Sağlamlıq 20:43 01.10.2017

Dəlillər, miflər və bilinməyənlər: Porno zərərlidirmi?

Pornonun yüksək dərəcədə istehlakı qadınların real həyatda əşyalaşdırılmasına yol açırmı?

Pornoqrafiya artıq bir internet axtarışı qədər asandır və getdikcə bu üsul daha da məşhurlaşır. Bəs pornoya belə asan giriş insanların davranışı, münasibətləri və istəklərini necə dəyişir?

Həyatda çox az şey var ki, həqiqətən də universal sayıla bilər. İnsanlar müxtəlif dillərdə danışa, fərqli qidalar yeyə və hətta, fərqli emosiyalar keçirə bilərlər, amma dünyanın milyonlarla sakini porno izləyir.

Geniş kütlələr tərəfindən istehlak edilsə də, porno cəmiyyətin problemlərinin mənbəyi hesab olunur. Porno, hətta Utah siyasətçiləri tərəfindən ictimai səhiyyə təhlükəsi damğası alıb.

Ötən bir neçə onillik ərzində porno, internet və sürətli virtual bağlantılar sayəsində tamamilə dəyişib. Bu üsulla o, əvvəlkindən daha məşhur olub.

Elə virtual reallığı götürək. Bu ilin əvvəlində Birləşmiş Krallıqda (BK) yerləşən Newcastle Universitetindən araşdırmaçılar müəyyənləşdiriblər ki, virtual reallıq, porno təcrübəsini müstəqil müşahidəçi formatından qəhrəmanlığa çevirir.

Bu isə reallıq ilə fantaziya arasındakı hüdudu yayğınlaşdırmaqla, münasibətləri zədələyə və ziyanverici davranışa səbəb ola bilər - deyə, alimlər xəbərdarlıq ediblər.

Bəs pornonun insanlara təsir göstərib-göstərmədiyini izah edən dəlil varmı? Tədqiqatlar suallara cavab verə bilərmi?

Əslində isə alimlər üçün bu sualları araşdırmaq çox çətindir. Pornonun təbiəti buna imkan vermir: araşdırmaçılar, insanları ya porno vərdişləri haqqında söylədikləri əsasında, ya da laboratoriya şəraitində porno izləyərək tədqiq etməlidirlər ki, bunların da heç biri ağlabatan görünmür. (Heç şübhəsiz ikinci variant, bir az da qəribə səslənir.)

Bununla belə, artan sayda əsərlər var ki, faydalı ola bilər.

BBC Future tədqiqatçıların indiyədək gəldiyi nəticələri gözdən keçirib.

Cinsi zorakılıq

Porno ətrafındakı əsas sual, onun təcavüz və cinsi zorakılıq davranışlarını artıran, normaya salan və hətta təkanverici qüvvə olub-olmamasıdır.

Bu ehtimal uzun illərdir ki, diqqət mərkəzindədir. Məsələn, 1970-ci illərdə Kopenhagen Universitetindən kriminologiya üzrə professor Berl Kutchinski, Danimarka, İsveç və Almaniyada altı cinsi cinayət hadisəsini nəzərdən keçirib.


Virtual reallıq getdikcə daha təbii görünür

Porno adıgedən ölkələrdə 60-cı illərin sonu 70-ci illərin əvvəlində qanuniləşdirilib. O müəyyənləşdirib ki, cinayətin artması və dekriminalizasiya ilə pornonun əlaqəsi yoxdur və bu müddət ərzində zorlanma və uşaqlara təcavüz də daxil olmaqla seksual cinayətin dərəcəsi aşağı düşüb.

1995-ci ildə 4 min nəfərin iştirakı ilə baş tutan 24 araşdırmanın meta-analizi, pornodan istifadə ilə insanların zorlanma və seksual təcavüz anlayışları arasındakı əlaqəni ortaya qoyub.

Araşdırmaların hər birində "zorlanma mifi" adlı ölçüdən istifadə olunub. Ölçü əsasında insanlardan müxtəlif iddiaları qiymətləndirmələri istənmişdi. Məsələn, "İlk görüşdə kişinin evi və ya mənzilinə gedən qadının məqsədi sekslə məşğul olmaqdır".

Yalnız eksperimental araşdırmalarda porno izləyənlər, nəzarət qrupuna nisbətən zorlanma mifini qəbul ediblər. Qeyri-eksperimental araşdırmalarda - iştirakçıların verdiyi məlumatlar əsasında - heç bir əlaqə yox idi. Beləliklə, nəticələr qaneedici olmamışdı.

