Çingiz Səfərli
Sənət 13:54 27.09.2017

Bütün Məhəmməd Əlilər boksçu deyil

Çingiz Səfərli

Etiraf edək ki, gənc nəsil televiziya proqramlarına elə də çox baxmır. Sosial şəbəkələr, film saytları... Demək olar ki, gəncliyin həyat tərzi daha çox bu ikisi arasında dəyişir. Yaxşı halda oraya kitab da əlavə etmək olar. 

Səbəbi məlumdur. İnternet həyatımızın hər anını öz hörümçək toru ilə bağlayıb. Uşaq vaxtlarımızın Sovet dövründən qalma rəngsiz, ağ-qara televizorlarının göstərdiyi təsir indi artıq yoxdu. Qırıq-qırıq xətlər düşəndə şillə-təpiklə işlədib maraqla baxdığımız o ağ-qara televizorların verdiyi həzz artıq tənəzzül dövrünü yaşayır. Düdür "Yaşasın şou" deyib, indi də müəyyən qədər verilişlərə baxanlar var. Həmin auditoriyanı da unutmaq olmaz. 

Nə isə, məqsədim o zamankı verilişlərlə, bu günkü verilişləri müqayisə etmək deyil. Hər bir dövrün özününün tələbləri var. Vaxtilə kitab və qəzet vardı, televizor yox idi. O zaman hamı məcburən qəzet, kitab oxuyurdu. Televizor gəldi, qəzet effektivliyini itirdi, internet gəldi hamısı kölgədə qaldı…

Mən də gənc nəslin bir üzvü kimi televizordan uzağam. Bunu "Azərbaycan telekanallarında yayımlanan verilişlərin səviyyəsi aşağıdır, əyalət televiziyalarını xatırladır" mənasında demirəm, nə də ki, tənqid etmək fikrim yoxdur. Sadəcə baxmıram. Amma bunu qeyd edək ki, əgər evdə televizora heç kim baxmasa belə, hansısa bir kanal səhərdən axşama qədər açıq qalmalıdır. Bu, standart bir azərbaycanlı ailəsinin, belə deyək ki, adətidir. "Bəlkə elektrikə qənaət edim", "baxmıramsa, niyə açıq qalsın ki" fikirləri sanki bizə yaddır. Səhər yuxudan ilk oyanan ailə üzvü televizoru yandırır və gecə gec yatan onu söndürür…

İşdən çıxarkən adətən dostlardan kimləsə görüşüb, bir çay içər, ya da şəhəri biraz gəzib, sonra evə gedirəm. Artıq bu bir vərdiş, ənənə halını alıb. İki gün öncə də bu şəkildə işdən çıxdım, amma o qədər yorğun idim ki, bu dəfə birbaşa evə yollandım. Çatanda televizor açıq idi. Və təbii ki, yenə heç kəs baxmırdı.

Çayımı süzürdüm ki, verilişlərdən biri diqqətimi cəlb etdi. İndiyədək qarşıma çıxmamışdı. Deyə bilərsiniz ki, onsuz da televizora baxmırsan, təbiidi. Lakin bu tamamilə başqa idi, yəni daha öncə görmüş olsaydım, yəqin ki, tanış gələrdi. Öz aramızdı baxmasaq belə, mütləq bir şəkildə efirdə hansı verilişlərin getdiyini kimdənsə eşidir və təxminən bilirik. Dediyim kimi, bu yeni veriliş idi və daha öncə qarşıma çıxmamışdı. Bəli yanılmamışdım, verilişin ilk buraxılışı efirə gedirdi...

"Xaç atası” - bütün dövrlərin ən çox baxılan filmlərindən biri. Xeyr, bu, film deyildi… Məşhur filmlərin musiqiləri haqqında geniş informasiya yükü daşıyan, filmlə musiqinin vəhdətindən bəhs edən yeni bir proqram idi. İlk veriliş məşhur bəstəkar Nino Rotonun filmlərə bəstələdiyi musiqilərə həsr olunmuşdu. Öncə "Xaç atası” filmindən bəhs olundu, mahnının yaranma tarixindən baş rol ifaçısı Marlon Brondoya qədər müxtəlif mövzulara toxunan aparıcı Məhəmməd Əli özü də efirdə sanki bir "Don Vito Korleone” obrazı yaratmışdı. Azərbaycan mədəniyyətinin sevilən sənətçiləri, bəstəkar və söz adamları musiqi haqqında, Nino Roto barədə bir-birindən gözəl fikirlər səsləndirdilər. Amma bu fikir daha çox diqqətimi cəlb etdi: "Əgər filmdə Nino Rotonun məşhur musiqisi olmasaydı o, bu qədər sevilməz, adicə qanqster filmlərini xatırladardı”. 

Bəli, bəstəkar gücü, musiqinin sehri də elə burdadır. Yazının əvvəllərində təsadüfən filmlə musiqinin vəhdəti fikrini qeyd etməmişdim. Bu filmdə də ssenari, rejissor işi ilə musiqi bir-birini tamamlamışdı. Təsadüfi deyil... 12 yaşında xor kollektivi üçün oratoriya yazan bir uşaq təbii ki, böyüyəndə məşhur bəstəkar olacaq və belə bir möhtəşəm musiqi bəstələyərək "Oskar”a layiq görüləcəkdi.

Veriliş boyu növbə ilə Nino Rotonun "Romeo və Cülyetta”, daha sonra məşhur rejissor Federiko Fellininin çəkdiyi "Amarkord” və bir neçə filmlərə yazdığı musiqilərdən söz açıldı. Nino Roto Fellinini öz musiqiləri ilə necə ovsunlayırsa, rejissor bütün filmlərinin musiqisini məhz elə ona yazdırır. "Soundtrak" da məni bu şəkildə ovsunlamışdı, musiqi, kadrarxası mətn, aparıcı peşəkarlığı, Məhəmməd Əlinin verilişdə yaratdığı obraz bir-birini mahir şəkildə tamamlamışdı. Bir sözlə, bütün Məhəmməd Əlilər boksçu deyil, aralarında gözəl aparıcılar da var. Ən nəhayət belə qənaətə gəldim ki, gənclərimiz televizora baxmırsa, bu, onların günahı deyil. Veriliş keyfiyyətli, informasiya yükü ilə zəngin olsa, gec-tez mütləq bir şəkildə öz tamaşaçısını tapacaq. "Bəyin oğurlanması" filmində deyildiyi kimi: "Siz də elə çəkin ki, adamın ürəyinə toxunsun..."

Qaynarinfo.Az