Sənət 12:56 24.02.2018

Dilçi alim: "Yerindən duran şeir yazır, bu, şeirə, Füzuliyə təhqirdir" (MÜSAHİBƏ)

Filologiya elmləri namizədi, BDU-nun Azərbaycan dilçiliyi kafedrasının dosenti Yaşar Məmmədlinin Qaynarinfo-ya müsahibəsi
 
- Yaşar müəllim, uzun müddətdir dil məsələləri ilə bağlı müzakirələr gedir? Buna sizin münasibətiniz necədir?
- Öncəliklə bir məsələni qeyd edim ki, dil məsələlərini ictimailəşdirmək, kütləviləşdirmək qədər yanlış bir şey yoxdur. O gün bir verilişə baxırdım, elə adamlar dillə bağlı danışırdılar ki, mənə çox qəribə gəldi. Hansısa bir müğənni dil məsələsini müzakirə edir. Müğənnisən, get mahnını oxu, niyə hər şeyə qarışırsan?! Bu, elmi məsələdir. Qoyun bununla dilçilər məşğul olsun. Hər yerindən duran fikir yürüdür. Bu baxımdan deyirəm ki, dildaxili prosesləri kütləvi müzakirəyə çıxarmaq düzgün deyil.

- Dilimiz zəngin dildi deyirik, say baxımından da, lüğət fondumuzda kifayət qədər söz var. Amma elə alınma sözlər var ki, onu ifadə edə bilmirik. Sizcə, söz yaradıcılığımız zəifdir?
- Dil öz-özünü tənzimləyən, idarə edən kateqoriyadır. Yadımdadı prezident çıxışlarının birində demişdi ki, "mən orfoqrafiya lüğətinə baxdım, orada 110 min söz var. Doğurdanmı?” İngilis dilində 80 min söz var, yəni oradakıların hamısı əsl ingilis sözləridir. Oraya düzəltmə sözlər daxil edilməyib. Səhv ondadır ki, bizdə sahə terminlərini də orfoqrafiya lüğətinin tərkibinə daxil edirlər. Bunların Azərbaycan dilinə heç bir aidiyyatı yoxdur. Kitabın üstündə yazılıb ki, Azərbaycan dilinin orfoqrafiya lüğəti. Bütün sahə terminlərini orfoqrafiya lüğətinə daxil etsək, onda 500 mindən çox söz alınacaq. Ora həmçinin dialekt sözlərini də daxil edirlər. Canlı danışıq dilində olan sözlərlə ədəbi dildə istifadə edilən sözlər fərqlidir. Canlı danışıqda elə sözlər var ki, onların lüğətə heç bir dəxli yoxdur. Amma daxil edirlər. Bilirsinizmi, Azərbaycan dilində hələ danışıq dili ilə ədəbi dil differensasiya olunmayıb, yəni bunlar bir-birindən ayrılmayıb. Biz bilmirik ki, ədəbi dildə olan sözlərlə danışıq dilində olan sözlər necə işlənməlidir. Faktiki olaraq problem ondan yaranır.
 


- Dilin orfoqrafiya qaydaları ilə bağlı təklif verənlər arasında siz də varsınız. Ümumiyyətlə, yazılış qaydalarına dəyişiklik edilməsi nə qədər əhəmiyyətlidir?
- Mən təklif etmişdim ki, sözlərimizdəki qoşa "y" samitlərindən biri düşsün. Çünki buna heç bir ehtiyac yoxdur.

- Akademik Nizami Cəfərov qoşa "y" samiti ilə bağlı yeni qaydanın tətbiqinin xeyli vəsait itkisinə səbəb olacağını deyir. Çünki bir neçə nazirlik və dövlət qurumunun adında qoşa "y" hərfi var...
- Akademik Nizami Cəfərov dil məsələləri ilə bağlı danışanda çox səhv fikir işlədib. Bir hərfə görə dövlət niyə xərc çəkir ki? Qoy həmin nazirliyin özü xərc çəksin. Sənədləri düzəltməlidirlər, qoy düzəltsinlər. Hər bir nazirliyə dövlət büdcəsindən pul ayrılır. Həmin vəsaitlə sənədlərdə düzəliş olunsun.

