Siyasət 18:20 03.05.2013

Deputatdan Xalidə Xalidin həbsinə -SƏRT REAKSİYA

Sabir Rüstəmxanlı: “Bu, adını islam ölkəsi qoymuş ölkəyə qətiyyən yaraşmır”

“Xalidə Xalidi tanıyıram. Millətini sevən çox ağıllı qadındır. Dünya Azərbaycanlıları Konqresinin (DAK) işçisidir. Onun həbsinin motivləri hələ məlum deyil, amma bu, adını islam ölkəsi qoymuş ölkəyə qətiyyən yaraşmır”. 

Bunu Qaynar.info-ya Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, millət vəkili Sabir Rüstəmxanlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat İnstitutunun elmi işçisi Xalidə Xalidin İranda saxlanılmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu addımlar İranın Azərbaycana qarşı təxribatıdır: “Orada yaşayan azərbaycanlılara qarşı zülm edirlər, gözləri doymur, indi də burdan gedənləri həbs edirlər. Beləliklə də, İranın Azərbaycanla bağlı dediyi dostluq, qardaşlıq münasibətlərinin üstündən xətt çəkilir.


İran Azərbaycana təkcə bu yolla təzyiq göstərmir. Azərbaycan müstəqillik əldə etdiyi gündən indiyə qədər İran müxtəlif yollarla bizə təzyiqlər göstərir. İran sərhədboyu rayonlarda narkotik maddələri yayır, Azərbaycanı beynəlxalq aləmdə dəstəkləmir. Buna baxmayaraq, Azərbaycan İranı dəstəkləyir. Mətbuat orqanlarında dövlət başçısından tutmuş ziyalılarımıza qədər - hamı haqqında ləyaqətsiz yazılar dərc etdirirlər. Adını qoyurlar ki, bu mətbuatın dövələtə bağlılığı yoxdur. Daha sonra İslamı siyasiləşdirməklə dini icmalara dolayı yolla dəstək verir, təxribata sövq edirlər. Guya Azərbaycanda islam dini sıxışdırılır. Azərbaycanda islam dini tam azaddır. Biz Sovet dövründə belə öz dinimizdən, əqidəmizdən dönməməşik”.

S.Rüstəmxanlı əlavə edib ki, İran bəyanatlarında da Azərbaycanı aşağılayır: “Deyirlər, bura Azərbaycan deyil, Aran Respublikasıdır, Bakı dövlətidir. Bizim İran deyilən problemimiz, dərdimiz yoxdur. Amma İranın bir Azərbaycan problemi var, çünki ölkəsində 35 milyon azərbaycanlı yaşayır. Azərbaycan Respublikası gücləndikcə orada xalq öz səsini ucaldacaq, hüquqlarını tələb edəcək. Bu da təbii ki, İranı narahat edir. Onlar başa düşmürlər ki, biz o məsələyə qarışmırıq. Heç ehtiyac da yoxdur. Oradakı millət özü dünyanı görür, dərk edir. Dünyanın hansı vaxtıdır ki, 35 milyonluq xalqı əsarətdə saxlayasan?! İran bunun qarşısında diz çökəcək, sərt tədbirlərlə millətin əzmini qıra bilməyəcəklər”.

Xatırladaq ki, aprelin 30-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat İnstitutunun elmi işçisi, Şəhriyarşünas Xalidə Xalid İranda saxlanılıb. Hadisənin səbəbləri bəlli deyil.

İlkin
Qaynar.info