Siyasət 11:52 01.05.2013

Deputat: “Bu insanlara hörmətsiz yanaşmaq doğru deyil”

“İnsanlar ən azı mədəni üslubda bir-birlərinə qarşı münasibətdə kəskin fikirləri ifadə etməyi öyrənməlidirlər”

“Bütün hallarda kiminsə təhqir edilməsi yolverilməzdir. Şəxslərə siyasi baxışlarına görə bu cür münasibət mənfi qarşılanmalıdır”.  Bunu Qaynar.info-ya Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa hakim Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri ilə Milli Şuranın yaradıcıları arasında qalmaqaldan danışarkən deyib. 

Onun sözlərinə görə, siyasətçilərin bir-birlərini təhqir etməsi Azərbaycanda siyasi mədəniyyətin aşağı olmasının göstəricisidir: “Azərbaycanda bunu dəyişmək lazımdır. İnsanlar ən azı mədəni üslubda bir-birlərinə qarşı münasibətdə ən kəskin fikirləri ifadə etməyi öyrənməlidirlər. Türkiyə nümunəsinə baxın, hər bir müraciətin qarşısında “hörmətli”, “sayın” sözləri işlədilir. Bütün hallarda Milli Şuranı tənqid edə bilərlər, qəbul etməyə bilərlər. Amma orada olan insanlar da Azərbaycan vətəndaşlarıdır və müəyyən siyasi subyektlərdir. Yəni bu insanlara hörmətsiz yanaşmaq doğru deyil”.

F.Mustafa Milli Şuranın ətrafındakılarının Rusiyadan təlimat alması ilə bağlı deyilənlərə də münasibət bildirib: “Əgər bu barədə faktlar varsa, açıqlanmalıdır. Azərbaycan cəmiyyəti bunu dəqiq bilməlidir. Faktsız hər hansı bir məsələ varsa, onlar da böhtanla bağlı müraciət edə bilərlər. Amma bu barədə məndə məlumat yoxdur. Onlar fəaliyyətlərini qanunauyğun olaraq göstərməlidirlər. Hər bir kəsin seçki hüququ var ki, istənilən foramada təşkilatlana bilsin”.

Millət vəkili Milli Şuranın perspektivinin olmadığını qeyd edib: “Milli Şuranın perspektivini görmürəm. İndiki dövrdə Azərbaycanda hansısa təşkilatın yeni ideyalar ortaya qoyacağına inanmıram”.

İlkin
Qaynar.info