Amal ABUŞOV

Adətən belə deyirlər. Kimsə bir elin, ulusun, qohum-əqrabanın başını uca edəndə ona bu cür xitab edirlər: Ellərin igid oğlu. Həmin oğul Qurban Qurbanovdu. Şübhəsiz, mübaliğəsiz bu belədir. Bütün Azərbaycanın qürur duyduğu, başımızı uca edən oğul!

Azərbaycan futbolunu tarixində də əvvəllər tarixi günlər, unudulmaz oyunlar, bizi sevindirən nəticələr olub. Amma indiyə qədər heç vaxt biz güclü rəqibləri bu cür ağılla, düzgün taktikayla, başabaş mübarizəylə büdrətməmişik. "Qarabağ” bunu bacarıq. Bir deyil, iki deyil, heç üç də deyil. Artıq neçənci dəfədir.

"Sumqayıt”la oyundan sonrakı mətbuat konfransında Qurban Qurbanov gecəylə İtaliyaya uçacağını, "Roma”nın A seriyasındakı oyununu canlı izləcəyəni demişdi. Çoxları ürəyində gülürdü. "A kişi, bu bizim gördüyümüz "Roma”dı da. Hər gün televizorda görürük, oyunlarına baxırırq. Stadiondan görəndə nə dəyişəcək? "Qarabağ” "Roma”yla oynamağı nə bilir, ha-ha-ha...” deyənlər vardı. Mən hətta onu da dəqiq bilirəm ki, hər yerdə özünü futbol bilicisi kimi göstərənlər "Qarabağ”ın bu qrupda nəinki xal qazana bilməyəcəyinə, heç qol da vurmayacağına mərcə girmişdilər. Bu düşüncə sahiblərinin indi peşman olduqlarına, xəcalət çəkdiklərinə heç şübhə etmirəm.

Qurbanov İtaliyaya səfəri haqqında daha bir dəfə söhbət açdı. "Roma”yla Bakıdakı oyundan öncəki konfransda. Ona ünvanladığım "Roma”nı iş başında necə gördüz? Zəif tərəfləri varmı?” sualıma cavab olaraq gülümsəmişdi. Səviyyə fərqindən, rəqibin heyətindəki peşəkarlardan danışdı. Amma onu da dedi ki, biz addım-addım ona doğru gedirik. Bəli, addım-addım. Getdikcə da addımlarımız mətinləşir, ayaqlarımız bərkiyir.

Müasir futbolda rəqibi öyrənməyin nə qədər vacib olduğunu Qurban bəy hələ "Roma”yla oyunda bizə göstərmişdi. "Qarabağ” Londondan üzübəri davam edən Çempionlar Liqası həyacanını üzərindən atmış, təkcə İtaliyanın deyil, Avropanın sayılıb-seçilən komandalarından biriylə başabaş mübarizə aparmış, rəqibin qapısına qol vurmaqla "burda biz də varıq” demişdi. Biz burdayıq. Görməyənlərə, görmək istəməyənlərə özümüzü göstəririk.

"Atletiko” ilə qarşılaşmalar isə tam ayrı şedevr idi. Mən meydanda tərk tökənlərin: rəqibin zərbələri qarşısında sipər olan Şehiçin, əsl lider keyfiyyətlərini bir daha sərgiliyən Rəşadın, zədəli ayağı ilə meydana dönən Bədavinin, dünən gecə bütün bacarığını ortaya qoyan Ramilin, həmvətənlərini vurduğu qolla şoka salan Miçelin zəhməti və əzmkarlığı qarşısında baş əyirəm. Amma bütün bu detalları bir nöqtədə cəmləyən, kiçik epizodları böyük nəticəyə çevirən Qurban Qurbanovdu. Yəqin ki, futboldan yaxşı baş çıxaranlar mənim bu sözümə etiraz etməzlər. "Qarabağ” "Atletiko” ilə əsl ispan komandası kimi oynadı. Rəqibin ayağından topu almaqla, çoxsaylı dəqiq ötürmələr, düzgün yerdəyişmələr və ondan qorxmadığını göstərməklə.

Artıq Qurban Qurbanov bir fenomen olduğunu, futbolu "top-klub"larda çalışan mütəxəssislərdən heç də az bilmədiyini isbatladı. Bu adamın milli komandaya yolunu açmaq lazımdı. İnanın ki, orda da uğurların davamını gətirəcək. Çünki O, ellərin igid oğludu!

Sport7.Az