Ölkə 16:19 10.08.2015

“Deyerlerimiz.az” internet saytı fəaliyyətə başladı

Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi növbəti layihəsini yekunlaşdırıb.
  
Qaynar.info xəbər verir ki, ötən gün Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi (DMDTİB) Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “ibtidai sinif şagirdlərinin dünyagörüşlərinin inkişafında sinifdənxaric işlərin rolunun təbliği” layihəsi çərçivəsində görülən işlərlə bağlı mətbuat konfransı keçirilib.

Tədbiri giriş sözü ilə açan DMDTİB sədri Əli Cəfərov bildirdi ki, layihənin həyata keçirilməsindən əsas məqsəd ölkə gənclərinin asudə vaxtlarını səmərəli keçirmələri, o cümlədən zərərli vərdişlərdən uzaq durmaları, kənar təsirlərdən qorunmaları və s. ilə bağlı bir sıra tədbirlər planının təşkili olmuşdur. Daha da konkretləşdirsək, şagirdlərin maarifləndirilərək hazırkı dövrün baş bəlalarına çevrilmiş narkomaniyadan, radikal dini qruplaşmalara meyl etmə sindromundan, milli əxlaqımıza zidd əməllərdən çəkinmək və həyatda öz layiqli yerlərini tuta bilmək istiqamətlərində təlim-tərbiyəsinə hesablanmışdır.

Layihə gəncliyin formalaşması yolunda ilk addımın ibtidai sinif şagirdləri arasında maarifləndirmə işləri aparılmasını nəzərdə tutur. Yəni, şagirdlər cəmiyyətə adaptasiya olunmağa başladığı zaman, paralel olaraq artıq onlarla bağlı təbliğatın da qurulmasını vacib sayır.  Bununçün ən münasib vasitələrdən biri kimi sinifdənxaric işlərin təşkilini zəruri hesab edir.

DMDTİB sədri layihənin icrası barədə ətraflı məlumat verərək qeyd etdi ki, təlim planına uyğun olaraq Bakı şəhər 22 saylı orta məktəbdə ibtidai sinif şagirdlərindən ibarət 2 qrup yaradılıb: “Bu qrupların yaradılmasından məqsəd şagirdlərin dünyagörüşlərinin formalaşması üçün onlara Azərbaycan şifahi xalq ədəbiyyatından nümunələrin öyrədilməsi, kinofilmlərdən və din xadimlərinin kəlamlarından ibarət hikmətli sözlərlə bağlı maarifləndirmə işləri aparmaqla onların milli-mənəvi dəyərlərimiz əsasında tərbiyə olunmasına, əxlaqi vərdişlərinin zənginləşməsinə xüsusi töhfələr vermək olmuşdur. Hər qrupa məktəbdə 4 təlim keçirilib. Eyni zamanda  Heydər Əliyev parkında “şagirdlərin ictimai yerlərdə davranış qaydaları” ilə bağlı hər qrupa daha bir praktiki təlim də keçirilib. Bütövlükdə layihə 4 mərhələni əhatə edib”. 

Tədbirdə o da məlum oldu ki, layihə çərçivəsində deyerlerimiz.az internet saytı da hazırlanaraq oxucuların ixtiyarına verilib. Yaxın gələcəkdə saytın rus və ingilis dili versiyaları da hazırlamaq nəzərdə tutulur.

DMDTİB sədrinin ictimaiyyətə açıqladığı hesabat nitqindən sonra layihə ətarafında diskussiya xarakterli müzakirələr aparılıb. Tədbirdə iştirak edən jurnalist-publisist Nəzirməmməd Zöhrablı, ADİP-in Gənclər Təşkilatının fəal üzvlərindən Nərmin Şamilbəyli, Xəbəral.az saytının şef-redaktoru Mir İsmayıl, Vaqif Abbasov, Kəlbəcər qəzetinin redaktoru Nizami Şirintürk, F.Bayramov adına 22 saylı tam orta məktəbin müəlliməsi Aloeva Tünzalə,  DMDTİB-in sədr müavini Cavid Cəfərzadə və başqaları layihənin əhəmiyyətindən danışdılar, onun milli-mənəvi dəyərlərimizin şagirdlər – sabahın potensial gəncliyi arasında təbliğini çox yüksək dəyərləndirdilər. 

Layihənin bütün ölkə məktəblərini əhatə etməsinin vacibliyi xüsusi vurğulandı. 

Qaynar.info