Vüsal Bağırlı

Müxtəlif saytlara, qüllə kimi ucalan xəbər sütunlarına fikir verirəm. Mənasız yazılar, informasiyalar geninə-boluna, dedi-qodu, qeybət, şaiyə xirtdəyəcən. Hamı işin ancaq, yüngül və qeyri-ciddi tərəflərinə fikir verir.

Hansı ki, onları yalnız məşhur "ə noossun” kəlməsiylə ümumiləşdirmək olar. Bir-ikisini sadalayaq.

Məsələn, filan dövlət məmurunun, yaxud nazirin boş qalmış yerinə görəsən kim təyin olunacaq!? 

Bütün resurslar səfərbər olunur, politoloqşünaslar, ekspertbazlar, cürəbəcürə mütəxəssislər, diletant və profesionallar bu məsələnin mərkəzinə və episentrinə cəlb olunur, namizədin cidd-cəhdlə gizlədilən yeddipərdəarxası kimliyini tapmağa çalışırlar.

Lap tutaq, gərgin axtarışlar uğurla nəticələndi və bu ismi-şərif bütün əyani-rəiyyətə  əvvəlcədən bəyan oldu? 

"Ə, noossun?”

Yaxud Anar Nağıbaz, Maral Tahirqızı və digərləri ilə baş vermiş hamıya məlum  əhvalatlar, qəzeyu-qalları yadımıza salaq. Yenə yığın-yığın reportyorlar, jurnalist dəstələri, redaktor və korrektorlar repçinin bütün ailə, yaxın, dost-tanış, qohum-əqrabasını ələk-vələk etdilər, harda yatması, harda durması, az qala ayaqyoluna necə getməsi belə izlənildi.

"Ə, noossun axı?”

Kilo-kilo məzmunsuz yazılar, məqalələr dərc edildi. Yenə nə qədər zəhmət, resurs puç - heç oldu. 

Bu qədər araşdırmaya gedən, itən enerjini, məsrəfi daha məntiqli məqsədlər üçün sərf etmək olmazdımı?!

Adicə bir misal. Elə, Reyhan Camalovanın Reynerci (Rainergy) qurğusunu götürək. Düzdür, gənc qızın uğurları haqqında kifayət qədər məlumatlar, informasiya buraxılışları, məqalələr dərc olundu. 

Amma, qurğunun özü, mahiyyəti barədə, onun necə, hansı əziyyətlər bahasına hazırlanması, iş prinsipi, faydalılıq əmsalı heç kəsi maraqlandırmadı.
Sonda, ola bilsin yuxarıda seçdiyim başlığı bütün yazıma ünvanlayan oxucular desinlər: "Ə, noossun?”.  

Qəti qorxusu yoxdur, hər effektin bir bumeranqı olur. Necə deyərlər, təsir, əks təsirə bərabərdir.