Qərbi Avstralyanın Pert şəhərinin 180 km şimalında yerləşən Vedge adasında qumsallıqdan 132 il öncə içərisinə məktub atılmış butulka tapılıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, məktub alman gəmisindən dənizə atılıb. Bu, indiyə qədər tapılan ən qədim məktub hesab edilir. Belə ki, daha öncə tapılan ən uzunömürlü məktub 108 il 3 ay 18 gün öncə dənizə atılmış və 1934-cü ildə Danimarkada tapılmışdı.

132 il yaşı olan məktubu avstraliyalı Tonya İllman adlı bir qadın tapıb. O, butulkanı evindəki rəfdə yaxşı görünəcəyini düşündüyü üçün götürdüyünü və içində məktub olduğunu sonradan gördüyünü bildirib. Bunun tarixi bir məktub olduğunu anlayan İllman daha sonra məktubu Qərbi Avstraliya Muzeyinə aparıb. Məktub üzərində aparılan araşdırmalardan sonra məlum olub ki, bu, 1886-cı ildə Almaniyanın Paula yelkənli gəmisindən Hind okeanına atılan minlərlə məktub butulkalarından biridir.

Almaniyanın Dəniz Nəzarət Şurası bölgədə istiqaməti daha tez və asan şəkildə müəyyənləşdirmək məqsədilə 69 il boyu gəminin adı, kapitanı, tarixi, səyahət planı, dənizə açıldığı liman və s. detalların yazıldığı məktubları butulkaya qoyaraq dənizə atıb. Məktubda butulkanı tapanlardan onu Hamburqdakı nəzarət məntəqəsinə və ya Almaniya konsulluğuna gətirmələri xahiş olunurdu. Bugünə qədər tapılan 662 məktub təhvil verilib, lakin onların aqibəti bilinmir. Dünyanın ən qədim məktubu olan butulka 2 il boyunca Qərbi Avstraliya Muzeyində sərgilənəcək.