Hüseynbala Səlimov
Siyasət 17:59 26.06.2018

Daha yeddi ilin bəlli Türkiyəsi...

Hüseynbala Səlimov 

İlk dəfə iyun ayında Türkiyədə növbədənkənar seçkilərin, özü də parlament və prezident seçkilərinin eyni vaxta (konstitusiyaya düzəlişlərə görə belə olmalıdır) təyin olunmasını eşidəndə ağlımıza gələn bu, olmuşdu ki, görən, niyə belə tələsirlər? Doğrudanmı, indiki durumu hakim partiya özü üçün ələdüşməz fürsət hesab edir?    

Amma artıq bu suallar, necə deyər, keçmişdə qaldı. Bəli, bəzi proqnozlara rəğmən qardaş Türkiyədəki seçkilərdə nəinki ikinci tura ehtiyac qalmadı, hətta seçkilər ölkənin siyasi konfiqurasiyasında ciddi bir dəyişiklik yaratmadı, əksinə hakim AKP mövqelərini bir az da möhkəmləndirərək cəmiyyətdən həm icra, həm də qanunverici hakimiyyətin mandatını aldı.
Müxalifətin seyrək iradları oldu, amma düşünürük ki, bundan sonra yalnız müxalifətin öz düşərgəsində siyasi qalmaqalların baş verməsi mümkündür. Məsələn, əsas müxalifət partiyası CHP-dən M.İncənin namizədliyinin irəli sürülməsini bəzi müşahidəçilər K.Qılıncdaroğlunun "kələyi” kimi dəyərləndirmişdilər. 

Ona görə də çox mümkündür ki, qısa müddətdən sonra M.İncə ilə K.Qılıncdarğolu arasında CHP uğrunda siyasi savaşın şahidi olaq, çünki prezident seçkisini şərəflə başa vursa da, İncə hazırda parlamentdən də kənarda qalıb, bu isə əlbəttə ki, nisbətən gənc və perspektivli siyasətçini qətiyyən razı sala bilməz. 

Amma bütün hallarda, bunlar Türkiyənin öz problemləridir və bizim üçün daha vacib olanı bunların Azərbaycan müstəvisinə proyeksiyasıdır. Əlbət ki, Türkiyədəki siyasi konfiqurasiyanın dəyişməməsinin bizimçün həm müsbət, həm də mübahisəli tərəfləri var. Mübahisəli cəhət odur ki, indiyədək müşahidə olunan siyasətin davamını gözləmək lazım gələcək ki, bunun da həm üstün, həm də yorucu aspektlərini sezmək olur.

Ümumilikdə, əlbəttə ki, daha düzgünü müsbət məqamlardan danışmaqdır. Bir detalı qeyd edək ki, prezident R.T.Ərdoğan özünün seçki platformasına Dağlıq Qarabağla bağlı xüsusi maddə salmışdı ki, bu da Türkiyənin siyasi həyatında Azərbaycanla bağlı ilk belə detallardandı. 

Heç sözsüz ki, əvvəlki hakimiyyətlər də Dağlıq Qarabağ problemini diqqətdən kənarda qoymurdu, amma etiraf etmək lazım gəlir ki, indiki hakim partiya məsələyə daha çox önəm verir. 
Şübhəsiz, bizim başqa umacaqlarımız da vardır. Suriya məsələsinin Ankara üçün nə qədər önəmli olduğunu başa düşürük. Amma Ankaranın diqqətinin daha çox Cənubi Qafqaza yönəlməsində maraqlıyıq. 

Üstəlik, burada bir məsələ də var. Bizimçün Ankara-Moskva vektoru kimi Ankara – Vaşinqton vektoru da, Türkiyənin NATO ilə ilişkiləri də olduqca önəmli və əhəmiyyətlidr. İstərdik ki, türk diplomatları Qarabağ problemilə bağlı hər üç müstəvidə fəaliyyət göstərsinlər və düşünürük ki, bunun prosesə yalnız faydası ola bilər. Hətta Suriya məsələsi və onu çözmək üçün yaradılan Astana üçlüyünün hələki konkret nəticələrə nail ola bilməməsi göstərir ki, Dünyada heç bir böyük problem Vaşinqtonun iştirakı olmadan çözülə bilməz. 

Düşünürük ki, Dağlıq Qarabağ problemi də bu qəbildəndir. Üstəlik, Ankaranın Tehranla da ciddi münasibətləri var və o, bundan İranın Dağlıq Qarabağ müstəvisindəki səylərini artırmaq üçün faydalana bilər. 

