Nərmin Həsənli

Baxmayaraq ki, Elçibəy uzaq keçmiş deyil, mən nədənsə, onun haqqında çox az məlumata sahib idim. Buna görə də günlərdir ki, araşdırıb oxumadığım mənbə qalmayıb. Bu gün yazı müabiqəsinin son günüdür. Əbülfəz Elçibəy haqqında yazılanları hərf-hərf oxudum və onların demək olar ki, hamısı xatirədir. Keçirdiyim təəssüf hissinin isə ifadəsi yoxdur. Kaş mənim də bu günüm o günə təsadüf edərdi. Çünki mənim bu günüm, o gün yazmağa çətin ki, nəsə tapa. Çünki mənim bu günümdən o günə çətin ki, belə xatirələr gedə... 

Yazılarımdan birində oxuculardan biri belə şərh yazmışdı: "Cücə divlərdən yazıb”. Bəli, o, haqlıdır, elə bu gün də "Cücə divdən yazacaq”. 
"Bu günün siyasi pəncərəsindən o vaxta baxıb analiz aparmaq düz deyil” cümləsinin isə  yəqin ki, yerinə oturmayacağı ən gözəl məqamdır. Odur ki

- Deyirlər, Elçibəyin özü yaxşıdır, ətrafı pis. Niyə ətrafınıza yaxşı insanlar toplamadınız? 
- Mənim komandam Azərbaycanda indiyə qədər mövcud olmuş ən yaxşı komanda olub. Nə onlar pis mən yaxşı, nə mən pis onlar yaxşı. Biz bütün idik.
 
Lakin 2000-ci ildə ANS-in efirində yayımlanan "Ən yeni tarix” verilişinin "Kəlbəcərin işğalı” buraxılışında Bəy özü Müdafiə, Daxili İşlər Nazirlərinin ona səhv məlumatlar verməsinə görə Kəlbəcərdəki real vəziyyətdən bixəbər olduğunu və bu səbəbdən də lazımi tədbirlərin görülə bilmədiyini bildirib. 

- Elçibəy hakimiyyətdən niyə getdi? Ya bəlkə Elçibəy hakimiyyətə gəlməyə heç vaxt hazır olmayıb? 
- Mən bunu həmişə demişəm. Nə mən, nə komandam 1992-ci ildə hakimiyyətə hazır deyildik. Buna görə də biz əvvəl Milli Etimad hökuməti yaratmaq istəyirdik. Bu hökumət qanunlar qəbul edib, islahatlar aparacaqdı. Ölkədə etibar, sabitlik yaradandan sonra hakimiyyət qurulacaqdı. Lakin şərait buna imkan vermədi. Hakimiyyətdə olduğum müddətdə məni əsas düşündürən ölkədən Rusiyanın qoşunlarını çıxarmaq və Güney Azərbaycan problemini həll etmək oldu. Bunu mənə dəfələrlə demişdilər ki, bu 2 problemin həllinə nail olmaqla prezidentliyi itirəcəyəm. Hətta İngiltərə səfiri Richard Mas ilə görüşdə də bunu müzakirə etdik.  O  zaman tərcüməçi yox idi. Rus dilində danışırdıq. Çalışırdı məni bu fikirlərdən döndərsin. Mənim isə ağlımda bir sual təkrarlanırdı: "Если не я, то кто?”.  

Ölkənin bütövlüyünü təmin edə bilməsəm də, rus qoşunlarını ölkədən çıxarmağa müvəffəq oldum. Hətta o vaxt ruslar özü bizimlə danışıq aparmağa çalışırdılar. İnanmırsınızsa, Hikmət Hacızadədən soruşun. 

Soruşaq: 
- Hikmət Hacızadə, 1992-ci ildə Azərbaycanla münasibətlərin bərpası üçün Rusiya nə kimi addımlar atmışdı? 
- O dövr çox qarışıq idi. Amma belə bir şey, həqiqətən də, baş vermişdi. Bu həm də Rusiyanın bir növ böyüklüyü olub. Elçibəy əvvəlcə görüşə razılıq vermədi. Yeltsin onda hətta danışıqlar üçün Dərbənddə görüş keçirilməsinə belə razı olduqlarını bildirdi. Lakin Elçibəy bunun etik olmayacağını söylədi və biz Rusiyada "dostluq” görüşü keçirdik. Və bundan sonra Rusiyanın ölkədən qoşunlarının çıxarılmasına nail olduq. Deyərdim ki, bu danışıq bu gün də Rusiyanın bizə qarşı siyasi yanaşmasını, manevrlərini diqqətlə seçməsinə səbəbdir. Ümumiyyətlə, 1992-ci ildə Azərbaycanın siyasəti, iqtisadiyyatı, demokratiyası, dirçəlişi və "Əsrin müqaviləsi” kimi mühüm irəliləyişlərin əsası qoyuldu. Biz bu gün bu qərarların sayəsində ayaqdayıq. 