- Dövlət büdcəsindən ayrılan vəsaitlərin öz təyinatı var. İstənilən halda əlavə xərclər çıxacaq...
- Bunu da elə həmin xərclərin içərisinə daxil etmək olar. Sadəcə belə bir şey ola bilər ki, qoşa "y" samiti ilə olan şəxs adlarında "y"nin birinin düşməsi bundan sonra tətbiq edilsin. Xatırlayırsızsa bir vaxtlar "apastrof" məsələsi var idi. Yadımdadı akademik Ağamusa Axundovla akademik Tofiq Hacıyev bu məsələ üstündə qırğına çıxmışdılar. Biri deyirdi qalsın, o biri deyirdi ki, götürülməlidir. Nəhayət ki, "apastrof" götürüldü. Gördüyünüz kimi, heç bir faciə də baş vermədi.

- Bəzi sözlərin dilimizə uyğunlaşdırılması məsələsi də var...
- Bəli var. Məsələn, müzakirə aparırlar ki, "mışka” sözünü dilimizə necə tərcümə edək? Etməyin. Nə ehtiyac var ki?

- "Mışka" axı rus sözüdür.
 - Bəli, mışka rus sözüdür. Biz onu ruslardan almışıq. Onda gəlin telefonu da, televizoru da tərcümə edək. Biri deyir ki, onun adını "mayis", başqası deyir "axtaran" qoyaq. Bu, informatika terminidir. Onda kompüteri də tərcümə edin. Bilgisayar? Bilgisayar kalkulyatordur. Çünki orada konkret hesablama var. Türkiyə türkcəsində bu belədirsə, biz də onu etməyə məcbur deyilik. Bizdə adi sözlə termini qarışdırırlar. Termin beynəlxalqdır. Biz fəxr eləməliyik ki, dilimizdə beynəlxalq terminlər var. Yaxud, deyirlər "razetka” sözünü tərcümə etmək lazımdır. "Vilka"nı (naqilin başlığını) dəyişib guya çəngəl etmişik. Mən deyirəm ki, mürəbbə qoyulan qabı - "razetka"nı gəlin "məddan" (məd - mürəbbə, dan - qab) edək. Amma alınmır. Çünki dediyim kimi, dil özü-özünü idarə edən kateqoriyadır. Sovet dövründə şəxs adlarını da tərcümə edirdilər. Bizim İdris Zamanlı adlı bir şairimiz var idi, onun adını tərcümə edib, İdris Vremenni etmişdilər. Belə şeylər olmaz. Qəti olmaz. Dünyada hər 5 ildən bir yer adlarının yazılışının müəyyənləşdirilməsi üzrə Beynəlxalq Onomastika Simpoziumu keçirilir. Orada qərar qəbul olunub ki, adlar tərcümə olunmasın. Məsələn, Belarusiya sözü rus dilindədir. Belıy Rusiya, yəni Ağ Rusiya. Türkiyə türkcəsində Belarusiyaya Bəyaz Rusiya və ya İvan Qroznıya Qorxunc İvan deyirlər. İndi bizim Allahverdi sözünü də tərcümə edib Boqdan və s. yazsınlar? Adlar milli xüsusiyyətə malik bir şeydir.

- Sözlərimizin əksəriyyəti ərəb-fars, rus, ingilis mənşəlidir...
- Düzdür. Amma bir-birimizi anlayırıqmı? O bəsdir. Dil ünsiyyət vasitəsidir. Qaqauz dilinə baxsaq görərik ki, sözlərinin çoxu rus sözləridir. Çox da gözəl danışırlar. Bizdə də elədir. Yox, deyirlər ki, həmin sözləri tərcümə edək. Qoy etsinlər. Nə alınacaq?! Mümkün deyil. Dili kənardan idarə etmək olmaz. Bu zamanla formalaşan bir şeydir. Adi, sıravi Azərbaycan vətəndaşının danışığı çox gözəldir. Bizdə ən eybəcər danışıq alimlərin danışığıdır. Məsələn, biri çıxıb deyir ki, "Dublet denatatın afiksal variantıdır". Nə başa düşdün? Heç nə... Alim danışığıdır. Alimsən get alimlərlə bu söhbəti elə.

