Ölkə 15:35 17.10.2018

Bu küçədə evlər təhlükədədir

Buxta küçəsindəki sürüşmə zonasında yaşayış təhlükəlidir.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, küçəsinin ön hissəsindəki evlər sökülüb və gərginlik  var:

"Nazirlik tərəfindən Buxta küçəsi riskli ərazi kimi konturlaşdırılıb. Ərazidə relyefin maililiyi təxminən 40 dərəcəyə çatır. Əvvəldən yamac terrasvari kəsilərək boş torpağın üzərində evlər tililib. Bilirsiniz, ərazidə bir evin arxa divarı növbəti evin istinad divarı rolunu oynayır. Orada kanalizasiya suları boş sahəyə axıdılır.

Yaz aylarında uçqun baş verdi və təxminən 43 evdə qəzalı vəziyyətə düşdü. Bu gün sürüşmə nəticəsində doqquz nömrəli ev tamamilə uçub. Həmin evin yanındakı iki evdə də deformasiyalar müşahidə olunur”.

Əziz Qaralov qeyd edib ki, digər evlər də təhlükədədir: 

"Yerli qurumlar tərəfindən qabaqlayıcı işlər görüləcək”.