Ölkə 20:52 11.07.2019

Deputat parlament rəhbərliyini tənqid etdi

Millət vəkili Fazil Mustafa öz "facebook” hesabından paylaşdığı qeyddə ölkə Prezidenti tərəfindən bir qrup insanın Cümhiriyyətin 100 illiyi münasibəti ilə təsis olunmuş yubiley medalı təltif edilməsinə dair fikirlərini bölüşüb.
 
Qaynarinfo xəbər verir ki, o, təltif edilən deputatlara medalları Milli Məclis rəhbərliyi səviyyəsində verilməməsini tənqid edib. Millət vəkilinin həmin yazısını təqdim edirik.

"Cümhiriyyətin 100 illiyi münasibəti ilə təsis olunmuş yubiley medalı ölkə prezidenti tərəfindən haqlı olaraq cəmiyyətin müxtəlif sahələrində çalışan dəyərli insanlarımızdan bir qisminə verildi. 119 millət vəkilindən başlamış media quruluşlarının rəhbərlərinə, dəyərli tədqiqatçılarımıza, ziyalılarımıza verildi. Təltif olunanların içində böyük Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadənin adının olması xüsusilə sevindirici idi”.

Ölkə prezidentinin imzası ilə bu cür anlamlı medalı almaq hamımızı təbii ki, sevindirdi və buna görə də hər birimiz öz minnətdarlığını bildirdi. Lakin burada bir anlaşılmaz durum oldu ki, istər-istəməz xoş ovqat yaratmadı. Sosial şəbəkələrdə paylaşımlardan anlaşıldı ki, təltif olunannlara bu mükafatlar müxtəlif sahələrə rəhbərlik edən vəzifəli şəxslər tərəfindən təqdim olunub

Bu çox yaxşı haldır, çünki medal ölkə prezidentinin imzası ilə verilmişdə, bu imzaya xüsusi sayğı göstərmək lazımdır və prezidentin adından bu medalın təqdim olunması ritualının xüsusi etik anlamı var. Necə ki, bunu prezidentin köməkçisi Əli Həsənov Rauf Arifoğluna, təhsil naziri Ceyhun Bayramov Anar İsgəndərliyə, KİV DF-nın sədri Vüqar Səfərli Rəşad Məcidə medal verərkən etdilər.

Lakin nə səbəbdənsə Milli Məclisin deputatlarına prezidentin imzası ilə verilən medalları bizə öz köməkçilərimiz Milli Məclis binasından götürərək təqdim etdi və bunu Milli Məclis rəhbərliyi səviyyəsində kimsə təqdim etməyi məqsədəuyğun saymadı. Ən azı Milli Məclisin Komitə sədrləri məhz prezidentin imzasına hörmət əlaməti olaraq kiçik bir təqdimetmə mərasimi düzənləyib medianın qarşısında öz komitələrinin üzvü olan deputatlara bu medalı versəydi daha anlamlı olmazdımı?Bu kimi hallara baxmayaraq ölkə prezidenti cənab İlham Əliyevə bu qədər geniş spektrdə dəyərli insanlarımızı belə bir anlamlı medalla təltif etməsinə görə bir daha təşəkkürümü bildirirəm”.