Ölkə 13:54 15.11.2013

Daş karxanalarında ETİRAZ

Yük maşınlarına əllə yüklənən bir daşın illərdir 2 qəpik olmasına etiraz edən fəhlələr növbəti həftənin birinci günündən etiraza başlamağa hazırlaşırlar.

Bu xəbəri “Axar.az”a Qaradağın Gülbaxt daş karxanasında işləyən fəhlə Qərib Səmədov verdi. Onun sözlərinə görə, artıq belə işləmək, yaşamaq mümkünsüzdür:

“Təsəvvür edin ki, bir yük maşını təxminən 800 daş tutur, onu yükləmək üçün ən azı iki fəhlə lazımdır. Bir neçə saatlıq əziyyətdən sonra iki fəhləyə cəmi 16 manat pul qalır. Bu pulla nahar eləməlisən, su içməlisən, hələ axşam evinə də pul aparmalısan. Belə dözülməz, qul kimi işləməkdən təngə gəlmişik”.

Q.Səmədovun sözlərinə görə, onlara heç bir şərait yaradılmayıb: “Daş karxanalarında nəinki hamam, heç əl-üz yumağa su da tapmaq olmur. Amma biz yayda günün altında, tozun-torpağın içində, qışda soyuqda, palçığın içində qul kimi işləyirik ki, bir parça çörək qazanaq. Əvəzində hər biri 30 kilodan artıq olan bir daşı 2 metr hündürlüyündə maşına qalamaq əvəzində 8 manat almaq heç içdiyimiz suyun pulu deyil”.

“Nə sığortamız var, nə də iş yeri sayılır ki, qocalanda pensiya alaq” deyən fəhlənin sözlərinə görə, dəfələrlə bədbəxt hadisələr olub, fəhlələr kombaynın, iri yük maşınlarının altında qalıb, yaxud elektrik cərəyanı vurub: “Şikəst qalanlar heç bir yardım almır, bir parça çörək üçün gəlib ayağını, qolunu itirənlərə kompensasiya verilmir”.

Fəhlələrin tələbləri də böyük deyil: “Heç nə istəmirik – hər yerdə maaş qalxır, ərzaq bahalaşır, bizdə də heç olmasa, hər daşa görə qiyməti bir qəpik qaldırsınlar”, - deyə Q.Səməov bildirir.

Fəhlələr Qaradağda, Güzdəkdə yerləşən karxanalara xəbər göndəriblər: “Onlar da bizə qoşulacaq. “Kamaz” sürücülərinə də xəbərdarlıq etmişik ki, nahaq yerə karyerə gəlməsinlər”.

Q.Səmədovun dediyinə görə, aksiya Gülbəxt, Şahqaya, Könül və digər karxanaları əhatə edəcək.

Qaynar.info