Bununla belə, son illərdə porno daha çox zorakı bir şey kimi təsvir edilir. Mövzu haqqında bu yaxınlarda çəkilən bir sənədli filmdə veteran porno ulduzu deyib ki, 1990-cı illərdə porno, "yataqda sevişmək" və "son dərəcə romantik seks" ilə məşğul olmaqdan ibarət olub.

Lakin 2010-cu ildə tədqiqatçılar 300-dən artıq porno səhnəsini analiz etdikdən sonra müəyyənləşdiriblər ki, onların 88%-də fiziki təcavüz mövcuddur. Təcavüzü icra edənlərin əksəriyyəti kişilər və onların hədəfi isə qadınlardır. Qadınların təcavüzə qarşı ümumi reaksiyası isə ya məmnun etmək istəyi, ya da biganə münasibətreaksiya olur.

Bəs daha yeni araşdırmalar nə deyir?

2009-cu ildə 80-dən artıq araşdırmanın icmalında, pornodan istifadə ilə zorakılıq arasındakı əlaqənin səthi olduğu rəyinə varılmışdı. Aradakı əlaqəni göstərən hər hansı sübut isə ya media, ya da siyasətçilər tərəfindən şişirdilir.

"Artıq pornoqrafiyanın zorakı seksual həmləyə yol açdığı barədə hipotezdən imtina etmək vaxtıdır," müəlliflər yazmışdı.

Los Angeles-də yerləşən California Universitetindən Neil Malamuth, porno və seksual zorakılıq üzrə çoxsaylı araşdırmalar aparıb. Onlardan birində 300 kişi iştirak edib. Həmin araşdırmanın nəticəsi göstərib ki, seksual baxımdan aqressiv olan və çoxlu aqressiv pornoqrafiya izləyən kişilər, seksual aqressiv hərəkətlər etməyə daha meyllidirlər.

Amma o iddia edir ki, seksual zorakılığın səbəbi porno deyil. 2013-cü ildə o, BBC Radio 4-ə deyib ki, porno izləməyi alkoqol ilə müqayisə etmək olar. Yəni, porno mahiyyət olaraq təhlükəli deyil, fəqət risk daşıyıcıları üçün təhlükəli ola bilər.

Beyin və bədən

2014-cü ildə aparılan bir araşdırmaya əsasən, porno izləmək beynin həzlə əlaqəli hissəsini kiçildə bilər. Berlinin Max Plank İnstitutunun tədqiqatçıları 60-dan çox kişinin beynini onlar pornoqrafik rəsmlər izləyən müddətdə nəzərdən keçiriblər və onların porno izləmə vərdişlərini sınaqdan çıxarıblar.

Onlar, beynin mükafat sistemini təşkil edən zolaqlı cismin, pornonu çox izləyənlərdə daha kiçik olduğunu aşkar ediblər. Yəni, həmin insanların həyəcanlanması üçün daha çox qrafik material lazım gəlib. Amma tədqiqatçılar, kiçik zolaqlı cismi olan kişilərin daha çox porno izləməyə meylli olduğunu və ya kiçilmənin pornoya tez-tez baxmaqla yarandığını müəyyənləşdirə bilməyiblər. Bununla belə, onlar ikinci variantın səbəb olduğunu güman edirlər.


Porno izləməyə başlamaq boşanmanın carçısı ola bilər

Tez-tez erektil disfunksiyanın səbəbi, porno izləmək nəticəsində yaranan hissizlik hesab olunur. Lakin bunu təsdiq etmək üçün kifayət qədər araşdırma aparılmayıb.

Əslində porno izləmək seksual istəyin artmasına kömək ola bilər. UCLA və Concordia Universitetlərinin tədqiqatçıları bu qənaətdədirlər. Onlar müəyyən ediblər ki, laboratoriyada göstərilən pornoya nisbətən, adi şərtlər altında porno izləyən kişilər daha çox ereksiya yaşayırlar.

Münasibətlər

"Dostum istəyirdi ki, sevgilisi porno ulduzları kimi geyinsin və onlar kimi hərəkətlər etsin. Porno izləmək o qədər asan bir şeydir ki. Oğlanları sinifdə və ya avtobusda telefonlarında porno izləyən görmək mümkündür."

Bunu, bu yaxınlarda BK məktəblərində seksual təcavüz və seksual zorakılıqla bağlı aparılan dövlət sorğusunda 17 yaşlı şagird deyib.

Pornonun daha çox gənclərin münasibətlərinə təsir göstərdiyi bildirilir. Etiraf etmək lazımdır ki, araşdırmalar daha çox yetkin yaşlılara köklənir. Buna görə də nəticələr çox vaxt təzadlı olur.

