İdman 11:38 27.05.2013

Con Toşak: Sabah əsl bayram Lənkəranda olacaq

“Xəzər Lənkəran” klubunun baş məşqçisi Con Toşak bu gün mətbuat konfransı keçirib. 

APA-nın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda jurnalistlər qarşısına çıxan uelsli mütəxəssis Azərbaycan kuboku uğrunda “Neftçi” ilə sabah baş tutacaq final görüşü haqda fikirlərini bildirib. 

- Öncə onu deyim ki, Azərbaycan çempionuna qarşı oynayacağıq. “Neftçi”ni çempionluq münasibətilə təbrik edirəm. Cari mövsüm Azərbaycanın ən yaxşı komandası olduğunu sübut etdi. Çempionat yağ və çörəkdirsə, kubok kremdir. Belə götürəndə, mövsüm “Xəzər Lənkəran” üçün uğursuz oldu. Çünki çempionatda yaxşı çıxış etmədik. Ancaq kuboka yaxşı hazırlaşmışıq və meydana qələbə üçün çıxacağıq. Möhtəşəm azarkeşlərimiz var və onlar üçün əlimizdən gələni etməliyik. 

- Siz kubok məşqçisi, həmkarınız Böyükağa Hacıyev isə əcnəbilərin qənimi sayılır...

- Ümid edirəm ki, dueldən sonra sağ qalacağıq. Biz hər şeyi təhlil etmişik və finalda qalib gəlməyə çalışacağıq. 

- Kubokun qalibi çempionu məğlub etsə, bu, nəyin göstəricisi olacaq?

- Belə paralellər aparmaq düzgün olmaz. Məsələn, İngiltərədə aşağı diviziona düşən “Uiqan” “Mançester Siti”yə qalib gəlib.

- Lənkəranlı azarkeşləri çempionatdakı nəticədən daha çox bir şey maraqlandırır – “Neftçi”yə qalib gəlmək...

- Bu, bizim üçün əlavə motivasiyadır. Biz hər bir çətinliyə hazırıq. 

- Adrian Pitin vəziyyəti necədir?

- Bu oyuna hazır deyil. Ümid edirəm ki, 3 həftə sonra Avroliqaya hazırlaşdığımız zaman sıralarımızda olacaq. 

- Sizin üçün Superkuboku nə vaxt keçirmək münasibdir?

- Bu oyunun nə vaxt olacağını deyə bilmərəm. Ancaq iyunun 28-də keçirilməyi yaxşı ideya deyil.

- “Neftçi” düşərgəsində deyirlər ki, “Xəzər Lənkəran” Avroliqaya bizim hesabımıza çıxıb. Rəqibin bu atmacasını necə qəbul edirsiniz?

- Səmimi olsaq, “Xəzər Lənkəran” cari mövsümdə çıxışı ilə Avroliqaya vəsiqə qazanmağa layiq deyil. Ancaq finalda qalib gəlib, Avropaya getməyə layiq olduğumuzu göstərmək istəyirik. 

- Oyun öncə məşqi niyə səhər saatlarına salmısınız?

- Biz son günlərdə belə məşq edirik və bu balansı pozmaq istəmədik.

- Azərbaycan çempionatının səviyyəsi sizi necə qane edirmi?

- Çempionatın səviyyəsi, təşkilatçılığını qənaətbəxş sayıram. Ancaq məni bir şey təəccübləndirir ki, bu da oyunların sintetik örtüklü meydançalarda keçirilməyidir. Bu, karyeramda ilk dəfə olub.

- Siz “Neftçi” ilə ilk dəfə qarşılaşacaqsınız. Rəqibdən çəkindiyiniz futbolçu, mövqe var?

- Məni daha çox öz komandamı düşündürür. Hər halda, rəqibi təhlil edəcəyik. Fikrimcə, futbolçular “Neftçi”ni məndən yaxşı tanıyır. 

- Maraqlıdı, Toşak sabah Azərbaycanda hansı bayramın olduğunu bilir?

- Səhv eləmirəmsə, müstəqillik günüdür. Ümid edirəm ki, sabahkı oyundan sonra əsl bayram Lənkəranda olacaq. 

- Oyunu “Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov da izləyəcək. Ola bilərmi ki, qələbədən sonra klubun sahibi komandaya daha yaxşı baxdı?

- Biz gələn mövsümə daha yaxşı hazırlaşmalıyıq. 

Qaynar.info