Foto 18:00 31.05.2018

Cocuq Mərcanlıya ikinci köç başladı: məcburi köçkünlər geri qayıdır (FOTOLAR)

Cəbrayıl rayonunun erməni işğalından azad edilən Cocuq Mərcanlı kəndinə ikinci köç başlayıb. 

Qaynarinfo "Report"a istinadn xəbər verir ki, ikinci mərhələdə kənddə 100 ev inşa olunub.

Cocuq Mərcanlı kəndindən olan və əsasən Bakı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər həmin evlərə köçürülür. 

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, Cocuq Mərcanlıda daha 100 fərdi ev inşa edilib. Burada 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binalar, poçt binası və digər zəruri infrastruktur obyektləri tikilib. 17 hektar ərazidə inşa edilən evlərin 14-ü birotaqlı, 38-i ikiotaqlı, 36-sı üçotaqlı, 12-si dördotaqlıdır. Hər bir ailə üçün 0,10 hektar torpaq sahəsi ayrılıb. Qəsəbədaxili yollara asfalt örtük salınıb, elektrik, su və qaz xətləri çəkilib. Bütün infrastruktura malik qəsəbədə sakinlərin yaşayışı üçün hər cür şərait yaradılıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, Cocuq Mərcanlıda birinci mərhələdə 50 fərdi yaşayış evi, 100 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası inşa edilib, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilib. Birinci mərhələdə qəsəbədəki evlərə 2017-ci ilin iyul ayında Cocuq Mərcanlı kəndindən olan müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürülüb.