Ölkə 13:23 10.10.2019

Dəhşətli statistika: 10 gündə 12 qadın döyüldü, 4-ü öldü

Oktyabrın ilk ongünlüyündə 12 qadın məişət zorakılığına məruz qalıb. Onlardan 4-ü dünyasını dəyişib, 7-si isə ağır yaralanıb.

Qaynarinfo Axar.az-a istinadən xəbərlə bağlı statistikanı təqdim edir:

Bakı, Binəqədi rayonu, "Avtovağzal” metrosu yaxınlığında Nicat Abdullayev küçədə həyat yoldaşı Leyla Abdullayevanı uşaqlarının gözü qarşısında 20 bıçaq zərbəsi ilə qətlə yetirib.

Beyləqanın Yuxarı Aran kəndində döyülərək ölümcül vəziyyətdə yolun kənarına atılan 18 yaşlı Aygün Mehman qızı Quliyeva xəstəxanada vəfat edib.

Daşkəsənin Əmirvar kəndində 19 yaşlı, hamilə olan Ayşə Samir qızı Abdullayeva həyat yoldaşı tərəfindən döyülüb.

Nizami rayonunda 39 yaşlı İlham Əkbərov yaşadığı evdə arvadı, 36 yaşlı Əkbərova Cəvahir Telman qızını qısqanclıq zəminində bıçaqlayaraq öldürüb.

Tərtərin Şıxarx qəsəbəsində qayınata əsəbləşərək avtomobillə gəlininin üstünə sürüb. maşının altında qalan gəlin ölüb. Hadisənin ailə münaqişəsi zəminində və qəsdən törədildiyi bildirilir.

Gəncənin Bayan küçəsində 1977-ci il təvəllüdlü Natavan Sabir qızı Mustafayevanın əri Məhərrəm Sirati tərəfindən boğazı kəsilib.

Bakının Nəsimi rayonunda şəxs qardaşı arvadı və qardaşı qızını beysbol dəyənəyi ilə döyərək xəstəxanalıq edib.

Abşeronun Masazır qəsəbəsində Aynurə Bəhmən qızı Abdullayeva əri Yaqub Qurbanov tərəfindən döyülərək öldürülüb.

Bakıda məhbus Ramin Bayramov ona baş çəkməyə gələn həyat yoldaşı 33 yaşlı Elmira Bayramovanı döyüb və kəsici alətlə ona ağır xəsarət yetirib.

Xətai rayonu NZS qəsəbəsində ailə münaqişəsi zəmnində qardaş öz bacısı, 1966-cı il təvəllüdlü Köçərli Bikə Məhəmmədəli qızını döyərək ağır xəsarət yetirib.

Nəsimi rayonunda 44 yaşlı Abbasova Nəzirə Ağagül qızı keçmiş əri tərəfindən döyülüb.

Goranboy rayonunda 35 yaşlı qadını döyüb, ata bağlayaraq sürüyüblər.