Ölkə 22:39 19.06.2019

Bu şəxslərin də gəlirləri artacaq

Azərbaycanda məhkəmə hakimlərinin də maaşları artırılacaq.

Qaynarinfo-nun məlumatına görə, bununla bağlı ölkə Prezidenti İlham Əliyev tərəfindən Milli Məclisə (MM) "Məhkəmələr və hakimlər haqqında” qanuna əlavə və dəyişiklərlə bağlı qanun layihəsi təqdim olunub.

Hakimlərin maaşlarının artırılmasının nəzərdə tutan qanun layihəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə olunub. Müzakirələrdən sonra MM-in iyunun 28-də keçiriləcək plenar iclasına tövsiyə olunub.

Komitə üzvü Fəzail Ağamalı saytımıza açıqlamasında maaşların 100 faiz artırılacağı ilə bağlı yayılan məlumatları təkzib edlib:

"Bildiyiniz kimi, artıq dünəndən etibarən ölkə Prezidentinin imzaladığı 17 sərəncamla ölkədə həm minimum əməkhaqqı, həm də büdcədən maliyyələşən bir sıra təşkilatlarda çalışanların əməkhaqları qaldırıldı. Bunun davamı kimi də hakimlərin əməkhaqlarının artırılması nəzərdə tutulur. Məsələ komitəmizdə müzakirə olundu və plenar iclasa tövsiyə edildi. Ancaq artımlar 100 faiz deyil, bu barədə deyilənlər həqiqəti əks etdirmir”.

Qeyd edək ki, ölkədə minimum əməkhaqlarının, hərbi qulluqçuların, hüquq-mühafizə orqanları əməkdaşlarının, Mərkəzi Seçki Komissiyası üzvlərinin, AMEA və büdcədən maliyyələşən bir sıra təşkilatların işçilərinin maaşlarının artırılması ilə əlaqədar 2019-cu ilin dövlət büdcəsində də dəyişikliklər edilməsi gözlənilir.

Bunu saytımıza açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli də təsdiqləyib:

"2019-cu ilin dövlət büdcəsinə dəyişikliyi nəzərdə tutan layihə sabah komitəmizin müzakirəsinə çıxarılacaq və Milli Məclisin növbədənkənar sessiyasının iclasına tövsiyə olunacaq. Qeyd edim ki, əməkhaqlarının artımı ilə əlaqədar 2019-cu ilin dövlət büdcəsində vəsait nəzərdə tutulmamışdı. Bu artımlar əlavə imkanlar hesabına həyata keçirilir.

Bu maliyyələşmə Prezidentin apardığı struktur dəyişiklikləri nəticəsində əldə olunan əlavə gəlirlər hesabına təmin olunur. Bu da dövlət başçısının gördüyü işlərin nəticəsidir. Bununla bağlı dövlət büdcəsində də dəyişikliklər ediləcək”.