- Elçibəyin Demokratik Respublikası dövründə ölkədə "ANS” kimi azadlıq tərəfdarı bir kanal bağlandı. Bunun səbəbi nə idi? 
- Açığını deyim ki, mənim o dövrdə belə bir şeydən xəbərim olmayıb. Bu qərarı İskəndər Həmidov vermişdi. Mən, ümumiyyətlə, ölkədə senzuranın əleyhinə olmuşam. Mediaya tam hüquq verilməsini istəyirdim. Ona görə də siz hamınız "fağır” bir prezident tapmışdınız, "fağır” bir aparat tapmışdınız. Sağdan da döşəyirdiniz, soldan da döşəyirdiniz (gülür). Mən də baxıb sevinirdim ki, azad, demokratik bir cəmiyyət qurulur.

Bunu bir daha vurğulamaq istəyirəm. Kaş ki mən də 1990-2000-ci illərdə bu günümdə olardım. Və olsaydım, əmin olun ki, Elçibəyi "topa tutanlar”dan biri də mən olardım. Çünki bu, insanın xislətindədir. Üz verəndən, astarını almasaq, rahat ola bilmirik.

Müsahibələrə, verilişlərə, yazılan-pozulanlara baxıram. O vaxtlar nazirlə, müavinlə danışmaq, danışdırmaq necə də əlçatan imiş. Bu gün isə siyasi xadimlərlə söhbətə, müsahibəyə maraqli biri kimi hətta icra başçıları ilə də əlaqə saxlaya bilmirəm. İcra başçıları qalsın bir kənara, onların mətbuat katibləri belə zənglərimizə cavab vermir. Amma sonra da düşünürəm... Düşünürəm ki, bəlkə də, elə bu əlçatanlıq Elçibəy hakimiyyətini devirdi. Haqqı çatanın da, çatmayanın da əli çatdı. 

Əbülfəz Elçibəy ideal cəmiyyət quruculuğu uğrunda mübarizə aparırdı. Tam demokratiya qurmaq, xalqa öz müqəddaratını özünün həll etmə hüququ vermək istəyirdi. Lakin yenicə əsarətdən qurtulmuş susuz xalq, yaxşı-pis hər kəsin qanına susamışdı. 

Həm də axı ideal cəmiyyət olmur, əziz oxucular. Kaş ki Elçibəy ilk addım olaraq əslində tam olaraq nə istədiyini bilməyən xalqın tələblərini yerinə yetirməyi yox, azı 4 il hakimiyyətdəki yerini sabitləməyin üstündə çalışardı. Vətəndaş müharibəsində ölə biləcək 2000-3000 gəncin övladına qarşılıq bütöv bir xalqı yetim qoymazdı. Demokratiyanın oxunu atıb, yayını oğurladıb, tirini bağışlatmazdı.

Bəy özü 1993-cü il çıxışlarının birində bildirib: "Bu xalq azadlıq istəyən, haqqa talib xalqdır və ona görə də gələn hakimiyyətdən dərhal demokratik dövlət qurulmasını istəyir. Hərdən deyirlər, bu xalqın idarə edən bir "əl”ə ehtiyacı var. Amma o "əl” gələrsə, xalqı əzib əlinə yığarsa, onu da "başkəsən” adlandıracaqlar. Məni də yandıran budur ki, hazırda xalq demokratiyadan yayınıb vətəndaş müharibəsinə tərəf sürüklənir”. 
Bir az əvvəl cavab ala bilmədiyim sualı təkrar verəcəyəm.

