Ölkə 12:13 14.09.2018

Buraxılış imtahanının təkrarı olacaqmı? (AÇIQLAMA)

Xəbər verdiyimiz kimi növbəti tədris ilində ali məktəblərə qəbulda yeni modeldən istifadə olunacaq. Belə ki, artıq abituriyentlər mərhələli şəkildə imtahan verəcəklər. I mərhələdə (buraxılış imtahanında) onlar 3 fəndən (ana dili, riyaziyyat, xarici dil) maksimum 300 bal, II mərhələdə (qəbul imtahanında) isə 3 fəndən (ixtisas qruplarına uyğun) maksimum 400 bal olmaqla cəmi 700 bal toplaya bilərlər.
 
Qeyd edək ki, köhnə modeldə abituriyentlərin qəbul imtahanı verdikdən sonra nəticələrini daha da yüksəltmələri üçün DİM təkrar imtahan keçirirdi. Bəs yeni modeldə necə təkrar imtahan keçiriləcəkmi? Əgər buraxılış imtahanında toplanılan 300 balın ümumi 700 bala təsir edəcəyini nəzərə alsaq, görəsən buraxılış imtahanının da təkrarı olacaqmı?
 
Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbərin Cəsarət Valehovla əlaqə saxladıq. Qurum rəsmisi bildirdi ki, yeni modellə bağlı yaxın günlərdə DİM-lə birgə açıqlama yayacaqlar.
 
"Mən nazirin dediklərindən əlavə nəsə deyə bilməyəcəyəm. Çünki orda yeni şeylər çoxdur və bunun izahı üçün də gərək kifayət qədər məlumatlı olasan. Mənim də məlumatım cənab nazirin söylədiyi qədərdir. Təxminən 10 gün ərzində biz DİM-lə birgə bu barədə məlumat yayacağıq".
 
DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə isə buraxılış imtahanının 2 dəfə keçirilməsinin nəzərdə tutulmadığını bildirib: "Qəbul imtahanları 2 dəfə keçirilir, lakin buraxılış imtahanının 2 dəfə keçirilməsi nəzərdə tutulmayıb. Sentyabr və ya oktyabr ayında yeni model təsdiq olunacaq". 
 
Qeyd edək ki, köhnə modeldə 700 bal toplaya bilməyən abituriyent yenidən imtahan verməklə bu balı toplaya bilirdi. Lakin belə çıxır ki, yeni modeldə birinci mərhələnin, yəni buraxılış imtahanının təkrarı olmasa, ilkin mərhələdə 3 fənn (ana dili, riyaziyyat və xarici di) üzrə maksimumu, yəni 300 balı toplaya bilməyən abituriyent ikinci mərhələnin təkrar imtahanına girsə belə 700 balı toplama şansını öncədən qaçırmış olacaq.
 
Müəmmalı məsələlərdən biri də təhsil naziri Ceyhun Bayramovun açıqlamasında qəbul fənnlərinin azaldılması ilə bağlı dedikləridir.

Qeyd edək ki, abituriyentlər köhnə modeldə 5 fəndən imtahan verirdilər və ana dili, riyaziyyat və xarici dil bütün qruplarda var idi. Yeni modeldə isə bu 3 fəndən əlavə, 3 ixtisas fənninin də imtahanlara salınması nəzərdə tutulur. Bu isə ümumilikdə 6 fənn deməkdir. Belə olduğu təqdirdə nazirin "ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən məzunlar daha az sayda fəndən imtahan verirlər" dedikdə nəyi nəzərdə tutduğu müəyyən qədər qaranlıq qalır.
 
X.Xanlarzadə bu məsələyə də aydınlıq gətirib:

"Əvvəllər şagirdlər buraxılış imtahanı verirdilər. Buraxılış imtahanından sonra yenidən onlar qəbul imtahanı verirdilər və həmin fənnlər orada təkrarlanırdı. Amma indi buraxılış imtahanında da, qəbul imtahanında da 3 fəndir. Ordakı 1 fənn təkrarlanır. Məsəl üçün Azərbaycan dili buraxılışda da var, qəbulda da. Bu, təkrarlandığı üçün yenə 5 fənn çıxır. Buraxılış əvvəl sadəcə attestat və 5-ci ixtisas qrupu üçün keçərli idisə, amma indi həm də qəbul imtahanı üçün müsabiqənin bir hissəsidir", - deyə o, bildirib.
 
Çingiz Səfərli