Nazlı Ağayeva
Ölkə 12:11 15.11.2019

Cahid adlı ümumiləşmiş Azərbaycan fəhləsi

Nazlı Ağayeva

Günəmuzd fəhlənin övladı olan balaca qızcığazda ehtimal edilən leykozla üz-üzəyik. Yalnız çarəsiz xəstəliklə deyil, həm də ondan doğacaq dəhşətli sarsıntılarla, böyük xərclərlə. Sarsıntı artıq canımıza hopub, o xərclərin öhdəsindən gəlmək üçün isə əldə-ovucda heç nə yoxdur. Satılıb kara gələsi bir şey də. Ümid son həlledici analizədir. Yalnız uşağın deyil, yaxınlarının da ölüm-qalım məsələsi o cavaba bağlıdır. Bu ölkədə minlərlə adamın yaşadığı acı hisslər hərəni bir yerdə iflic edib. O cavaba qədər bizdən adam olmaz, o cavabdan sonra nə olub-olmayacağımız allaha qalıb. 

O qızcığazın atası qucağımda böyüyüb, ətəyimdən tutub ilk addımlarını atıb. Dünyanın sovet vaxtı onu adi qripdən qaçırıb xırda səyahətlərə çıxardım. Qucağımda sanki ana qoynunda imiş kimi sakit, gözəl bir uşaq qonaq getdiyim rəfiqələrim bizi görəndə uğunub gedərdilər. Poeziyanın, nəsrin "anasını ağlatdığımız” gecələrdə o uşaq dizimizin üstündə yuxuya gedərdi. Ölkədə nəşr üzü görən hər kitabı az qala hər kəsin oxuyub müzakirə etdiyi zamanları deyirəm. Ki, onda bir kitabın cəmiyyətin müzakirəsinə verilməsi hadisəyə çevrilərdi. Artıq ölkədə kitabdan bol, oxucudan qıt heç nə yoxdur. Qısa bir dairə xaric hər birimiz dişimizlə-dırnağımızla öz kitabımızın içində çabalayırıq. Əlbəttə, məqsədim ədəbi polemika açmaq və yaxud ictimai-siyasi dövrləri səciyyələndirmək deyil, sadəcə əsrə bərabər sayılı saatların təsvirinə girməyə qorxuram. Çünki nə günümüzün ağır reallıqlarının içinə girməyə halım qalıb, nə də onlardan qaçmağa gücüm... 
Vətən sizə oğul desə...

Əyalətdən paytaxta işləyib ailəsinə bir parça çörək qazanmaq üçün köç edən minlərlə vətəndaşdan biridir mənə "bibi” deyən qırx yaşlı "uşaq”. Böyük iddiası yoxdur, sadəcə bu. Amma bundan ötrü bahalı şəhərin ən ucuz məhəllərində tutulacaq kirayə ev var. O evin kirayəsini vaxtında ödəməklə içində yaşayanların ehtiyaclarını ödəmək var. Əlindəki sənədsiz-sübutsuz, rejimsiz-qaydasız işi itirməmək üçün son gücünə qədər dirənmək var. Hər gün üçün sabahın məchul əndişəsi var və təsvir etdikcə ürəyimin dayana biləcəyi çox şeylər var. Onların üstündən də uğrunda bütün məşəqqətlərə dözdüyü ciyərparası qəfil dəhşətli diaqnoza düçar olarsa... Gündəlik ehtiyacları qarşılamaqdan savayı heç nəyi olmadığı vaxtda başına yıxılan dünyanın altında qalmaq deyilmi bu? 

Və bizlər Cahid adlı ümumiləşmiş Azərbaycan fəhləsinin doğması olmağın çarəsizliyindən sığortalanmamışıq. O isə ki, bütöv həyatları heç bir qəzadan sığortalanmamış o cahidlərin hər an qarşılaşa biləcəkləri "təsadüfləri” təsəvvür etmək belə adamın qanını dondurur. 

Hərçənd... Sözlə çatdırılması mümükün olmayan böyük və xoşbəxt möcüzə hesabına o diaqnoz ehtimal edilən nəticəni doğrultmadı. Uzun bir müalicə və yaxşı baxım, normal həyat tərzi tələb edən şərtlərlə ötüşdü. Əks təqdirdə işləməkdən əlləri daşa dönən o kövrək ata heç bir cəhətdən bunu qaldıra bilməzdi. Və yenə hərçənd ki, adı üstündə möcüzələr hər zaman baş vermir. Qəfildən hər hansı xəstəlik və qəza özündən betər maddi sıxıntı gətirir. Gündəlik dolanan adi vətəndaşın belə təyinatlar üçün bircə artıq manatı yoxdur. Və bu yoxluq ən azı həmin bəlalar qədər təhlükəlidir. Həm də qaçılmaz. 
Bu kədərli söhbəti isti-isti yazmaqla sadəcə hərəyə bir şəkildə tanış vəziyyəti paylaşmaq istəmədim. Hətta bu hallarda belə başqa xoş nüansların olduğunu demək istədim. O nüansların fonunda uşaq qəfil ağırlaşan andan Xızır kimi yetişən Xıdır adlı cəfakeş, sadiq dostun əvəzsiz varlığından danışmaq istədim. Uzun illərin fəhləlik dostu xəbəri alan andan ta sona qədər atanı eşidə biləcəyi hər şeydən neytrallaşdıraraq bütün məlumatlara özünü sipər edib. Yalnız iki balası davamlı həkim nəzarətindədir deyə təcrübə sahibi kimi yox, digərinin belə vəziyyətdə dərhal yıxılacağına əmin olduğundan. Onun zəif və güclü tərəflərini yaxşı tanıdığından. Üzündən uşaq kimi saflıq yağan çəlimsiz gəncin eyni vaxtda yox yerdən maddi-fiziki durumu yalnız qarşılayıb idarə etməyi sıradan bir hərəkət deyil, böyük fədakarlıqdır. Azərbaycan vətəndaşını ayaqda saxlayan ən güclü sığorta elə budur. Yoxsa bu dünyanın bu zəngin ölkəsini, bu ölkənin hələ ki, məchul və qaydasız döyüşlərə meydan olan halını çəkmək olmazdı. Əzab-əziyyətlərdə bərkimiş xıdırlar, cahidlər bizim dövlətimiz, gələcəyimizdir. Əsgərlikdən və fasiləsiz çalışmaqdan savayı heç nəyə imkanı və zamanı çatmayan vətəndaşın həyata tutulması özlüyündə elə bir vətən sevgisidir. Əvəz istəmirlər, vətən bunu anlasa yetər.    

P.S. Bu ara fəhlə cahidlərin balalarını dişinə götürüb paytaxt küçələrində iş axtardıqları zaman Qəbələ rəsmiləri rayonda son bir ildə on altı min iş yeri açıldığını bəyan etdilər... O rayonun işsizləri Azərbaycan televiziyalarına baxmırlarmı? Heç deyilsə birtərəfli qaydada streslərini atardılar. Bundan ötrü ən münsib və xətasız ünvan elə xəbərin qaynaqlandığı efirdir. Daha o şəkildə yaraşıqlı, rəsmi idarələrə işsiz və yoxsul kütləni buraxmayacaqlar ki...