaraq ölkədə hərbi yolla dəyişikliyə çalışan şəxs hesab edilir. Prezident Muqabenin xələfi hesab edilən Mnanqaqva daha əvvəl müdafiə və dövlət təhlükəsizliyi vəzifəsində çalışıb. 

Mnanqaqva prezidentə həyat yoldaşı barədə xəbərdarlıq etmiş və birinci xanım Qreys Muqabenin özbaşınalıqlarına etiraz etmişdi.

Muqabedən sonra hakimiyyətə gəlməyə ən yaxın şəxs "first lady" hesab edilir. 

Qeyd edək ki, Robert Muqabe 1987-ci ildən prezident vəzifəsini icra edir. Bundan əvvəl isə 1980-1987-ci illərdə Zimbabvenin baş naziri idi.

Gülşən
Qaynarinfo.Az