Siyasət 13:25 08.04.2013

“Bu, Müsavata atılan böhtandır”

“Qurultayla bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) müraciətlərimizə heç bir cavab vermir. Ona görə də bu məsələ öz həllini tapmır”.

Bunu Qaynar.info-ya açıqlamasında Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyib. 

Başqan müavininin sözlərinə görə, qurultayın keçirilməsi Müsavat Partiyası tərəfindən ləngidilir demək partiyaya atılan şər və böhtandır: “Hakimiyyət bizə yer verdimi, biz qurultay keçirmədik? Ona görə də deyilənlər böhtandır. Bizi istəməyən, mane olan qüvvələr, xüsusən də Siyavuş Novruzov kimi YAP-ın sözçüləri bizə böhtan atırlar. Bizə yer versinlər, yer veriləndən sonra qurultayımızı keçirməsək, deyə bilərlər ki, niyə qurultayı keçirmirsiniz. Fakt odur ki, bizə 800-1000 nəfərin yerləşəcəyi yeri təqdim etmirlər. Görünür, Bakıda belə zal yoxdur. Halbuki hər yerdə Bakı meqapolisdir, tədbirlərin keçirilməsi üçün kifayət qədər yerlərin olduğunu deyirlər. Eyni zamanda özlərinə məxsus olan “İrəli” İctimai Birliyinin qurultayının keçirilməsi üşün Respublika Sarayında yer verirlər, amma Müsavata gələndə imtina edirlər. Ona görə də nə dediklərinin mənası yoxdur”.

G.Aslanlı qurultayla bağlı məhkəməyə müraciət etməyi uğursuz sayır: “Fərz edək ki, bunları məhkəməyə verdik. Təbii ki, məhəkəmə buna “yox” cavabı verəcək. Sonra iki ay Apellyasiya Məhkəməsi olacaq, yenə “yox” deyəcəklər, daha sonra 6 aya Ali Məhkəmənin cavabı gələcək. Sonda biz onu Avropa Məhkəməsinə göndərəcəyik. Cavabı 3 ildən sonra gələcək. Ona görə də məhkəməyə müraciətin vaxt baxımından perspektivini görmürəm”.

İlkin
Qaynar.info