- Bəs alınma sözlərin yazılışının tələffüzə görə uyğunlaşdırılmasına münasibətiniz necədir? Sizcə həmin sözlərin yazılışı necə olmalıdır?
- Beynəlxalq sözlər olduğu kimi yazılmalıdır. Dilimizin gözəlliyi ondadır ki, beynəlxalq terminləri necə varsa, eləcə də qəbul edirik. O zaman bizim dilimiz irəli gedir. İndi ortaya məsələ atıblar ki, o termini tərcümə elə, bunu belə elə və s. Hətta Nazirlər Kabinetində bununla bağlı komissiya yaradıblar. Buna heç bir ehtiyac yoxdur. Çalışmalıyıq ki, bütün dünyanın qəbul etdiyi beynəlmiləl sözlərə toxunmayaq: ekspress, monitorinq və s.

- "w" hərfi ilə yazınlar bəs necə?
- Onları da saxlayaq

- Axı əlifbamızda elə hərf yoxdur?
- Çünki əlifbamız səhvdir.

- "Facebook” sözünün "Feysbuk” kimi yazılması da o zaman düzgün deyil, eləmi?
- Bəli, necə varsa, elə də yazılmalıdır. Dünya onu belə qəbul edib. Bunları dəyişdikcə, dünyadan təcrid olunuruq.
 

 
- Yaşar müəllim, dərslik materiallarının dəyişdirilməsi ilə də bağlı təkliflər verirsiz. Bu təkliflər içərisində nələr var?
- Məsələn, Nizami Gəncəvinin yaradıcılığının 90 faizini dərsliklərdən çıxarmağı təklif etmişəm. Böyük şairdir, amma universitet dərsliyinə salınmalıdır. O, ana dilimizdə yazmayıb, fars dilində yazıb. Əfsələddin Xaqani də həmçinin. Onlar haqqında qısa məlumat verilsin, amma məktəbli onu ətraflı öyrənmək istəyirsə universitetə getsin. Orta məktəb dərsliklərində farsca yazmış Nizami Gəncəvini kiminsə tərcüməsində şagirdin gözünə soxmalı deyilik. Azad dövlətik, amma dərsliklərimiz sovet dərslikləridir. Biz uşaqlarımızın azad böyüməsinə imkan vermirik, onlara sanki Sovet möhürü vururuq. Çağdaş ədəbiyyat nümayəndələrimizin şeirlərində azad düşüncə, dünya düşüncəsi var. Hazırda mən müasir ədəbiyyatımızın nümayəndələrinin şeirlərini seçməklə məşğulam. Lazım deyil ki, hansısa şairin böyük bir şeirini ora daxil edim. Bir-iki bənd bəsdir. Həmçinin şeirləri seçərkən orada anadilli sözlərin alınma sözlərlə nisbətdə çoxluq təşkil etməsinə də üstünlük verirəm.
  
