Hüseynbala Səlimov

Məzmunundakı bəzi geosiyasi və geoiqtisadi eybəcərliklələ dolu mesajlara baxmayaraq rus mediası hələ də biz yazarlar üçün nəinki əsas qaynaqlardan biri kimi çıxış edir, hətta bəzən örnək də ola bilir. 

Əlbət ki, Rusiya da azad ölkə deyil və azad ölkə kimi təqlid oluna da bilməz, amma elə ən əsası da odur ki, məhz belə qeyri - azad ölkənin və dövlətin timsalında biz seyrək də olsa azad ziyalının qeyri-azad dövlətdə və cəmiyyətdə necə davranmasının şahidi ola bilirik.

Çox uzunçuluq etməyəcəm və sizi nümunələrlə yormayacam. Bu günlərin söhbətidir. Rusiya saytlarının birində "Dəlilik milli ideya kimi” adlı bir yazı sataşdı gözümə. Bir daha əmin oldum ki, Rusiyada hələ də "Ziyalı hakimiyyətə müxalif olmalıdır” kredosuna sadiq insanlar var.

Müəllif çox maraqlı detallara diqqət çəkirdi. Yazırdı ki, biz ruslar həmişə sağlam, praqmatik düşüncə tərzindən qaçaq olmuşuq, bizim davranışımızı və önəm verdiyimiz dəyərləri heç vaxt rasional prizmadan yozmaq mümkün olmayıb –rusları və Rusiyanı rasional məntiqlə izah etmək həmişə problem olub...
Mən bu fikirlərin meydanını bir az da genişləndirərdim: görünür, bunu bütün Şərq mədəniyyətinə və düşüncə tərzinə aid etmək olar. Bəli, nahaq yerə demirlər ki, Şərq irrasional məsələdir.

Amma söhbəti çox da uzaq, mücərrəd fəlsəfi dərinliyə də çəkmək istəmirəm. Mən bunu "Ruslar və dünya”, "Biz və dünya” rubrikaları kimi səciyyələndirərdim. Ona görə ki, biz həmişə digərlərinə proyeksiya olunanda, digərlərində əks olunanda anlaşıqlı oluruq. 

Abstrakt olaraq, tək götürdükdə heç bir fərd bir əxlaq vahidi, bir sosial vahid kimi anlaşılmır. 

Yalnız başqlarından inikas olunan əksimizi görəndə kimliyimiz aydınlaşır. Bunu bir insan və cəmiyyətlə də bağlı demək olur, bir millət və Dünya ilə bağlı da. 

"Bir fərd və cəmiyyət”, hətta "bir fərd və insanlıq” müstəvilərində bu sualları ən çox araşdıran, bəlkə də ilk araşdıran da elə rus olub – bəli, F.Dostoyevski olub. Bunun da detallarına varmayacam, bir onu deyəcəm ki, bu adamın  bütün yaradıcılığı bir insanın və ya bir neçə insanın daxili dramıdır. Bəlkə elə buna görə də V.Nabokov yazırdı ki, F.Dostoyevskinin timsalında rus ədəbiyyatı böyük bir dramaturqu itirdi? 

Ola bilər, amma sözümüz bunda da deyil. Ona diqqət çəkmək istəyirik ki, F.Dostoyevskidə insan özünün hakimininə və özünün hətta qəniminə çevrilir...
Bəli, hər şey əxlaqdan, əxlaq da günah anlayışından başlayıb – günah anlayışı olmasaydı əxlaq olmazdı, əxlaq olmasaydı insanla digər canlılar arasında fərq olmazdı və mənə beelə gəlir ki, bütün yaradıcılığı boyu da F.Dostoyevski buna diqqət yönəltməyə çalışıb.

Qərəz, gəldik "günah məsələsi”nə və buradan da adi siyasətə adlayacağıq. Bir az əvvəldə iki qəlib adı çəkdim, onlardan biri də "Biz və dünya” idi. Biz həmişə haqlıyıqmı? 

Bəlkə də millətlər var ki, onlar üçün bu suallar artıq tamam predmetsizdir. Bir çox hallarda məhz mənsub olduqları siyasi sistemlər bu və ya digər cəmiyyətləri belə sual qarşısında qoyur. Bir baxın, ruslar demək olar ki, hər gün bu sualı çözməklə məşğuldurlar. Bir baxın, gənc, hələ tam demokratikləşməmiş dövlətlərin cəmiyyətləri bu sualı çözməklə məşğuldur. Artıq holland, isveçli və yaxud da fin özünə belə suallar vermir, çünki onlar daha heç kim üçün sual deyillər...

Biz isə,- ruslar da, azərbaycanlılar, özbəklər və qeyriləri də bu sualları çozmək məcburiyyətindəyik, çünki biz hələ sualıq: özümüzə də, qeyri – millətlərə də...

Ruslar necə problemdir, biz necə problemik – düşünürəm ki, bunu da çözməyə ehtiyac yoxdur: hər gün bundan yazmırlarmı, danışmırlarmı? O səbəbdən bunun da xırdalığına varmağa ehtiyac yoxdur. Daha düzgünü hər cəmiyyətin buna reaksiyasının üzərində dayanmaqdır.

Dünya palitrasında cəmiyyətlər - millətlər də fərd kimi çıxış edir və onların adından bir qayda olaraq hökumətləri danışır. V.Putin bir neçə dəfə deyib ki, bizə günah kompleksini aşılamağa çalışırlar, amma biz bunu özümüzə yaxın buraxmamalıyıq. Fəqət, burada dərhal sual yaranır: əgər günah anlayışı yoxdursa, onda elə rus F.Dostoyevskinin dediyi kimi hər şey icazəli deyilmi?..

Bizimkilər başqa "çıxış yolu” tapıblar: nə deyilirsə, qayıdırlar ki, bəs "ikili standartlar”dır! Amma burada da dərhal sual yaranır: bizə "ikinci standartla” yanaşmanın səbəbi o deyildirmi ki, biz hamı kimi deyilik və hamı kimi olmaq istəmirik?

"Hamı kimi olmamaq məsələsi”nin də çözümü olmalıdır. Bizdə bu, heç  də etnik – milli kodlarımızı hifz etmək zərurətindən yaranmır, bununla Yer üzünün heç bir millətinin işi yoxdur. Bu kodlar cəmi millətlərdə var. Biz o şeylərdən imtina etmirik ki, qeyri millətlər onlarla yüz illər bundan əvvəl vidalaşıblar. Biz isə "kor tutduğunu buraxmayan kimi” onlardan əl çəkmirik – başqasının haqqını tanımırıq, başqasının azadlığına dəyər vermirik, daim başqasının cibinə giririk, halallıqla qazanmağa, hallalıqla yaşamağa çalışmırıq...

Ona görə də aydın məsələdir ki, Dünyada əslində elə doğrudan – doğruya iki standart olmalıdır – biri normal, digəri də qeyri – normal cəmiyyətlər üçün. 
İki şagird təsəvvür edin. Biri nümunəvi, daim dərslərinə hazırlıqlıdır. Digəri isə əksinə. Bir gün nümunəvi uşaq da çaşıb səhv hərəkət edir. Müəllim də onu yüngülcə tənbeh edir. Bunu görən nadinc şagird dərhal qayıdır ki, bəs bu ikili standartlardır! Müəllimsə deyir: "İkili standartdır! Zəhmət çək, sən də hamı kimi ol, cəmi bir standart olsun!”...