Ölkə 10:32 18.07.2013

Davudoğlunun Bakı səfəri erməniləri təşvişə salıb


Şarmazanov rəsmi Ankaranın Qarabağ – Azərbaycan münaqişəsinə qarışmamalı olduğunu deyib

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Azərbaycana səfəri və bəyanatları ilə bu ölkəyə dəstək nümayiş etdirməsi rəsmi İrəvanı qorxuya salıb. Bu, Ermənistan parlament rəsmisinin açıqlamasından məlum olub. “News.am”ın xəbərinə görə, Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov rəsmi Ankaranın Qarabağ – Azərbaycan münaqişəsinə qarışmamalı olduğunu deyib. “Əgər Türkiyə Qarabağ – Azərbaycan probleminin təcili həlli yolunu həqiqətən axtarırsa sadəcə kiçik bir addım atmalıdır. Münaqişənin həlli yoluna qarışmasın və müdaxilə etməsin”.

Qeyd edək ki, iki gün əvvəl Türkiyə XİN rəhbəri Əhməd Davudoğlunun Azərbaycana səfəri başlayıb. Azərbaycan-Türkiyə münasibətlərinə toxunan Davudoğlu bildirib ki, Türkiyə həmişə Azərbaycanı dəstəkləyib və gələcəkdə də dəstəkləyəcək. “Azərbaycan bizim qardaşımızdır. Biz istənilən anda qərar verib bura gələ bilərik. Gələn ayda Türk forumu üçün bura gələcəyik”.

Türkiyə XİN rəhbəri eyni zamanda Minsk qrupunun fəaliyyətini də tənqid edib. “ATƏT-in Minsk Qrupu Qarabağ münaqişəsinin həlli ilə bağlı öz səylərini artırmalıdır. Donmuş münaqişələrin nizamlanması olduqca əhəmiyyətlidir. Türkiyə də öz növbəsində Azərbaycanın ərazi bütövlüyü çərçivəsində problemin həllinin tərəfdarıdır və daim Azərbaycanın yanındadır”.


Qaynar.info