Hüseynbala Səlimov
Siyasət 10:52 16.07.2018

Burada da mollaların hakimiyyətə gəlməməsi üçün...

Hüseynbala Səlimov

Bəzən elə bizi də çox mülayim və hətta "ütülü” yazılar yazmaqda qınayırlar. Heç vaxt bayağı dərəcədə "kəskin” yazılar yazmağın tərəfdarı olmsaq da, iradları qismən qəbul edirik – elə olur ki, proseslərə münasibətimizin kəsəri özümüzü də qane etmir. Amma bunun hansısa "pərdəarxası səbəbləri” yoxdur.

Birincisi, siyasi təhlilçidən emosiya yox, fikir, təklif və proqnoz ummaq lazımdır. 

İkinci səbəb bir az şəxsi xarakter daşıyır. Artıq 53 yaşım var və bir müddətdir qəbul etmişəm ki, ürəyim istəyən qədər demokratik, necə deyərlər, tamam azad Azərbaycanı görmək (bu, bir az da fəlsəfi məsələdir; azadlıq da susuzluq kimidir, içdikcə doymursan) mənə qismət olmayacaq. 

Ona görə də diqqəti bir yazar olaraq iki məqama – Azərbaycanın müstəqil və dünyəvi dövlət kimi qorunmasına yönəltməyə çalışıram. Əlbəttə ki, adi bir siyasi təhlilçi kimi bizim burada hansısa həlledici və yaxud da ciddi yönəldici təsirimiz ola bilməz. Amma imkan daxilində prsosesləri təhlil etməyə, heç olmasa, bir-iki insanın, xüsusən də bir-iki gəncin dünyagörüşünə təsir etməyə çalışmaqla nəsə etməyə cəhd göstəririk. Əlimizdən başqa iş gəlmir...
Blirsiniz, siyasi və ictimai proseslərin də ətaləti olur. Biz nə qədər çalışsaq da, tələssək də proseslərin öz axarı var. Mən daim deyirəm ki, biz həmişə istədiyimiz qədər azad ola bilirik. Bu günün vəziyyəti isə belədir ki, böyük əksəriyyəti azadlıqların və demokratik hüquqların mövcud səviyyəsi qane edir. Cəmiyyət nə vaxtsa hiss edəndə ki, ona daha çox hüquqlar və azadlıqlar lazımdır, özü bunu əldə edəcək – bunun üçün zəruri siyasi təşklatı da quracaq, öz liderini də tapacaq...

Ona görə də əsas odur ki, biz Azərbaycanı müəyyən bir relsdə saxlaya bilək – ölkə dünyəvi və müstəqil dövlət kimi qalsa, gəncliyə onun adına hüquqi və demokratik sözlərini də əlavə etmək elə də çətin olmayacaq.

Deyim ki, bu da asan bir proses deyil. Bizə İran və Rusiya kimi dövlətlərlə qonşuluqda yaşamaq nəsib olub. Hər ikisi özündə bizim üçün çox ciddi təhdidlər ehtiva edir. Elə öz insanlarımız da tez-tez illüziyalara qapılırlar. Bir də görürsən ki, hansısa qardaşımız burada da şəriət dövləti  qurmaq eşqinə düşür və yaxud da bir qeyrisi təklif edir ki, gəlin Qarabağı qaytarmaq üçün müstəqilliyimizdən vaz keçək, yenidən bura Rusiyanın qoşunlarını, hərbi bazalarını gətirək, sərhədlərimizi təkrarən rusların sərəncamına verək...

Əslində bunların hamısı ciddi şəkidə araşdırılmalı və təhlil edilməli məsələlərdir. Ağlımızin və təcrübəmizin imkan verdiyi dərəcədə bunu zaman-zaman etdiyimizdən bir daha sizi yormayacağıq. 

Amma son hadisələr– Gəncədə baş verənlər bizi də həm məyus etdi, həm də təlaşlandırdı. Səbəbi də aydındır. İndi cəmi müsəlman dünyası çox ağrılı proseslər yaşayır. Bütün bunlar hamıya bəllidir, amma təəssüf hamının bununla bağlı qənaəti, gəldiyi nəticə eyni deyil, hətta cəhənnəmə çevrilmiş Suriyadakı, hələ də özünə gəlməyən İraqdakı, daha nə bilim, haradakı tendensiyaları bura da "proyeksiya” etmək istəyənlər var. 

Bax, bu, ən təhlükəli bir sindromdur və papaqlarımızı qarşımıza qoyub çox ciddi şəkidlə düşünməliyik ki, necə etməli ki, belə axmaq tendensiyaların bura yolunu bağlaya bilək... 

Əlbəttə ki, burada da əsas iş hakimiyyətin üzərinə düşür. Fəqət, hakimiyyətin proseslərə reaksiyasında bəzi çalarlar bizi narahat edir, az qala, haray salmaq istəyirik ki, düşünəndə və qərar verəndə bir qədər öz partiya maraqlarınızdan kənara çıxmağa çalışın. 

Sözsüz ki, ən əvvəl mən bir cümlə yazmalı idim: BÖYÜK QAZ SAVAŞI XƏZƏRİN DƏ SAHİLLƏRİNƏ ÇATDI. Amma bu yazıda bir daha deyirəm ki, məni narahat edən daxili detalların üstündə dayanmaq istəyirəm. Sezdiyimiz nədir? Hakimiyyətin davranışındakı hansı detallar bizi narahat edir? 

Birincisi, onun davranışında öz təmsilçilərini heç bir halda ayağa verməmək istəyi, nəyin bahasına olursa-olsun, problemlərin daha soyuqqanlı və ciddi ictimai müzakirəsini əngəlləmək, hətta ən kritik anlarda belə "Hər şey əladır, hər şey yaxşıdır!” fikrini aşılamaq meyli duyulur.   

