Siyasət 15:03 17.08.2013

Ceyhun Səfərov həbs edildi

Avqustun 15-də  Klassik Xalq Cəbhəsi Partiyasının Gədəbəy rayon təşkilatı Rayon İcra Hakimiyyətinə məktubla müraciət edib.

Təşkilat sədri Ceyhun Səfərovun imzaladığı məktubla İcra Hakimiyyətindən Milli Şuranın  avqustun 18-nə təyin etdiyi mitinqə dəstək üçün rayonda 500 nəfərin toplaşması üçün müvafiq məkan ayrılması xahiş olunub. Bu haqda məlumat verən rayon sakini Əli Abdullayev bildirib ki, müraciətdən bir gün sonra C.Səfərov polis tərəfindən saxlanılıb: “Ceyhun Səfərovu “Vüsal” şadlıq evində toyda iştirak etdiyi vaxt polislər çölə çağırıb və özləri ilə aparıblar. Onu Rayon Polis Şöbəsinin istintaq təcridxanasında saxlayırlar. 3 polis raport yazıb ki, güya Ceyhun Səfərov küçədə asayişi pozub, səs-küy salıb. İcra nümayəndəsi və bələdiyyə sədri də şahid kimi onun üzünə dayanıblar. Bu gün Gədəbəy Rayon Məhkəməsində qapalı şəraitdə keçən prosesdə Ceyhun Səfərova 15 sutka həbs cəzası verildi. Onunla görüş vermirlər, apardığımız yeməkləri də götürmürlər”.

Ə.Abdullayev Rayon İcra Hakimiyyətindən onların məktubuna cavab verilmədiyini də söyləyib: “Mitinq üçün yer ayrılması haqda məktuba 48 saat ərzində cavab verilməli idi. Lakin cavab vermirlər. Biz məktubda İcra Hakimiyyətindən mitinq keçirmək üçün bizə hansısa konkret bir ünvanı ayırmasını şərt kimi qoymadıq. Yazdıq ki, istəyirsiniz lap meşədə yer ayırın, biz gedib orada mitinqimizi keçirək. Lakin bunlar bizə cavab vermirlər. Üstəlik, məktubu imzalayan Ceyhun Səfərovu da şərləyib həbs etdilər”.

Qaynar.info