Əsas odur ki, Dağlıq Qarabağ problemi düzgün təsəvvür olunsun və başa düşülsün ki, burada vacibdən də vacib məsələ Kremlə təzyiq göstərməkdir, bununçün isə bir daha deyirik ki, Ankara Vaşinqtonla və İranla mövcud olan əlaqə və müttəfiqlik imkanlarından istifadə edə bilər.

Amma təəssüf ki, Ankara diplomatiyasının ağırlıq mərkəzi hazırda Suriya səmtinə sürüşüb və ölkə öz siyasi və diplomatik resurslarından ən çox bu problemin çözülməsi üçün yararlanmağa çalışır.

O ki qaldı Ərdoğanın daha bir müddətə prezidentlik etməsinə, çox istərdik və hətta arzulardıq ki, Türkiyə siyasətində anti-Qərb ritorikası bir azacıq olsa da, səngisin, çünki bu hal demokratik Türkiyəni avtroritar İran rejimilə bir cərgəyə qoyur. 

Əlbəttə demirik ki, ABŞ və yaxud d elə Avropanın özü Türkiyəyə münasibətində daha səmimidir. Əlbəttə ki, belə deyil, üstəlik, onunla da razılaşırıq ki, son dövrlərdə nəinki Türkiyə ilə, hətta ABŞ-la Avropanın özünün münasibətləri də ənənəvi instutisional çərçivədən kənara çıxır. 

Amma bütün hallarda ən azı böyük siyasətin özünün çərçivələri qalır. Bəzən R.T.Ərdoğan anti-Qərb ritorikasında o qədər uzağa gedir ki, adam çaş-baş qalır, fikirləşirsən ki, bura İrandır, yoxsa ki, Türkiyə, bu danışan Ərdoğandır, yoxsa Ruhani?..

Burada bir detalı qeyd etmək yerinə düşər. Düzgün və demokratik seçkilər, cəmiyyətin R.T.Ərdoğana etimad göstərməsi bir tərəfə, amma Türkiyə son illərdə, ən əsası da 2016-cı ildəki çevriliş cəhdindən sonra xeyli avtoritarlaşıb, hətta səhv etmiriksə, o vaxt tətbiq olunan fövqəladə rejim vəziyyəti indiyədək götürülməyibdir. 

Hətta bunları da müvəqqəti "mövsümi avtoritar qabarma”lar kimi dəyərləndirmək olardı, daha çox narahatlıq yaradan başqa məqamdır: ölkə böyük mollaxanaya çevrilir. Düzdür, son bir-iki ildə Gülənin dini şəbəkəsinə qarşı mübarizə, Milliyyətçi Hərəkat Partiyası ilə yaxınlaşma, millətçi "ülkü ocaq”larının bərpası – bunlar heç sözsüz ki, tələsik nəticə çıxarmamağı diqtə edir. Amma narahatlığımızı hər halda, ifadə etməyə çalışdıq və bir daha deyirik ki, o, tamamilə əsassız da deyildir... 
            
Qərəz, həm Rusiyadakı, həm də Türkiyədəki seçkilər bizə sürprizlər yaşatmadı: ən azı müəyyənlik var, biz V.Putini də, R.T.Ərdoğanı da çox yaxşı tanıyır, onların siyasi üslubunu və prioritetlərini bilirik. Bir daha deyirik ki, bu da müəyyən üstünlüklər yaradır, ən azı indiyədək mövcud olan siyasətə ciddi korrektələr etməyi tələb etmir. Əlbət ki, bunun özü də bir daha deyirik ki, müsbət bir haldır, bir şərtlə ki, seçkilərə qədər harada dayandığımızı unutmayaq. 

Problemlər həmişə olacaq, bunsuz qətiyyən mümkün deyil. Amma bu günlərdə bir kitabda çox maraqlı bir cümlə sataşdı gözümüzə: siz heç bir maneəsiz çıxış yolu tapmısınızsa, bilin ki, bu yol heç hara aparmır.

Bizimsə gedəcəyimiz ünvan da bəllidir, bu yoldakı çətinliklər də. Həm də adam qardaş qarşısında problemlərini etiraf etməkdən çəkinmir. Çox istərdik ki, qarşıdakı illər həm də Dağlıq Qarabağın qurtuluşu illəri olsun – onda onların hətta acısı da adama bal kimi görünər...