Ölkə 12:04 08.02.2014

Dəm qazından boğulan universitet müəllimlərinin oğlu danışdı


“Evin tək oğlu üçün atanın tabutunun altından çıxıb ananın tabutunun altına girməyin nə olduğunu bilirsiniz?
Atanı dəfn etmək, sonra ananın qəbrini qazmaq, bir gündə, bir saatda bunları etməyin acısını çəkmək üçün adamda güc qalmır. Valideynlərin ikisini də bir gündə itirməyin nə olduğunu anlamaq, bunu həzm etmək olduqca çətindir. Allah heç kəsə belə dərd göstərməsin”.


Virtualaz.org xəbər verir ki, bu sözləri azadlıq.info-ya Bakının Hüseyn Cavid prospektində yerləşən binada fevralın 5-də dəm qazından dünyasını dəyişən Tibb Universitetinin müəllimləri 1939-cu il təvəllüdlü Həqiqət Xudaverdiyeva və 1940-cı il təvəllüdlü Nizami Babayevin övladı Pərviz Babayev deyib.

O, sonuncu dəfə valideynləriylə fevralın 4-də danışdığını deyir: “Valideynlərim bizdən ayrı yaşayırdılar. Fevralın 4-də səhər saatlarında anamla, axşamüstü isə atamla danışmışdım. Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarıyla evə girəndə dəm qazının iyini hiss etmədim. Anam da saat 12-yə qədər xalam oğluyla telefonda söhbət edib. Bundan sonra yatıblar. Atam çox diqqətli və qənaətcil adamdır. Işığa, qaza, suya diqqət edən adam olub. Yəni inanmıram ki, qazı açıq qoyub yatsınlar. Əgər hadisə dəm qazından olsaydı, yaşlı, ürəyi xəstə adamlar yuxudan oyanmaz. Biz evə gələndə yataqdakı yorğanlar səliqəylə bükülmüş vəziyyətdə idi. Onlar yataq otağında yox, biri dəhlizdə, o biri isə mətbəxtdə olub. Düşünürəm ki, anam xəstə olduğu üçün halı pisləşib. Köməyə atamı çağırıb, atam isə ləng adamdı. Ona kömək edə bilməyib. Həm də onlar bir-birləriylə nəfəs alırdılar. Həyəcandan atamın da ürəyi dayana bilər”.

Həqiqət xanım Tibb Universitetinin Ictimai sağlamlıq və səhiyyənin təşkili kafaderasının, Nizami Babayev isə Əczaçılıq kimya kafedrasının dosenti olub. Pərviz Babayevin sözlərinə görə, valideynləri arasında qarşılıqlı hörmət olub: “Onlar bir-birlərinə etdikləri hörmətlə bizi tərbiyələndiriblər. Nəsə bir iş görəndə, nəyisə yerinə yetirəndə məsləhətsiz, biri o birindən gizli etməzdi. Fikirlərini öyrənib, məsləhət alandan sonra edərdilər”.

Pərviz Babayev də Tibb Universitetinin məzunu olub, hazırda sözügedən təhsil müəssisəsində dərs deyir. Atasından təhsil alıb. Ata Nizami Babayevlə, müəllim Nizami Babayev arasında fərqi belə izah edir: “Ailədə başqa cür idi, universitetdə başqa cür. Heç vaxt universitetdə mənə güzəşt etməzdi. Başqa tələbələrlə mənim aramda onun üçün heç bir fərq yox idi. Əksinə, tələbə yoldaşlarıma güzəşt edirdi. Məsələn, məndən zəif dərsi danışan adama 4, 5, mənə isə 3, 4 yazırdı. Işarə də edirdim ki, mən sənin oğlunam, bir fərq qoy. Ancaq heç vaxt bu işdə kömək etməzdi”.

Heç vaxt valideynlərinin onu döymədiyini deyən Pərviz Babayev bildirir ki, onları həmişə sözlə başa salıblar: “Nə atam, nə də anam məni, yaxud bacımı döyməyib. Sakit qalmayanda və ya dərsi oxumayanda bizi küncdə saxlayardılar. Kitab verib oxutdururdular. Dərsimizi öyrənənə qədər küncdən çıxmağa ixtiyarımız yox idi. Bizə belə tərbiyə veriblər”.

“Həmişə deyirdilər ki, bizi bir yerdə dəfn edərsiniz. Tale elə gətirdi ki, onların məzarı nəinki yanaşı oldu, hətta eyni gündə bu dünyadan köçdülər. Onsuz da bir-birlərindən ayrı qala bilməzdilər. Bundan sonra bizə çətin olacaq. Sağ olsun universitetin rəhbərliyi, bütün kollektiv mərasimdə iştirak etdi. Az da olsa, bizə bu dərdi unutdurdular. Baxma, diqqət, qayğı da böyük şeydir”- deyir Pərviz Babayev.


Qaynar.info