Dinini dəyişən Fəridə Əzizovanın pul davası (FOTOLAR)

Dinini dəyişən Fəridə Əzizovanın pul davası (FOTOLAR)

Son dönəmlərdə məşq salonlarını məhkəmə zallarına dəyişən taekvondoçu Fəridə Əzizova indi də mətbuatla haqq-hesab çəkmək fikrinə düşüb. Səbəb isə xanım idmançının özünün "İnstagram” səhifəsində ictimaiyyətdə çaşqınlıq doğuran paylaşımından pul qazanmaq istəyidir.

Ötən ilin dekabrında kişi kostyumu geyinib qalustuk taxan Əzizovanın əlində gül buketi tutan xanımı qucaqlayaraq çəkdirdiyi və "Həyatın hər bir dəqiqəsini sevin” yazaraq palyaşdığı foto birmənalı qarşılanmamışdı. İzləyicilərin əksəriyyəti taekvondoçunun həmcinsi ilə nişanlandığını güman edərək, bu yöndə şərhlər yazmışdılar...

Əslində, paylaşımın "nişan fotosu” təəssüratı yaratması sırf orada kişi geyimində olan Əzizovanın əlində gül tutan həmcinsini qucaqlaması ilə bağlı deyil. Əminliklə söyləmək olar ki, başqa bir xanım idmançımız eyni mənzərəli foto paylaşsaydı, bu cür söz-söhbətlərə səbəb olmazdı.

Paylaşımın "nişan fotosu” kimi anlaşılması Fəridənin cəmiyyətdə formalaşdırdığı şəxsi imicindən qaynaqlanır. On ildən çoxdur kişi geyimlərinə üstünlük verən xanım idmançı nataraz, ağlına gələni edən, heç bir qınağa məhəl qoymayan bir insan kimi tanınır. Bir neçə il öncə dinini dəyişən, Xristianlığı İslamdan üstün tutan Əzizova indi rahatlıqla boynundan xaç asır. Əlbəttə, bütün bunlar müsahibələrində illərdir ailəsi ilə birgə yaşayamadığını vurğulayan Əzizovanın şəxsi işidir. Heç kimin başqasının geyimini, dinini, şəxsi həyatını müzakirə etməyə, onu qınamağa haqqı yoxdur.
 


İndiki halda söhbət idmançının şəxsi həyatından deyil, ictimai davranışından gedir. Həmin vaxt paylaşdığı fotoya yazdığı "Həyatın hər bir dəqiqəsini sevin” sözlərinin fərqli qəbul edildiyini anlayaraq, "Doğum günün mübarək”lə əvəzləyən Əzizova yenə səhvə yol verməkdədir.

Məlum paylaşımla bağlı xəbərlər bir sıra saytlarda dərc olunandan sonra məsələyə aydınlıq gətirən Fəridə, fotonun həm də uzaq qohumu olan Aysel adlı rəfiqəsinin ad günündə çəkildiyini söyləmiş və bunu həmin mərasimdən başqa şəkilləri paylaşmaqla sübut etmişdi. Bundan sonra sözügedən xəbəri dərc edən KİV-lərdən open.az portalı gənc idmançının fikirlərinə də yer vermiş, ondan üzrxahlığı da dərc etmişdi.

Lakin Fəridənin vəkili Yaqub Məmmədov idmançıya maddi qazanc götürməyi tövsiyə edib. Əzizova isə qalmaqala səbəb olmuş xəbəri verən bütün saytları kənara qoyaraq məhz üzrxahlığını dərc edən jurnalistləri məhkəməyə verib. Hərçənd daha öncə tərəflər arasında məsələnin qapandığına dair centlmen razılaşması olub. Yəni, hazırda söhbət mətbuatda gedən xəbərin onun imicinə zərər gətirməsindən getmir. Dava - sırf pul davasıdır!

Qısası, pulu razılaşmadan, dediyi sözdən üstün tutan, məsələnin ictimailəşməsindən ciddi şəkildə narahat olan rəfiqəsini təkrar gündəmə çəkib ona da problem yaradan Əzizovanı yenə məhkəmə qapılarında görəcəyik. İşlə bağlı ilkin dinləmələr oktyabrın 21-də İlham Cəfərovun sədri olduğu Nəsimi Rayon Məhkəməsində olacaq.

Qeyd edək ki, 2016-cı ilin sentyabrında Əzizovanın Yasamal rayonu ərazisində yerləşən mənzili qarət edilib. Hadisədən bir neçə ay sonra idmançının evindən içərisində 35000 manat və 18800 dollar olan seyfi aparan Gəncə şəhər sakini Nicat İsrafilov və Nərgiz Fərəcova həbs ediliblər. Onları Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsi əməkdaşları yaxalayıb. Məlum olub ki, oğurluq edən İsrafilov Əzizovanın rəfiqəsinin bacısının sevgilisidir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dəymiş maddi zərəri ödəyən İsrafilov 10 il müddətinə azadlıqdan məhrum olunub. Barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilmiş Fərəcovaya isə şərti cəza verilib. Hökmdən narazı qalan İsrafilov apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində İsrafilovun apellyasiya şikayəti qismən dəyişdirilib. Onun 10 il azadlıqdan məhrumetmə cəzası 8 ilə endirilib.

Yeri gəlmişkən, İsrafilov məlum fotoda yer alan Aysel xanımın deyil, Əzizovanın başqa bir rəfiqəsinin bacısının sevgilisidir. Lakin taekvondoçu bəzi hallarda seyf oğurluğu ilə bağlı məhkəmə proseslərinə Aysel xanımla birgə də gəlib...
XƏBƏRLƏR
BLOGLAR