Dünya 18:20 14.02.2019

Deputat dövlət dilini yaxşı bilmədiyi üçün mandatından məhrum edilə bilər

Latviyanın Dauqavpils əyalətindən seçilən millət vəkili Valeri Hrapan dövlət dilini kifayət qədər bilmədiyindən, deputat mandatından məhrum edilə bilər.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Latviyanın Dövlət Dil Mərkəzi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, deputat dövlət dilini normativ qaydalara uyğun şəkildə istifadə edə bilmir. Hansı ki, millət vəkilləri üçün bu, əsas amildir.

Ötən il Dövlət Dil Mərkəzi deputata Latviya dilini öyrənməsi üçün 6 ay vaxt verib. Lakin yenidən yoxlama aparılarkən onun dil normalarına riayət etmədiyi üzə çıxıb.

Deputatın inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul olunduqdan 1 ay sonra qurum onun mandatının ləğv olunması üçün məhkəməyə müraciət edəcək.

Qeyd edək ki, Latviyanın 2 milyona yaxın əhalisi var. Onların 40 faizi rus dilində danışır. Ölkənin dövlət dili isə latviya dilidir. Rus dili xarici dil hesab edilir. Millət vəkilinin seçildiyi əyalətdə isə əhalinin təxminən 80 faizi rus dillidir.