Ölkə 15:05 12.01.2018

Departament FHN-nin üstünə yıxır, nazirlik isə "bizlik deyil" deyir...

Bakının bəzi küçələrində mağaza sahiblərinin öz vitrinlərini küçəyə çıxarması halları ilə tez-tez qarşılaşırıq. Belə vəziyyətlərdən biri də Əhmədli metro stansiyasından Bakı kinoteatrına qalxan ərazidədir. Sahibkarların satdıqları əşyaları mağazanın qarşısına düzməsi piyadaların gediş-gəlişinə maneçilik törədir. Mağaza sahibləri bunu obyekt ərazisinin kiçik olması ilə əlaqələndirsələr də, bu, piyadaların hüquqlarının pozulması üçün əsas olmamalıdır.

Bəs müvafiq dövlət qurumları bununla bağlı hər hansısa bir reyd keçirirlərmi?

Məsələ ilə bağlı Bakı şəhər Ticarət və Xidmət Departamenti ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov Qaynarinfo-ya açıqlamasında bu kimi halların qanuna zidd olduğunu, lakin buna müdaxilə etməyə səlahiyyətlərinin olmadığını bildirdi:

"Mağaza sahibinin öz malını çıxarıb küçədə satması qanunla qadağandır. Lakin bizim o məsələlərə müdaxilə etməyə səlahiyyətimiz çatmır. Bu kimi hallarla Fövqəladə Hallar Nazirliyi məşğul olur, məlumat almaq üçün onlara müraciət edə bilərsiniz. Əgər haradasa qanunsuz şəkildə küçə ticarəti varsa, biz ona müdaxilə edə bilərik".

Fövqəladə Hallar Nazirliyindən isə qurum tabeliyində bu işlərə nəzarət edilməsi ilə bağlı hər hansısa bir idarə və ya şöbənin mövcud olmadığı bildirildi.

Azəd İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da bu məsələlərə Bakı Şəhər İcra Hakimiyyəti və İqtisadiyyat Nazirliyinin nəzarət etməli olduğunu vurğuladı. Qaynarinfo-ya açıqlama verən ekspert həmçinin paytaxtın bəzi yerlərində hələ də qalmaqda olan küçə ticarətindən də danışdı. Birlik sədri buna sahə müvəkkillərinin göz yumduğunu və müəyyən haqq qarşılığında icazə verdiklərini bildirdi:

"Bu, hər cəhətdən yolverilməz bir haldır. Xüsusilə antisanitariya şəraiti şəhərin simasının pozulmasına gətirib çıxarır. Ən inkişaf etmiş ölkələrdə belə həftənin şənbə və bazar günləri yarmarkalar keçirilir, lakin həmin yarmarkalar saat 8-dən başlayıb təxminən günorta saatlarında bitir və oralar elə təmizlənir ki, heç burada yarmarkanın təşkil edildiyi bilinmir. Azərbaycanda da bunu etmək olar. Lakin ticarət məsələlərində, xüsusilə məhsulların küçələrə qoyularaq satılmasında böyük problemlər var.

Mən uzun müddət Zaqafqaziya ölkələri arasında Azərbaycanın Dəmiryolu Vağzalının ətrafının təmizlənməsini çox böyük fəxrlə qeyd edirdim. Lakin son 3 ayda Dəmirol Vağzalının lap üstündə açıq küçə ticarətinə başlanılıb. Artıq, qatardan düşən şəxsi birinci meyvə-tərəvəz və xaş satanlar qarşılayır. Çox təəssüf ki, bunu da leqallaşdırırlar. Şübhəsiz ki, bu işlərin həyata keçirilməsində sahə müvəkkillərinin rolu var. Dünyanın ən gözəl şəhərlərindən biri olan Bakı bu gün bu vəziyyətdə olmamalıdır. Bakı şəhər İcra Hakimiyyəti yanında Ticarət və Xidmət Departamenti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bu işlərə ciddi nəzarət etməlidir. Çox təəssüf ki, dövlət orqanlarının nümayəndələri isti və rahat kabinetlərindən çıxmağa o qədər də meyilli deyillər. Bu gün elə məhz bu məsələlərlə bağlı İqtisadiyyat Nazirliyinin 195 (2),  Vergilər Nazirliyinin 195 (1) qaynar xətlərinə dəfələrlə zəng vurmuşam, lakin cavab verən olmayıb”.

Çingiz Səfərli