İdman 14:55 13.12.2019

Cabir İbrahimov: "Problemdən qorxmuram, haqqın-ədalətin bərpasını istəyirəm"

"Kəpəz”in icraçı direktoru Cabir İbrahimovun Elxan Məmmədova əsəbi soyumur. 

Belə ki, sabiq klub rəsmisi Sport7.az saytı ilə əlaqə saxlayaraq Elxan Məmmədova səslənib. 

Qaynarinfo onun açıqlamasını olduğu kimi təqdim edir: 

"Elxan Məmmədovun çıxışı zamanı dediklərimi yalanladığına görə mətbuata açıqlama vermişdim ki, hansı vasitə ilə istəyirlərsə mənimlə əlaqə yaratsın, istər versin məhkəməyə, istər mətbuat önünə çıxıb sözlərimdəki həqiqəti sübut edim. Ancaq mən görürəm ki, bu şəxsdən bir səs çıxmır. Bu gün gördüm ki, Rəşad Sadıqov da Elxan Məmmədovun onun barəsində dediklərinə münasibət göstərib. 

Fikir verdinizsə Berlində açılan uşaq futbol məktəbi ilə bağlı Məmmədova verilən "nə qədər vəsait xərclənib?" sualından yadımdan çıxıb, xatırlamıram deyərək bir neçə dəfə yayınmağa çalışdı, axırda da həmin məktəbin aylıq xərclərinin 100 min manat cıvarında olduğunu dedi. Ancaq mənim araşdırmalarıma görə, bu məktəbin aylıq xərcləri 250 min manatdır. Yəqin ki, elə 250 min manat ayrılıb, ancaq xərclənən 100 min manat olub. Ona görə də Elxan Məmmədovun yadında belə qalıb. Sadəcə, mən istəyirəm ki, haqq-ədalət bərpa olunsun. 

Mən özümə görə bir vətəndaşam, millətimizin oğluyam, onun çıxıb efirdə mənə yalançı damğası vurmasını qəbul edə bilmirəm. Mənim də cəmiyyətdə, şəhərimdə, ətrafımda, idman camiəsində nüfuzum var. Ola bilər ki, Elxan Məmmədov kütləvi şəkildə onun haqqında deyilən sözləri qəbul edə bilir. Hələ bir çıxıb suallardan yayınmaqla, yayındırıcı cavablar verir. Fikir verin, biz futboldan danışırıq, bu, başqa mövzulardan danışır. Ortaya başqa mövzu ataraq suallardan yayınır. Ancaq mən istəmirəm ki, sırf bu məsələdən o, yayınsın. 

Mən bu yaşıma qədər alnıaçıq olmuşam. Gördünüz ki, mənim adım çəkiləndə o nə etdi, adımı belə tələffüz etməyi özünə sığışdırmır. Yaradanın gözü önündə biz hamımız eyniyik. Ancaq o insan özünü elə aparır ki, sanki hamımızdan artıqdır. Ancaq artıqlığı nədədir bilinmir. Artıqlıq bizdədir ki, alnımız açıq, dilimiz uzundur. Elxan Məmmədovdan fərqli olaraq yalandan, yeyintidən, bizə etibar olunmuş işlərdən istifadə etməmişik. Bizim fərqimiz var. Ancaq o, belə düşünmür. 

Ətrafım deyir ki, Elxan Məmmədov maddi və vəzifə baxımından çox-çox üstündür, özünə problem yaradırsan. Mən o problemdən qorxmuram, haqqın-ədalətin bərpa olunmasını istəyirəm. Elxan Məmmədovdan nə iş istəmirəm, nə də güc... Sadəcə, elədiklərinin cavabını versin. Çıxıb efirdə nüfuzuma xələl gətirib, yalançı adlandırır. Yalan danışan, mənə böhtan atan elə özüdür. O, efir vasitəsi ilə mənə şər-böhtan atıb. Lazım deyil onun göndərdiyi yoxlamanın adını çəkim, müəyyən sənədləri ortaya çıxardım. Qanuni şəkildə harada istəyirsə, görüşək. Onun efir vasitəsi mənə yalançı deməsini qəbul edə bilmirəm. Mənim nüfuzum var, o da ona görədir ki, mən düzgünlüyün tərəfdarıyam. Elxan Məmmədovun ətrafından da xahiş edirəm ki, bu açıqlamanı oxuduqdan sonra ona çatdırsınlar və hansı şəkildə istəyirsə mənimlə əlaqə yaratsın. Amma sağlam əlaqə, təsir, təzyiq olmasın. Mənim də öz yolum, bu işlərdən xəbərdar olan insanlar var. O zaman onlar bildirəcəklər ki, Elxan Məmmədov filankəsə kənardan təzyiqlər göstərdi. Yəni, belə şeylər olmasın,  dövlətin qanunlarına uyğun olaraq sağlam şəkildə görüşüb danışmaq istəyirəm. Mənə atdığı ləkənin açıqlamasını versin ki, yalan dedim nədir?!" 

Qeyd edək ki, AFFA-nın baş katibi Elxan Məmmədov İTV-də yayımlanan "3D" verilişində "Kəpəz”in icraçı direktoru Cabir İbrahimovun klubdakı yeyinti faktlarında AFFA-nı ittiham etməsi ilə bağlı iddianın yalan olduğunu demişdi. 

Röya Kərimli