Mən başa düşürəm, hər bir hakimiyyətdə komanda hissi olur və "komanda mətbəxi”ndəki məsələləri kənara çıxarmamağa çalışmaq prinsipi olur. Amma kimisə bu komandanın reputasiyasi, ölkənin və dövlətin reputasiyası maraqlandırmırsa, bəs, onda nə olsun? Axı kimsə üçün sirr deyil ki, bir çox məmurlar var ki, onların başı bir işə qarışıb: ölkəni talamaq! Onları nə cəmiyyət və prezident qarşısında məsuliyyət düşündürür, nə da ki, qeyri yüksək etik və siyasi dəyərlər! Belə halda nə etməli? "Hər şey yaxşıdır, hər şey idealdır!” deyib durmalımı?..

İkincisi, ölkədə "tərif” demək, artıq bir Şərq adəti və ya vərdişi deyil, siyasi peşədir. Xüsusən də bizi ən çox dilxor edən özünü "politoloqlar” adlandırıb efirləri, saytları zəbt edən bəzi-para insanlardır. Bilirsiniz, bu adamların məntiqi hətta orta məktəb şagirdini inandırmaq iqtidarında da deyil. Amma bunlara meydan veirirlər... 
Səbəbi də budur ki, hakimiyyətdəkilərin bəzisi düşünür ki, alternativ fikri, alternativ baxışı yasaq etməklə ən absurd fikirləri belə cəmiyyətə qəbul etdirmək mümkündür. Amma belədirmi? Əlbəttə ki, yox! 

Dəfələrlə yazmışıq ki, əgər radiolar danışmırsa, televiziyalar göstərmirsə, saytlar – qəzetlər yazmırsa, bu, hələ o demək deyil ki, insanlar heç nə bilmirlər və bəzi məmurların əməllərindən xəbərsizdirlər. Əsla belə deyil. Azərbaycan çox kiçik ölkədir: 400-500 km o tərəf-bu tərəfə ola, yaxud olmaya! Bir çox hallarda adi insanlar biz jurnalistlərin də bildiyindən çox bilirlər. Onda bəs bu "tərif sexi”nin nə mənası var? Məgər atalarımız deməyibdirmi ki, tərif yıxan evi heç fələk də yıxmaz...

Bir daha deyirəm ki, hər bir hakimiyyət özünün təbliğat işini qurmağa çalışır. Bu, normal haldır. Olsun. Amma təbliğat ən azı inandırıcı olmalı, heç olmasa, beş–on adama təsir etməlidir. Bunun əvəzində nə görürük? Sovet təbliğat üsullarının və ştamplarının Azərbaycan siyasi müstəvisinə gətirilməsini!..
Ona görə də bir daha qeyd edirik ki, yalançı tərif qədər təhlükəli heç nə yoxdur, çünki bunu sifariş edən hakimiyyətin özü gec - tez onun tələsinə düşür və reallıq hissini itirir. 

Siyasətdəsə heç bir halda reallıq hissini itirmək olmaz, çünki siyasət abstrakt bir məşğuliyyət deyil, real həyata söykənən fəaliyyət sferasıdır. Bəli, hansısa siyasi romantik və yaxud real siyasi məqsədlər güdməyən bir ideoloq arzularını gerçəklik kimi qələmə verə bilər, amma praktiki, real siyasət adamı üçün bu, qətiyyən yolverilməzdir. 

Həm də yanlış fikirdir ki, guya təbliğat hər şeyi həll edir. Keçmiş sovet respublikalarından heç biri nə qədər çalışsa da, sovet dövlətinin təbliğat maşını kimi möhtəşəm təbliğat maşını yarada bilməz, çünki sovetlər sırf ideoloji dövlət idi və təbliğat bəlkə də onun fəaliyyətinin yarısı deməkdi. Amma nə qədər çəkdi? Bax, məsələ də bundadır... 

Tənqidi təfəkkür və tənqidə ehtiyac duymaq,- rasional düşüncə tərzinin əsası budur. Biz hələ onu demirik ki, qədim Şərqdə belə hökmdarlar ən azı bir-iki adama həqiqəti deməyə imkan verir, daim onları dinləyirdilər, çünki bilirdilər ki, tərif və onun daha bayağı forması olan yaltaqlıq uzağı, itaətin və qorxunun göstəricisi ola bilər – hələ heç onu demirik ki, tərifin səmimiyyəti çox mübahisəli məsələdir və bunu yüz illərin təcrübəsi göstərib...           
   
Bir az əvvəldə dedik ki, müsəlman dünyasında çox neqativ proseslər gedir. Bir daha deyirik ki, yeganə təsəlliverici alternativ Türkiyədi –bəli, ideal deyil, dünya demokratiya standartlarından hələ çox uzaqdır, amma başqası da yoxdur, burada nəsə var...

Azərbaycanın da tarixi spesifikası elədir ki, cəmiyyətimiz əsasən qərbyönümlü cəmiyyətdir, dünyəviliyə üstünlük verir. Amma burada da İŞİD-lərə, Hizbullahlara, Həmaslara, daha nə bilim, nələrə meyllənənlər tapılır. Üstəlik, belə neqativ tendensiyaları Azərbaycana yönəltmək istəyənlər də az deyil, biri lap qulağımızın dibindədir. Hətta daha çox dövlətçilik və demokratiya təcrübəsi olan Türkiyədə də bu problem var. Ona görə də sayıq olmalıyıq: Allah eləməsin, siyasətçi mollalar bura da yol tapsa, onda bizim bütün arzularımızın üstündən xətt çəkiləcək...