Vüsal Bağırlı
Ölkə 17:16 29.01.2020

Böyük Səhranın həşəratları və paytaxtın rütubəti

Vüsal Bağırlı

Məşhur yazıçı Antuan de Sent Ekzüperi həm də pilot olmuşdur. Bu səbəbdən onun işi havanın əhval-ruhiyyəsi ilə birbaşa bağlı olmuşdur.

Ədib öz həyatından bəhs edən "Adamların planeti” romanında yazır: "Aydınlıq gecədir. Fortun digər tərəfindəki qaya o qədər aydın görünür ki, sanki gündüzdür. Səhrada dərin, pozulmaz sükut var. Ancaq budur, yaşıl kəpənək və iki cırcırama özlərini fənərə çırpırlar. Məndə aydın olmayan hisslər baş qaldırır – sevincmi, vahiməmi – tutqun, dərinliklərdən doğan bir hiss. Kim isə mənə uzaqlardan xəbər gətirir. Bəlkə bu intuisiyadır? Lakin çöldə sakitlikdir, külək tamam yatmışdır. Nə göy, nə qumlar heç nə demir, mənimlə sadəcə həşəratlar danışmışdır.

Üzü şərqə baxıram. Əgər haqlıyamsa o, çox ləngiməyəcək. Bu həşəratlar  bura niyə gəlmişlər, onlar vahələrdən yüz kilometr aralıda nə axtarırlar? Sahilə atılmış qırıntılar açıq dənizdəki fırtınadan xəbər verdiyi kimi, kəpənək və cücülər də mənə şərqdən qum tufanı yaxınlaşdığını söyləyirlər. Mən güclə hiss edilən bir nəfəs duyuram. Mən zəifləmiş dalğaların gəlib çatdığı son həddəm. Bilirəm ki, bir azdan Böyük Səhra nəfəsini alıb verəcəkdir. Sonra, küləkölçən haray çəkəcək, göy üzü qumlu buludla örtüləcək. İndi biz cəhənnəmə, qudurmuş səhranın odlu ağuşuna atılacağıq.

Amma məni şiddətli sevinc bürümüşdür: mən təhlükəni hiss etdim,  səhra ağzını açar-açmaz onun güclə anlaşılan dilini başa düşdüm, çətin sezilən əlamətlərdən sabah havanın necə olacağını duydum.”

Onun fikirləri məni, Bakının rütubətdən üşüyən sakinləri barədə düşünməyə vadar edir.

Bəli, Bakının iqlimi çox rütubətlidir. Bu hava şəraiti bir çox sümük-oynaq xəstəlikləri üçün cıdır oylağıdır. Sümük – oynaq xəstəlikləri, revmatik iltihablar, podaqralar, osteaxandroz və digər nasazlıqlar insanları daim narahat edir.

Xəstəlik sümük və oynaqları, orqanizmi o qədər həssaslaşdırır ki, sən bir intuisiya mərkəzinə çevrilirsən. Yağışın yağmasını, havanın çiskinli və ya küləkli olacağını sinoptiklərdən daha əvvəl duymağa, hiss etməyə başlayırsan. Səhrada qəflətən peyda olan kəpənək və cücülər qum fırtınasına işarə olduğu kimi,  axşamüstü dizlərdə, topuqlarda başlayan sızıltılar sabahkı rütubətdən, nəmişlik və yağmurdan xəbər verir.

Nəmişlik, rütubət tədricən canımıza-qanımıza hopur, damarımıza yeriyir, daimi diskomfort hissi yaradırlar.

Üstəgəl də, yediyimiz GMO qidalar, dərmanlı meyvə-tərəvəz, keyfiyyətsiz ərzaq, süni yetişdirilmiş damba-inkubator mənşəli toyuq, balıq, davar əti, nəfəsimizlə alıb-verdiyimiz hisli-tozlu hava. Ardınca da, zəifləmiş immunitet, quş və donuz qripi, koronovirus və pozulmuş səhhət.

İndi təsəvvür edin, bizim biçarə, zavallı orqanizm bu həngaməyə necə dözür!?