- Elçibəy hakimiyyətdən niyə getdi? 
- Biz hakimiyyətdə bir il qala bildik. O dövrdə Xalq Azadlıq Hərəkatının romantizmi çox yüksək səviyyədə idi. Bir ildə əhali bizdən həddindən artıq çox şey gözləyirdi. Lakin bunu unudurdular ki, prezidentə öz hakimiyyətini qurmaq üçün azı 4 il verilir. Və bütün islahatları bir il içərisində həyata keçirmək, sabit cəmiyyət qurmaq mümkünsüzdür. O ki qaldı hakimiyyətdən getməyimə, mən vətəndaş müharibəsinin qarşısını almaq üçün getdim. Ölkədə yetimlərin sayı artmasın,  cavanlar qırılmasın deyə getməyə məcbur idim. Çox müzakirə olunan "Kələkiyə qaçmağım” da könüllü yox, məcburiyyətdən yaranan zərurət idi. O vaxt mənə qarşı hələ xəbərdarı olduğum 5 terror planının üstü açılmışdı.
 
1993-cü ildə qısa müddətdə də olsa, Baş Nazir vəzifəsini icra edən Pənah Hüseynovdan sözügedən terror hadisələrinin təfərrüatlarını soruşduq:
 
"Elçibəy hakimiyyətdə olduğu dövrdə də, rəsmən hakimiyyətdən getdiyi dövrdə də bu kimi sui-qəsdlər tez-tez baş verirdi. Lakin biz də prokurorluq tərəfindən araşdırılan, mediada da əks olunan əsas 3 hadisədən xəbərdar idik. Bunlardan ilki 1992-ci ilin avqust ayında Ramiz adlı şəxs tərəfindən snayperlə olan təxribat idi. Arxiv sənədlərində bu haqda məlumatlar da mövcuddur. İkincisi Elçibəy Qarabağdan qayıdanda Yevlax-Ağdam yolunda prezident kartejinin qarşısının kəsilməsi ilə həyata keçirilmişdi. Lakin hazırda da prezidentin şəxsi mühafizəsinin rəhbəri olan Vaqif Axundovun maşını cəld sürərək hadisə yerindən Elçibəyi uzaqlaşdırması ilə qarşısı alınmışdı. Axundov bu zaman xəsarət də almışdı. Üçüncü təxribat 1993-cü ildə prezident Gəncədən qayıdarkən Mingəçevir yolunda havadan SS20 təyyarələri ilə açılan atəş nəticəsibdə baş vermişdi. Lakin bu təxribat da qəzasız ötüşmüşdü. Təbii ki, bu saydıqlarım baş verənlərdən bir neçəsidir. Elçibəy Kələkiyə gedəndən sonra da dəfələrlə bu kimi terror hadisələri planlaşdırıldı. Lakin heç biri baş tutmadı".

- Ayaz Mütəllibovun da, Heydər Əliyevin də hakimiyyəti vaxtında həbs olundunuz. Niyə hakimiyyətə gələn hər kəs Əbülfəz Elçibəyi tutdururdu? 
- Ayaz Mütəllibov hakimiyyətdə olanda dedi ki, Elçibəy öldürülməlidir. Vəzirov dedi ki, Elçibəy tutulsun. Heydər Əliyev isə dedi ki, mən birinci katib olanda  Əbülfəzi tutulmağa qoymadım. Amma sonra özü məni həbs etdirdi. Yəni prezident olduğum bir il xaricində həmişə döyülüb, təhqir olunub, tutulmuşam. Demək ki, bu şəxsimə yönələn addım deyildi. Bu, sistemin, məfkurənin mübarizəsi idi. Yəni  daha dəqiq desək, Rusiya ideologiyası ilə formalaşan bir düşüncə yeniliyə, demokratiyaya qarşı döyüşürdü. Amma əmin ola bilərsiniz, bir gün demokratiya qalib gələcək. Mən prezident ola bilməmişəm. Mən prezident olacağam. Və siz görəcəksiniz ki, Azərbaycan necə idarə olunur. İnanın buna. Azərbaycanda yaxşı bir mühit olacaq. Azərbaycan xalqı öz ləyaqətinə uyğun, mərdi-mərdanə bir dövlət yaradıb, idarə edəcək. Yalnız anormal cəmiyyətlərdə quldurlar hakimiyyətə gələ bilər. Cəmiyyət nə vaxt ki, özünü idarə edəcək, o zaman da sağlam quruluş olacaq. 

Deyirlər Əbülfəz Elçibəy humanist, böyük demokrat, vətəninə, millətinə bağlı şəxsiyyət olsa da, yaxşı siyasətçi olmayıb. Siyasət riyakarlıq, ikiüzlülük gərəkdirir. Bu isə nə bəyə yaraşar, nə də Bəyə yaraşardı.
Doğum günün mübarək, Bəy!

Yazı Elçibəy -80 yazı müsabiqəsinə təqdim edilir.