Porno izləmək kişilərin partnyorlarına qarşı marağını azaldır, 1989-cu ildə Douglas Kenrick tərəfindən aparılan araşdırmadan sonra məhz belə bir xəbərdarlıq edilirdi.

Qərbi Ontario Universitetinin doktorantura tələbəsi Rhonda Balzarini-yə görə, araşdırma psixologiyaya "yüksək təsir" göstərmişdi. Keçən ilin noyabrında o, buna bənzər sınaqlar keçirib. Bunun üçün o, 10 dəfə daha çox iştirakçını - üç fərqli araşdırma üçün 150 heteroseksual qadın və 400 hetereseksual kişini sınayıb və nəticələri tutuşdurub.


Bir araşdırmada göstərilir ki, partynorları ilə birgə porno izləyən insanlar özlərini daha sadiq və seksual baxımdan məmnun hesab edirlər

O, kişi və qadın iştirakçılara qarşı seks jurnallarındakı çılpaq, geyimli və abstrakt incəsənət şəkillərini göstərib. Həm kişi, həm də qadınlar daha sonra tərəf müqabillərinə qarşı münasibətdə heç bir fərq hiss etmədikləini dilə gətiriblər.

Balzarini rədd etsə də, iki araşdırmanın nəticələri fərqli ola bilər. Çünki orjinal araşdırma 1989-cu ildə - pornonun indikindən fərqli məna daşıdığı dövrdə aparılmışdı.

Bu araşdırmanın əksinə, cari ilin may ayında dərc olunmuş bir tədqiqat müəyyənləşdirib ki, porno izləməyə başlamaq boşanmanın carçısı ola bilər.

2006 və 2014-cü illər arasındakı məlumatlara əsasən, porno izləməyə başlayan amerikalıların boşanma sayı ikiqat artıb. Ayda iki və ya üç dəfə pornoya baxanların ayrılmaq şansı daha yüksək olub.

Amma bu, porno izləməyin boşanma səbəbi və ya uğursuz münasibət simptomu olduğunu müəyyənləşdirə bilməyib. Ən mühümü isə araşdırmada ortaya çıxıb ki, tez-tez porno izləyən insanların - ən az gündə bir dəfə - heç vaxt izləməyənlərdən fərqli olaraq, boşanma şansı daha aşağıdır.

Seks həyatı

Porno, uzun zamandır ki, cütlüklərin cinsi həyatına pis təsirdə günahlandırılır. Bu, izlənən pornonun formasından asılı ola bilər. Son araşdırmaya əsasən, porno izləyən kişilər seks həyatlarından daha az razı qalırlar. Qadınlar üçün isə əksini demək mümkündür.

Tədqiqatçılar təklif edir ki, bu, qadınların pornonu daha çox partnyorları ilə birgə izləməsindən irəli gələ bilər. Bu halda kişilər, təklikdə izlədikləri mövzuya baxmırlar.

Başqa bir araşdırmada göstərilir ki, partynorları ilə birgə porno izləyən insanlar tək izləyənlərə nisbətən, özlərini daha sadiq və seksual baxımdan məmnun hesab edirlər.

Asılılıq

Pornonun yaratdığı ən pis vərdişlərdən ən birincisi adətən asılılıq kimi göstərilir.


Porno həm də seksual müxtəlifliklə əlaqələndirilir

Cambridge Universitetində aparılan bir araşdırmada porno asılılığı narkotik asılılığına bənzədilib. Sən demə hər ikisi beyni eyni şəkildə tətikləyir.

Heteroseksual kişi iştirakçılardan - yarısı icbari seksual davranışlı (ingiliscə CSB) və yarısı CSB-siz - seksual və qeyri-seksual video klipləri fMRT nəzarətində qiymətləndirmələri istənilib.

CSB adətən seksual asılılıq göstəricisi kimi qəbul olunur. Bu, beynin həddən artıq seksual fikirlərlə, istəklərlə yüklənməsi və ya insana stress yaşadan davranışlarla müşayiət olunan və onların işləri, münasibətləri və həyatlarının başqa hissələrinə neqativ təsir göstərən bir haldır.

Araşdırmada CSB-li insanlarda beyinin daha aktiv üç hissəsinin narkotik vasitə aludələrində də aktiv olduğu müəyyən edilib.

