Siyasət 13:58 19.08.2013

BXCP-dən Çöhrəqanlının ölkəyə buraxılmamasına reaksiya

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. 

Qaynar.info-ya partiyadan daxil olan məlumata görə, iclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub. İctimai-siyasi məsələlərin müzakirəsi çərçivəsində Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının Qəbələdə keçirilən zirvə toplantısının nəticələrilə bağlı fikir mübadiləsi aparılıb və toplantı BAXCP İdarə Heyət tərəfindən yüksək dəyərləndirilib. 

İdarə Heyəti Azərbaycanda Türk Dövlətlərinin ali toplantısının keçirildiyi, bu toplantıda XXI əsrin türk əsri olduğu barədə BAXCP-nin də dəstəklədiyi bir bəyanatın verldiyi zamanda bir türk övladının - Güney Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən biri olan Mahmudəli Çöhrəqanlının öz vətəninə buraxılmamasını etirazla qarşılayıb. 

Qeyd olunub ki, Azərbaycan Respublikası dünyada yaşayan bütün azərbaycanlıların vətənidir və onların öz vətənlərinə maneəsiz gəlib-getmələrinə heç bir süni əngəl yaradılmamalıdır. BAXCP İdarə Heyəti İran rejiminin Güney Azərbaycanda – öz tarixi vətənlərində yaşayan 30 milyon azərbaycanlının hüquqlarını kobud şəkildə pozduğunu, onlara qarşı assimilyasiya siyasəti yürütdüyünü, Azərbaycan Respublikasına münasibətdə düşmənçilik siyasəti sərgilədiyini də vurğulayıb: «İran İslam Respublikası adında daşıdığı dəyərlərə və elan etdiyi prinsiplərə zidd olaraq, Azərbaycan Respublikasının ərazilərini işğal altında saxlayan, bir milyon müsəlmanı öz döğma yurdlarından didərgin salan Ermənistanla yaxından əməkdaşlıq edir və bu işğalçı dövlətə Qarabağ savaşının başlandığı ilk günlərdən hərtərəfli dəstək verir. İran rejiminin Azərbaycana qarşı yürütdüyü aqressiv və riyakar siyasət bununla yekunlaşmır. Fars rejimi uzun illərdir ki, bütün vasitələrdən istifadə etməklə Azərbaycan Respublikasında dini siyasiləşdirməyə və dini ekstrizmi stimullaşdırmağa, Azərbaycanın dünyəvi dövlətçilik prinsiplərinə qarşı təbliğat aparmağa cəhd göstərir, terroru, dini ayrı- seçkiliyi və təfriqəçiliyi dəstəkləyir. Əgər Azərbaycan iqtidarı hesab edirsə ki, Mahmudəli Çöhrəqanlının Azərbaycan Respublikasına buraxılmaması İranın ölkəmizə qarşı yürütdüyü siyasətdə hər hansı bir dəyişiklik etməsinə səbəb olacaq, tamamilə yanılır. 

Çünki İran İslam Respublikasının ölkəmizə münasibəti fars şovinizmindən qaynaqlanır və mahiyyətində tarixi anti – türk, anti – İslam siyasəti dayanır». BAXCP Azərbaycan hökumətini Azərbaycan dövlətçiliyinin təməl prinsiplərinə sonunadək sahib çıxmağa çağırıb: «Hesab edirik ki, Mahmudəli Çöhrəqanlı Azərbaycana dəvət edilməli, ona, eləcə də Güney Azərbaycan türklərinin hüquq və azadlıqları uğrunda mücadilə aparan bütün soydaşlarımıza sayğı ilə yanaşılmalıdır».

Qaynar.info