Daha bir həmvətənimiz Avropada dövlət qulluğunda yüksək vəzifəyə təyin olunub.
 
23 yaşlı İsveç vətəndaşı olan azərbaycanlı gənc qız Aida Kiani İsveçdə yüksək vəzifəyə təyin olunub. İsveçin Malmö şəhər meriyasına təyinat alan Aida haqqında Malmö kommunasının mətbuat xidməti özəl reportaj hazırlayıb. 

"Qaynarinfo" ölkə.az-a  xəbər verir ki, bu barədə məlumatı diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk verib.

Jurnalist Aidə Kianıni başladığı iş haqqında soruşub və ona meriyadakı fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, Aidə Kiani 1994-cü ildə İsveçin Motala şəhərində anadan olub.  O, Avropanın tanınmış Azərbaycan diaspor və lobbiçisi, Stokholm bələdiyyəsinin dövlət qulluqçusu Leyla Kianinin qızıdır. 

Aida Kiani Malmö Dövlət Universitetinin Beynəlxalq əlaqələr və dövlət qulluqçuluğu fakültəsinin bu ilki məzunudur. Tələbə dövründə də Malmö şəhər bələdiyyəsində əvvəlcə praktika, daha sonra yay aylarında çalışaraq dövlət qulluqçuluğu sahəsində təcrübə qazanıb. Bu ilin oktyabr ayından etibarən isə şəhər meriyasında hökümət seçkiləri üzrə Malmö şəhərinin baş koordinatoru kimi yüksək vəzifəyə təyin olunub. 

İsveçdə doğulub böyüməsinə baxmayaraq, doğma Azərbaycan, isveç, ingilis və danimarka dillərində sərbəst danışan Aidanın gələcək arzularından biri Azərbaycan və İsveçin birgə müştərək layihələr üzərində işləməkdir.
 
Qaynarinfo.Az