Hüseynbala Səlimov
Ölkə 12:08 14.02.2017

Budurmu mərhəmət? - Hüseynbala Səlimov

Hüseynbala Səlimov

BİR İQTİSADİYYAT, İKİ TENDENSİYA...

Nə qədər çalışsaq da, digər aktual ictimai-siyasi, hətta beynəlxalq siyasətlə bağlı mövzulara baş vurmağa cəhd etsək də yenə də diqqətimizi ölkədəki ən əsas məsələdən - iqtisadi durumdan yayındıra bilmirik. 

Tək ona görə yox ki, bu gün iqtisadiyyatda baş verən böhran cəmi insanları düşündürən əsas məsələdir və onlar ilk növbədə məhz bu mövzuda yazılanları oxuyurlar. Həm də ona görə ki, böhranın ağırlığını jurnalistlər də böyük əksəriyyət kimi, necə deyərlər, öz dərilərində hiss edirlər...

Ötən aydan başlayaraq manatın tamamilə sərbəst “üzən məzənnə”yə keçdiyi bildirildi. Amma onun kursunda elə “tryuk”lar baş verir ki, adam lap mat-məəttəl qalır. 

Yanvarın sonlarından başlayaraq manatımız çox kəskin bir şəkildə dəyərdən düşməyə başladı. Amma indi, son bir-iki gündə tamamilə əks proses müşahidə edilməyə başlayıb – hazırda dollar ucuzlaşmaqdadır...

Prinsipcə, belə proseslərdə iki cür tendensiya olur – uzunmüddətli və qısamüddətli. Uzun müddətli tendensiya baxımından manat təbii ki, ucuzlaşmaqda davam edəcək, əgər o, həqiqətən də tamamilə sərbəst “üzən məzənnə”yə keçibsə... 

Qısamüddətli tendensiya zamanı isə müxətlif “rəqslər”, artmalar-azalmalar mümkündür. Amma məsələ bundadır ki, əksər iqtisadçılar buna bir az şübhə ilə yanaşırlar. Bəziləri belə hesab edirlər ki, hökumət indinin özündə belə manatın kursunu tənzimləməkdə davam edir, çünki əks təqdirdə milli valyutanın kursunda kəskin eniş baş verməli idi...

Nə isə... Bu məsələni buraxaq bizim iqtisadçı mütəxəssislərimizin öhdəsinə. Qoy, bu adamlar bizim üçün aydınlaşdırsınlar ki, milli valyuta ilə bağlı həqiqətdə nə baş verir?..

MANAT ARTIB-AZALIR, QİYMƏTLƏR İSƏ...

Bizi isə prosesin daha çox başqa – sosial tərəfləri düşündürür. Məsələ bundadır ki, ölkədə başqa bir tendensiya da gedir. Təsəvvür edin, dollar gah ucuzlaşır, gah da bahalaşır, amma qiymətlər yalnız bircə tendensiya üzrə inkişaf edir – onlar yalnız artmaqda davam edirlər...

Məsələn, soruşursan ki, siqaret niyə bahalaşıb? Deyirlər ki, dollar bahalaşıb və ona görə də məcburuq ki, qiymətləri qaldıraq. Amma bir neçə gün keçir, dollar ucuzlaşır. Amma qiymətlər düşmür ki, düşmür və səbəbini soruşanda ağlabatan bir cavab da ala bilmirsən...

Niyə belə olur?.. Əslində bunun bir cavabı var: ölkədə həqiqətən də azad rəqabətə söykənən bazar yoxdur, hər şeyi monopoliyayalar idarə edir.. Ona görə də ölkədə bir proses baş verir – varlılar bütün situasiyalarda sürətlə varlanır, kasıblar isə əksinə sürətlə yoxsullaşırlar...

ANORMAL BİZNES TƏFƏKKÜRÜ...

Təbii ki, bunun əsas səbəbi budur. Amma düşünürük ki, burada mentalitetlə bağlı da məqamlar var. Birincisi, Azərbaycanda anormal və bazar məntiqinə zidd biznes psixologiya bərqərar olub. 

