Ekonomiks 20:45 15.04.2018

“Dollar fırtınası” bahalaşma gətirir (ŞƏRH)

Son üç gündə qonşu Rusiya və Türkiyədə dolların bahalaşması müşahidə olundu. Bunun ardınca isə daha bir qonşu ölkədə, Qazaxıstanda dollar bahalaşması baş verdi. Dolların bahalaşmasına əsas səbəb ABŞ-ın bir qrup rusiyalı oliqarxa, məmura və şirkətlərə qarşı tətbiq etdiyi sanksiyaların təsiri oldu ki, məhz bundan sonra Rusiya rublu, ardınca isə qazax təngəsi də dəyər itirməyə başlayıb. Belə ki, aprelin 10-dan başlayaraq qazax milli valyutası dollarla müqayisədə 15 bəndə qədər geriləyib. Həmin gün keçirilən hərraclarda dollar 7.57 təngə bahalaşaraq 327.7 təngəyə çatıb. Ucuzlaşma sonrakı iki gündə də davam edib və hazırda 1 ABŞ dollarını 332 təngəyə dəyişmək mümkündür.

Rusiya valyutası isə geosiyasi risklərin artması səbəbindən nəzərəçarpacaq səviyyədə düşməkdə davam edir. Rusiyada artıq avronun dəyəri artaraq 80 rublu keçib. Dolların kursu isə 64 rublu ötüb. Xatırladaq ki, 2016-cı ildə də Rusiya rublu kəskin dəyər itirmişdi. Belə ki, 1 ABŞ dollarının maksimal qiyməti 63,55 rubl, 1 avro isə 78,43 rubl idi. Oxşar proseslərin Azərbaycanda da baş verməsi ilə bağlı narahatlıqlar var. Ekspertlərin fikrincə, qonşu ölkələrdə dolların bahalaşması Azərbaycana da müəyyən qədər sirayət edəcək. Çünki bu ölkələr Azərbaycanın əsas ticarət tərəfdaşları sayılır. Xüsusən də Rusiya qeyri-neft ixracımızda, xammala əsaslanan ixracımızda əsas rolu tutur. Hər iki ölkədə milli valyutaların ucuzlaşması haqlı olaraq cəmiyyətdə manatın da ucuzlaşması ilə bağlı narahatçılıqları artırıb. Rəsmilər bununla bağlı hər hansı narahatlıqlara gərək olmadığını bildirsələr də ortada 2015-ci il təcrübəsi var. Həmin ərəfədə də rəsmilər ölkədə dolların bahalaşmasının mümkünsüz olduğunu bildirirdilər. Amma vəziyyət əksinə dəyişdi və ard-arda iki dəfə devalvasiya baş verdi.

Maraqlıdır, dolların bahalaşma tendensiyasından Azərbaycan qurtula biləcəkmi?

İqtisadçı-ekspert Fuad İbrahimov "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, hazırda Azərbaycanda bu məsələ ilə bağlı narahatçılığa əsas yoxdur:

"Birincisi ona görə ki, sadaladığımız ölkələrlə yanaşı, Azərbaycan da iqtisadi problemlərlə üzləşir. Azərbaycanın hazırki iqtisadi siyasətində dolların bahalaşması gözlənilmir. Nəzərə almaq lazımdır ki, biz sadalanan ölkələrə nisbətən açıq-aşkar üzən məzənnə siyasətinə riayət etmirik. Daha çox administrativ idarəetmə üslubundan istifadə edirik. İkincisi, bizim iqtisadiyyatın həcmi ilə sadalanan ölkələrin, yəni Rusiya, Türkiyə və Qazaxıstanın iqtisadi həcmini bərabərləşdirmək düzgün olmazdı. Üçüncüsü, ən vacib məqamlardan biri də odur ki, hazırda neft amilindən asılı olduğumuz halda neftin qiyməti stabil olaraq qalıb. Azərbaycanın büdcəsinin həmin neft gəlirlərinə uyğunlaşdırılması hazırki vəziyyətdəki risklərdən bizi qurtarır.

Yəni idxal, ixrac əməliyyatlarından əmələ gələn balansımızda kəskin mənfi vəziyyət yaranmır. Bu da məzənnənin stabil saxlanmasına imkan verir. O demək deyil ki, iqtisadi səviyyədə tarazlığımız bərpa olunub və biz qurtarmışıq. Bu problem yalnız o halda indiki vəziyyətdə yarana bilər ki, neftin qiyməti kəskin şəkildə aşağı ensin və məcburiyyət qarşısında qalıb məzənnəni ucuzlaşması istiqamətində buraxmalı olacağıq. Amma hal-hazırda bunu saxlamağa kifayət qədər imkan var . Düşünürəm ki, ən azı avqust ayına qədər manatın məzənnəsi 1.65- 1.80 dəhlizindən yuxarı getməməlidir. Təbii ki, neftin qiyməti sabit qalmaq şərtililə...”