Ekonomiks 00:01 30.04.2014

Dönərxanalarda reydlərə başlanıldı

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Lənkəran ərazi idarəsi Lənkəran rayonu ərazisində əhalinin sıx məskunlaşdığı yerlərdə, eləcə də məktəblərin qarşısında fəaliyyət göstərən dönərxanalarda reydlərə başlayıb. 

APA-nın cənub bürosunun məlumatına görə, aprelin 29-da keşirilən reydlər zamanı dönər istehsalçılarının heç bir sənəd, reseptura olmadan fəaliyyət göstərdiyi, gigiyenik norma qaydalarına əməl etmədikləri müəyyənləşdirilib. Bundan əlavə onların maye qaz balonlarından istifadə etməklə insan həyatı üçün təhlükə yaratdıqları da aşkarlanıb.

Reydlər zamanı maraq doğuran məqamlardan biri isə ölkədə  “HALAL” termininin götürülməsinə baxmayaraq, Lənkəranda hələ də bu addan istifadə edənlərin olduğu  üzə çıxıb.

Aşkarlanan nöqsanlarla bağlı dönərxanalara  tələbnamə və iradnamələr veriliib.  Bu kimi hallar yenidən aşkarlandığı təqdirdə həmin dönərxasnaları  1500 – 2000 manata kimi cərimələr gözldiyi onların sahiblərinin nəzərinə çatdırılıb.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Lənkəran ərazi idarəsinin baş məsləhətçisi Xalid Ələkbərli APA-nın yerli bürosuna bu kimi monitorinqlərin cənub bölgəsindəki bütün dönərxanalarda aparılmasının nəzərdə tutlulduğunu bildirib.

Qaynar.info