Başqa yerlərdə qiymətləri bir az azaldaraq daha çox insanlara xidmət etməklə qazanırlar. Biz isə tamam başqa yol seçmişik – burada hamı az, amma saz satmaq, necə deyərlər, lap qaz vurub, qazan doldurmaq istəyirlər...

Həmişə deyirəm ki, bu ölkədə qiymətlər haradasa əhalinin iyirmi faizinə hesablanıb. Yerdə qalan səksən faiz əhalini isə heç nəzərə alan yoxdur...

YAXŞI ADLARI YAPIŞDIRMAQLA...

Bir az əvvəldə dedim ki, bu həm də mentalitetlə bağlı məsələdir. Ona görə də ikinci məqam odur ki, dünyada bütün yaxşı epitetləri özümüzə yapışdırmaqla əslində biz yaxşı olmuruq...

Aləmə səs salmışıq ki, tolerantıq, multikultural mədəniyyətə önəm veririk, ən başlıcası da guya ki, mərhəmət sahibiyik. Amma belədirmi? Biz həqiqətən də mərhəmətliyikmi? Təəssüf ki, yox... Baxın, bu ölkədə adi bayramlar bir tərəfə, dini bayramlar vaxtında belə qiymətlər kəllə-çarxa vurur. Budurmu mərhəmət?..

Bu yaxınlarda meyvə-tərəvəz köşklərindən birindən alış-veriş elədim. Evə gəldim və maraq xatirinə aldığım meyvələri bir-bir çəkdim. Təsəvvür edin, hamısında məni 200-300 qram aldatmışdılar!.. 

Buna nə demək olar? Bu adamlar hər şeyi bizə istədikləri qiymətə satır, qiymətləri özləri müəyyən edirlər. Amma bununla belə yenə aldadırlar – bəli, çəkidə aldadırlar, keyfiyyətdə aldadırlar...

DƏYƏRLƏRİN İNFLYASİYASI...

Ona görə də həmişə deyirəm ki, ölkədə təkcə iqtisadi böhran getmir, bundan da dəhşətli mənəvi inflyasiya gedir, təkcə manatın deyil, bütün mənəvi dəyərlərin qiymətdən düşməsi baş verir...

Sonuncu adi iqtisadi böhranla müqayisədə daha dəhşətlidir. Adi iqtisadi böhranı yoluna qoymaq mənəvi deqradasiyanı, mənəvi aşınmanı yoluna qoymaqdan qat-qat asandır...

Nə edək? Başımıza nə çarə qılaq? Bunun səbəbi nədir? Bəli, formal baxımdan deyə bilərdik ki, bir formasiyadan başqasına keçdik və yeni dəyərlər hələ tam oturuşmayıb. 

Amma özü-özünü aldatmaqdır bu... Baxın, sovet dövrünü görmüş bir adam kimi deyirəm ki, sovet dövründə də ən azı 15 cür sosializm vardı – Moskvada bir, Tallində başqa, Daşkənddə isə tamamilə fərqli... 

Eləcə də Azərbaycanda tamamilə başqa – “milli” sosializm hökm sürürdü... Səbəbi nə idi bunun? Təbii ki, adi mentalitet! Bəli, bu elə bir “prizma”dır ki, istənilən ideyanı özünəməxsus şəkildə sındırır,- lap adi optik prizma işığı sındıran kimi...

Doğrusu, mən bu məşhur mentalitet məsələsini uzun müddət qəbul etməmişəm və düşünmüşəm ki, bu, situativ məsələdir, insanları əhatə edən sosial-siyasi gerçəkliklər dəyişən kimi, onların təhsili, dünyagörüşü artan kimi o da duman kimi çəkilib gedəcək. Amma baxıb görürəm ki, belə deyilmiş – mentalitetimiz nəinki dəyişmir, hətta əksinə özü hər şeyi dəyişdirir...

Qaynarinfo.Az