Dünya 12:14 09.02.2013

“Ded Xasan”ın erməni şəriki həbs edildi

Ötən gün ABŞ-ın Nyu-York şəhərində keçirilən məhkəmədə “Pzo” ləqəbli 44 yaşlı erməni “Qanuni oğru” Armen Kazaryan barəsində hökm çıxarılıb.

ANS PRESS-in verdiyi məlumata görə, bir müddət əvvəl tibbi sığorta ilə bağlı dələduzluqda ittiham olunaraq saxlanılan erməni cinayətkar birləşməsinin rəhbəri Armen Kazaryan məhkəmənin qərarı ilə 37 ay müddətinə azadlıqdan məhrum edilib və 60 min dollar məbləğində cərimə olunub.

Məhkəmə zalına həbsxana geyimində və qandalda gətirilən A.Kazaryan hakimin hökmünü sakitcə dinləyib və son söz deməkdən imtina edib. Onun əvəzinə qohumları, dostları və A.Kazaryanın sponsorluq etdiyi erməni kilsəsinin keşişi əfv istəyiblər.

A.Kazaryan ABŞ-ın müxtəlif ştatlarında həbs olunmuş 70-dən çox adamdan ibarət cinayətkar dəstə səhiyyə sığorta sistemində saxtakarlıqla 163 milyon dollar mənimsəməkdə ittiham olunub. O isə haqqında səslənən ittihamlarla razılaşıb və özünü günahkar hesab edib.

Qeyd edək ki, A.Kazaryan bu yaxınlarda qətlə yetirilən kriminal avtoritet, “Ded Xasan” ləqəbli Aslan Usoyanın Los-Ancelesdə inanılmış adımı hesab olunurdu. A.Usoyan yanvarın 16-da Moskvada ağır yaralanıb və sonradan xəstəxanada ölmüşdü.