- Dərsliklərimizdən daha nələrin çıxarılmasına ehtiyac var?
- Biz folklorumuzda da lazım olmayan şeyləri saxlamışıq. Götürək "Məlikməmməd" nağılını. Bir tərəfdən uşaqlara öyrədirik ki, heyvanları sevmək lazımdır, o biri tərəfdən Məlikməmməd göyərçin başı kəsir. Sonra da deyirik ki, Məlikməmməd qəhrəmandır. Ya da götürək "Koroğlu" dastanını. Azərbaycan tarixində elə bir şəxs olmayıb. Orada Azərbaycan türkünün xarakteri yoxdur. Rövşən atasından ayrılıb çıxır dağın başına, bütün yolkəsənlər də onun ətrafına yağışır. Yeyib-içirlər, sonra deyirlər "hansısa kənddə filan qız var gedin gətirin”. Karvan tarixdə çox vacib məsələdir və karvan yolu cəmiyyətin inkişafı üçün olduqca vacib bir şeydir. Bəs Koroğlu nə edir?! Karvanın qarışını kəsib talayır və guya ki, kasıblara paylayır. Xeyr. Çənlibelə aparıb yeyib-içirlər. Qırğızlar, qazaxlar ondan imtina edib, amma bizim ədəbiyyat kitablarında onunla bağlı uzun-uzadı məlumat yazılıb. Biz bu məsələni hələ Sovet dövründə qaldırmışdıq, sadəcə o vaxt "Koroğlu"nun əksinə "Dədə Qorqud" dastanının yayılmasına qarşı çıxdılar. Çünki "Dədə Qorqud" türkü birləşdirən dastan idi...
 
"National” sözünü milli ediblər, yeri gəldi gəlmədi yazırlar. Milli idman, milli yemək, Milli Məclis. Ədəbiyyat milli ola bilməz, amma bizdə milli ədəbiyyat yazılır. Ədəbiyyat o zaman ədəbiyyat olur ki, o bəşəridir. Hələ bizdə Milli Onkologiya Mərkəzi var. Başa düşmürəm. Onkologiyanın da millisi olur?! Ümumi müzakirəyə belə şeyləri çıxartmaq olar. Məsələn, Bakı Dövlət Universiteti. Burada dövlət sözünə nə ehtiyac var? Lənkəran Dövlət Universiteti və s. Məgər Bakı, Lənkəran dövləti var?
 
- Burada dövlət sözü dövlət və özəl universitetləri ayırmaq üçündür. Əksər dünya ölkələrində də universitet adlarının qarşısında state (dövlət) sözü var.
- Mən öz dövlətimi hansısa dövlətlə müqayisə etmək istəməzdim. Düşünürəm ki, mənim dövlətim başqa dövlətlərə nümunə olmalıdır. Digər sahələri bilmirəm, xəbərim yoxdur. Amma bu məsələdə nümunə olmalıyıq. Düzdü bilmirəm, bunun dillə nə qədər əlaqəsi var, amma yanlış şeylər çoxdur. Məsələn, Təhsil Nazirliyi anlayışı nə olan şeydir? Bu, Elm və Təhsil Nazirliyi olmalıdır. Bütün dünyada belədir. Bizdə elm ayrıdır, yəni Elmlər Akademiyası, təhsil də ayrı. Belə çıxır ki, bu Təhsil Nazirliyi elmsiz xidmət edir? Təsəvvür edin ki, Elmlər Akademiyası heç kimə tabe deyil. Ayrıca qurumdur və tərkibində də 25-ə yaxın institut fəaliyyət göstərir: "Yerqazan" İnstitutu, "Göydeşən" İnstitutu, "Abidəyə baxan", "Abidənin qabağından keçən", "Dalını təmizləyən" və s. Bunlar kimə lazımdır axı? Dövlət həm də buna büdcə ayırır. Azərbaycanın 54 ali məktəbi var və cəmisi 10 milyona yaxın əhalimiz var. Türkiyənin isə 80 milyona yaxın əhalisi var, cəmisi 30-a yaxın ali məktəbi var. Həmçinin, mən Azərbaycanda şairlərlə itlərin sayını bərabər götürmüşəm. Nə qədər it varsa, o qədər də şair var. Yerindən duran şeir yazır. Bu, şeirə, poeziyaya təhqirdi, Füzuliyə təhqirdir. Biri var idi, deyirdi ki, mən şəhərdə şair işləyirəm. Bu, elə bil artıq həyat tərzinə çevrilib. Bu ölkənin nazirləri şeir yazır, musiqi bəstələyir. Yerindən duran müğənnidir. Belə şeylərdir bizi geri salan. Ona görə də söz sınır, dil batır. Alim alimliyi ilə, müğənni müğənniliyi ilə məşğul olsa, belə olmaz.
 
Çingiz Səfərli