Beynəlxalq Daxili Köçürülmələr üzrə Monitorinq Mərkəzinin direktoru Aleksandra Bilak 2017-ci ildə 31 milyon insanın öz ölkəsində məcburi köçkün vəziyyətinə düşdüyünü açıqlayıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bunların böyük bir qismi Afrika və Ərəb ölkələrinin payına düşür.

1 il ərzində bu qədər insanın daimi yaşayış yerini tərk etmək məcburiyyətində qalmasının utancverici hal olduğunu deyən Bilak müharibə və avtoritar idarə üsuluna qarşı daha ciddi mübarizənin aparılmasına ehtiyac olduğunu vurğulayıb.

Təşkilatın 2017-ci il hesabatına görə, təxminən 19 milyon insan təbii fəlakətlər səbəbindən öz evindən didərgin düşüb. Şiddət və münaqişə səbəbindən ölkə daxilində yerini dəyişən qadın, kişi və uşaqların sayı isə 11,8 milyon nəfərdir.

Hesabatda qeyd olunur ki, bu rəqəm 1 il öncə ilə müqayisədə təxminən 2 dəfə artıb.

Afrika ölkələrində 5,5 milyon, başda Suriya olmaqla digər ərəb ölkələrində isə 4,5 milyon daxili köçkün var.

Ölkəsində terror, diktatura və silahlı münaqişələrin hökm sürməsi səbəbindən qaçan 40 milyon insanın bir hissəsi hələ də öz ölkəsinə qayıda bilməyib.

Fırtına, sel, yanğın və quraqlıq kimi təbii fəlakətlər 135 ölkədə kütləvi köçlərə səbəb olub. Hesabata görə təbii fəlakətlərdən zərər çəkənlərin sayı Çində 4,5 milyon, Filippində 2,5 milyon, ABŞ və Kubada isə 1,7 milyon nəfərdir.
 
Qeyd edək ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində isə 1 milyondan çox soydaşımız öz torpağında qaçqın və məcburi köçkünə çevriliblər.