Seksual videolara qarşı yüksək dərəcədə marağı olan CSB-li insanlar, onlardan artıq bir elə də zövq almırlar. İstəklə bəyənmə arasındakı fərq, narkotik asılılığında da tez-tez rast gəlinir. Yəni, aludələr həzz aldıqlarına görə yox, istədiklərinə görə asılılıqlarını təmin edirlər. Bu, təşviq motivasiyası adlanır.

Lakin tədqiqatçılar belə nəticəyə gəliblər ki, CSB-li beyinlərlə narkotik vasitə aludələrinin beyni eyni işləsə də, bu pornonun asılılıq yaratdığı anlamına gəlmir.

Seksual davranış

Aşkarlanıb ki, porno insanları seks haqqında daha açıq fikirli və rahat edir, lakin bir araşdırma göstərib ki, bu insanları həddindən artıq rahat da edə bilər.

265 kişi arasında aparılan bir sorğuya əsasən, kondomsuz seksual videoları izləyən homoseksual kişilər də qorunmaya daha az meyl göstərirlər. Əgər onların izlədiyi videolarda kondomdan istifadə olunubsa, onlar da qoruyuculardan istifadə edəcəklər.

Kondomlar porno sənayesində bir o qədər də məşhur deyil. Çünki aktyorlar cinsi yolla ötürülən infeksiyalara qarşı tez-tez yoxlanışdan keçirlər.

Porno həm də seksual müxtəlifliklə əlaqələndirilir. Bəzi dəlillər göstərir ki, porno izləmək adi seksdən daha çoxuna meyl yarada bilir. Amma bu, xoşbəxt olmayan insanlar üçün keçərlidir.

2002-ci ildən 2004-cü ilə qədər əldə edilən məlumatlar əsasında müəyyənləşib ki, porno izləyən insanların daha çox seksual partnyoru və münasibətləri olur və seks üçün daha çox pul xərcləməyə hazırdırlar. Mövzu üzrə başqa araşdırmalar kimi pornonun bu davranışa yol açıb-açmadığı bəlli deyil.

Qadınlara qarşı münasibət

Porno seksual münasibət və real olmayan gözləntilər doğuran bir hal kimi uzun müddətdir ki, qınaq ünvanıdır. Tədqiqatlar ziddiyyətli nəticələr göstərsə də, onlardan biri ən dərinə vara bilib.


Səbəb və təsirlə bağlı suallara cavab tapmaq üçün porno üzərində daha çox araşdırma aparmaq lazımdır

Kopenhagen Universiteti və Los Angelesdə yerləşən California Universitetinin tədqiqatçıları 200 yetkin yaşlı insandan pornoya nə qədər baxdıqları və bunun onların razılıq xarakterlərinə necə təsir göstərdiyini soruşublar. Razılıq altruizm, yardımsevərlik, etibarlılıq və ünsiyyətlilik kimi xüsusiyyətlərin də daxil olduğu "böyük beşliyin" bir hissəsidir.

İştirakçılar laboratoriyada porno izlədikdən sonra, tədqiqatçılar müəyyənləşdiriblər ki, pornonu həddən artıq izləmək, qadınlara qarşı neqativ münasibətdən asılıdır. Buraya stereotiplər və qərəzli davranış da daxildir. Amma bu yalnız daha az məmnunluq xüsusiyyətinə malik kişilərdə müşahidə olunub.

Nəticələr?

Porno izləmək həm fərdlər, həm də cəmiyyət üçün bir çox problemlərin göstəricisi kimi qiymətləndirilir. Lakin hər yeni araşdırma ilə pornonun adı haradasa təmizə çıxır. Araşdırmalar zamanı tez-tez dəlillər qarışdırılır və araşdırma metodları və ya nümunə ölçüləri məhdud şəkildə təqdim olunur.

Bəs görəsən getdikcə daha çox əlçatan olan pornonun gələcəyi daha böyük risklər gətirə bilərmi? Buna cavab vermək üçün hələ çox tezdir.

Səbəb və təsirlə bağlı suallara cavab tapmaq üçün porno üzərində daha çox araşdırma aparmaq lazımdır: porno daha çox seksual aqressiv tendensiyalar daşıyan insanları cəlb edirmi? Münasibətlərində xoşbəxt olmayan, beyinlərindəki mükafat funksiyası daha kiçik olan və seksual asılılığı olan insanları? Və ya bütün bunlara səbəb pornodurmu görəsən?

Bu, heç də asan tədqiq oluna bilən bir sahə deyil. Cavablar hələ dəqiq olmasa da, dəlillər göstərir ki, pornonun neqativ təsiri daha çox onu istehlak edən şəxsdən asılıdır.

Qaynarinfo.Az

Mənbə: BBC