Siyasət 17:55 09.07.2013

Deputat Rüstəm İbrahimbəyovdan danışdı

"Mənə elə gəlir ki, hər müsahibəsində Rüstəm İbrahimbəyov müxalifəti açıq şəkildə öz inhisarına almaq və onu özünün iradəsindən asılı vəziyyətə salmaq istəyini büruzə verir".
Qaynar.info xəbər verir ki, bunu Gün.Az-a açıqlamasında hakim partiyadan olan millət vəkili Aydın Mirzəzadə Milli Şuranın prezidentliyə namizədi Rüstəm İbrahimbəyovun mətbuata son müsahibəsindəki “namizədliyim qeydə alınmasa, müxalifət seçkiləri boykot etməlidir” və “Milli Şuranın ikinci namizədi olmamalıdır” fikrinə münasibətini bildirərkən dilə gətirib.

Millət vəkilinin dediyinə görə, heç zaman siyasətlə məşğul və siyasi təcrübəsi olmayan sözügedən şəxs bir müddət əvvəl müəyyən vasitələrlə radikal müxalifətin bir hissəsini öz qanadı altına yığaraq, Milli Şura adlı qurumun yaranmasına və onun vahid namizədi olmasına nail ola bildi, indi isə öz səlahiyyətlərindən sui-istifadə edərək, həmin təşkilat daxilində ona sərf etməyən fərqli fikirlərin səslənməsinin qarşısının alınmasına çalışır:

“Xatırlayırsınızsa, həmin şəxs bir müddət öncə “Rüstəm İbrahimbəyov Bakıya dönməlidir” deyən Müsavat başqanı İsa Qəmbəri təxribatçı adlandırdı, bu günlərdə isə onun əleyhinə yazan bəzi jurnalistlərin ağzından vurulmasının “vacibliyini” dilə gətirdi. Bu, artıq onun diktator mahiyyətini bir daha ortaya qoyur”.

A.Mirzəzadə hesab edir ki, adıçəkilən şəxsin namizədliyini irəli sürən radikal müxalifət düşərgəsinin, Milli Şuranın özündə də artıq “R.İbrahimbəyov faktoru”nu da hansı səhvə yol verildiyinin fərqindədirlər:

“Müxalifət mətbuatında və düşərgəsində də artıq bu yöndə axtarışlar gedir, mövqelər ortaya qoyulur ki, müxalifət, Milli Şura necə böyük səhvə yol verib. Eyni zamanda, onu da qeyd etmək istəyirəm ki, nə demokratiya, nə namizədlik, nə də seçki məsələsi hər hansı bir şəxsin inhisarında ola bilməz.

Hər bir siyasi qurum, siyasi lider bu kimi məsələlərdə fərqli mövqeyini ortaya qoya, fikrini söyləyə bilər və deyim ki, qarşıdan gələn prezident seçkiləri də yaxınlaşdıqca biz bunları görəcəyik”.

Millət vəkilinin bildirdiyinə görə, yəni, həmin Milli Şuranın, radikal müxalifətin özündən başqa namizədlərin də olacağı və seçkilərə qatılacağı gözləniləndir.

“Bir sözlə, bu məqam eyni zamanda bir daha onu göstərdi ki, radikal müxalifət Milli Şura yaratmaqla və onun vahid namizədini irəli sürməklə hansı yanlışlığı yol verib.

Gec-tez özləri də bunun fərqində olaraq, səhvlərini etiraf etmək məcburiyyətində qalacaqlar... Necə ki, artıq bu yöndə işartılar qeyd etdiyimiz kimi, özünü göstərməkdədir”.

Qaynar.info